“Abşeron” yatağının tammiqyaslı işlənməsinə hazırlıq

post-img

“TotalEnergies”, SOCAR və XRG hazırda “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsini öyrənir. Bu barədə “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Opizzi Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası nazirlərin 12-ci iclasında məlumat verib.

O, “Abşeron” layihəsinin “TotalEnergies”, SOCAR və XRG arasında beynəlxalq təcrübəni güclü milli və regional tərəfdaşlarla birləşdirən sıx və uzunmüddətli əməkdaşlıq sayəsində əldə edilə bilən nəticələrin bariz nümunəsi adlandırıb: “Abşeron” yatağı Xəzər dənizində 45–450 metr dərinlikdə yerləşən qaz yatağıdır. Hasilata 2023-cü ilin iyul ayında başlanılıb və istehsal ilk gündən etibarən sabit qalaraq yüksək etibarlılıq və sənaye təhlükəsizliyinin yüksək səviyyəsini nümayiş etdirir ki, bu da gələcək inkişaf üçün möhkəm əsas yaradır”.

Martina Opizzi deyib ki, yatağın tammiqyaslı işlənməsi mərhələsi iki əsas komponenti əhatə edir. Onun sözlərinə görə, birinci komponent üç sualtı quyunun qazılmasını və 114 kilometr uzunluğunda çoxfazalı dəniz boru kəmərlərinin çəkilməsini nəzərdə tutur. “İkinci komponent isə məhsulun həm daxili, həm də beynəlxalq bazarlara tədarükə hazırlanması üçün nəzərdə tutulmuş qazın emalı üzrə quruda yerləşən emal qurğusunun tikintisini əhatə edir. Bu, Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə və onun etibarlı regional qaz təchizatçısı kimi rolunun güclənməsinə töhfə verəcək”, – deyə o əlavə edib.

XQ

İqtisadiyyat