Bu qaz kəməri Avrasiyanın ən böyük infrastruktur layihələrindən biridir
Özünün zəngin karbohidrogen ehtiyatları ilə Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə misilsiz töhfələr verən Cənub Qaz Dəhlizi uzun illər aparılan səmərəli danışıqların, bu sahədə imzalanan sənədlərin nəticəsi olaraq ərsəyə gəlib. Ötən müddətdə bu əvəzolunmaz layihə ölkəmizi mühüm enerji müttəfiqinə və strateji tərəfdaşa çevirib.
Təsadüfi deyil ki, Azərbaycan qazını yeni mənbə kimi səciyyələndirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsini uğur hekayəsi adlandıraraq deyib: “Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı”.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələri Cənub Qaz Dəhlizinin əsas seqmentləri sayılır. Layihənin ümumi dəyəri isə 33 milyard ABŞ dollarıdır.
XXI əsrin nəhəng enerji dəhlizinin açılışı 2018-ci il mayın 29-da Bakıda baş tutub. Azərbaycan qazının Avropaya ixracına isə 2020-ci il dekabrın 31-də başlanıb. 2021-ci ildə “köhnə qitə”yə ixrac 8,1 milyard kubmetr qaz ixrac olunduğu halda, 2025-ci ildə bu həcm 12,2 milyard kubmetr təşkil edib.
Qeyd edək ki, Azərbaycan qazını Avropa qitəsinə çatdıran bu nəhəng ixrac marşrutunun icrasını, işini və genişləndirilməsini koordinasiya etmək məqsədilə 2015-ci ilin fevralında Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradılıb. İlk iclası həmin il fevralın 12-də Bakıda keçirilən şura vaxtdan etibarən layihənin inkişafı, genişləndirilməsi və regional enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi üçün əsas platforma kimi fəaliyyət göstərir.
Ölkəmizin təşəbbüsü ilə yaradılmış nazirlər səviyyəsində Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası beynəlxalq enerji əməkdaşlığı üçün mühüm platforma kimi aktuallığını getdikcə artırır. Martın 3-də Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları da müzakirə olunan məsələlər, ətraflı fikir mübadiləsi baxımından əlamətdar olub.
Mötəbər enerji toplantısının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsi üçün mühüm platforma kimi dəyərləndirərək deyib: “Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq 10 ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə–məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq”.
Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen isə Bakıda keçirilən görüşlər ərəfəsində yerli mətbuata verdiyi açıqlamada deyib ki, Avropa İttifaqı Azərbaycanın sabit və etibarlı tərəfdaşı olaraq qalır və qurum enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirir. “Bu çətin dövrdə Azərbaycan Avropaya tədarüklərin şaxələndirilməsində və Rusiya qazından asılılığın azaldılmasında mühüm rol oynayıb. Avropa İttifaqında artıq Rusiya qazının idxalına tam qadağa tətbiq olunduğunu nəzərə alsaq, bu töhfənin əhəmiyyəti yalnız artacaq”, – deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanın qaz ehtiyatları olduqca zəngindir. Elə özünün enerji təhlükəsizliyini bu zənginlik hesabına təmin etmək istəyən dövlətlərin də sayı kifayət qədərdir. Avropanın dərinliklərinə daha çox qaz nəql etmək üçün isə Cənub Qaz Dəhlizinin gücünü 2 dəfə artırmaq tələb olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Məşvərət şuraları çərçivəsində nazirlərin iclaslarında çıxışı zamanı ölkəmizin Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətində olduğunu diqqətə çatdırıb. Dövlət başçısı deyib: “Artıq Avropanın daha iki ölkəsinə–Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün, şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır”.
Energetika naziri Pərviz Şahbazov da martın 3-də iclaslarla bağlı keçirilən mətbuat konfransında XXI əsrin mühüm qaz ixracı infrastrukuru ilə bağlı fikirlərini bölüşərək Cənub Qaz Dəhlizini uzunmüddətli strateji xarakterli layihə kimi səciyyələndirib. Nazir bu layihəyə yönəldilmiş bütün investisiyaların artıq geri qayıtmaqda olduğunu bildirərək ölkəmizə əhəmiyyətli həcmdə gəlir gətirən Cənub Qaz Dəhlizinin gələcəkdə daha da genişləndirilməsi üçün Avropa İttifaqı ilə müzakirələrin aparıldığını diqqətə çatdırıb.
