IsDB Azərbaycanda kənd təsərrüfatının inkişafına 437 milyon dollar ayırıb

post-img

İslam İnkişaf Bankının (IsDB) İcraçı Direktorlar Şurası Azərbaycanda kənd təsərrüfatı məhsuldarlığının artırılması məqsədilə 436,7 milyon ABŞ dolları vəsaitin ayrılmasını təsdiqləyib.

XQ IsDB-yə istinadən xəbər verir ki, vəsaitlər suvarma suyu itkilərinin əhəmiyyətli dərəcədə azaldılmasına və Azərbaycanın 2030-cu ilə qədər milli prioritetlərinə uyğun olaraq kənd yerlərinin dayanıqlı inkişafının təşviqinə yönəldiləcək.

Layihə həmçinin "yaşıl artım"a, iqlim dayanıqlılığının gücləndirilməsinə və uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.

Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür və bankın kapitalında 0,13 %-lik paya malikdir.

2024-cü ilin sonuna IsDB Qrupunun Azərbaycana ayırdığı maliyyələşmənin ümumi məbləği 1 milyard 298 milyon ABŞ dollarına çatıb və 81 layihəni əhatə edir. Bu vəsaitin böyük hissəsi - 1 milyard 106 milyon ABŞ dolları - 35 təşəbbüs üzrə layihə maliyyələşməsinə yönəldilib. 185,8 milyon ABŞ dolları 20 ticarət maliyyələşməsi əməliyyatına, 4,4 milyon ABŞ dolları 23 texniki yardım layihəsinə, 1,6 milyon ABŞ dolları isə üç xüsusi yardım təşəbbüsünə ayrılıb.

IsDB Qrupu 2026-cı il iyunun 16-dan 19-dək Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını və bir sıra tədbirlər keçirəcək.

İqtisadiyyat