Yeri gəlmişkən, “Fitch ratings” beynəlxalq reytinq agentliyi korporativ reytinq meyarlarının yenilənməsindən sonra Avropa, Yaxın Şərq və Afrikanın inkişaf etməkdə olan bazarlarında fəaliyyət göstərən 8 infrastruktur şirkətinin reytinqlərini təsdiqləyib. Bununla bağlı qərar agntliyin 9 yanvar 2026-cı il tarixli “Korporativ reytinq meyarları” və “Sənaye naviqatorları – Korporativ reytinq meyarlarına əlavə” sənədlərinin yenilənməsi ilə əlaqədar qəbul edilib.
Dünyanın nəhəng infrastruktur şirkətlərinin siyahısında “Cənub Qaz Dəhlizi” QSC də yer alıb. “Fitch”in məlumatına görə, “Cənub Qaz Dəhlizi” QSC-nin biznes və maliyyə profilinin qiymətləndirilməsi menecment, sektor göstəriciləri, bazar və rəqabət mövqeyi, aktivlərin diversifikasiyası və keyfiyyəti, şirkətin əməliyyat göstəriciləri, rentabellik, maliyyə sektoru və maliyyə çevikliyi kimi mühüm amilləri əhatə edib.
Aqil ƏSƏDOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri
Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması Azərbaycanın enerji siyasətinin mühüm mərhələlərindən birini təşkil edir. Bu, çoxkomponentli sistem Xəzərdə hasil olan təbii qazı Avropaya nəql edən strateji enerji arteriyası kimi qiymətləndirilir. Dəhlizin əsas hissələrindən biri Cənubi Qafqaz Qaz Boru Kəməri Azərbaycan qazını Gürcüstan üzərindən Türkiyə ilə sərhədə qədər daşıyır.
Layihənin daha bir komponenti olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycan qazını Gürcüstan sərhədindən Türkiyə ərazisi boyunca Yunanıstan sərhədinədək nəql edir. Bu kəmər Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, Avropaya qaz ötürülməsi üçün əsas tranzit xətt rolunu oynayır. TANAP-ın ilkin ötürmə gücü 16 milyard kubmetr olub. 2026-cı il fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada Prezident İlham Əliyev gələcəkdə TANAP-ın illik həcminin 31 milyard kubmetrə çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib.
Dəhlizin digər bir komponenti olan Trans-Adriatik boru kəməri (TAP) 2020-ci il dekabrın 31-də istismara verilib və bununla da Azərbaycan qazının birbaşa Avropa bazarına çıxışı təmin edilib. Bu hadisə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan yeni mərhələnin başlanğıcı olub.
Rəsmi statistik göstəricilər enerji sektorunda müşahidə olunan artım dinamikasını aydın şəkildə nümayiş etdirir. 2017-ci ildə ölkədə təbii qaz hasilatı 28,6 milyard kubmetr təşkil etdiyi halda, 2025-ci ildə bu rəqəm 51,5 milyard kubmetrə yüksəlib. Həmin dövrdə qaz ixracı 8,5 milyard kubmetrdən 25,2 milyard kubmetrə qədər yüksəlib. Bu artımın əsas səbəbi Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi, infrastrukturun gücləndirilməsi və uzunmüddətli müqavilələrin imzalanmasıdır.
İxrac edilən qazın 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya ixrac olunub. Azərbaycandan qaz idxal edən 16 ölkədən (Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya) 13-ü Avropa ölkəsidir. Həmin ölkələrdən 10-u isə Avropa İttifaqının üzvüdür.
Statistik rəqəmlərdən aydın olur ki, Azərbaycan son 5 ildə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql etməklə Avropa İttifaqına təbii qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. Artıq Azərbaycan qazı Mərkəzi və Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa bazarına da daxil olmaqdadır. Bu fakt ölkənin Avropanın enerji təhlükəsizliyində sistemli və artan rolunu bir daha təsdiq edir.
2022-ci ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış strateji enerji tərəfdaşlığı sənədi isə əməkdaşlığın yeni mərhələsini müəyyən edib. Həmin razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya illik tədarük həcminin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə mövcud boru kəmərlərinin ötürmə qabiliyyətinin artırılması istiqamətində ardıcıl işlər aparılır.
Mirbağır YAQUBZADƏ
XQ


