"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 2025-ci il üzrə icrasına dair illik hesabat layihəsinin müzakirəsi məqsədilə "Yaşıl enerji məkanı" İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.
XQ bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iclasa sədrlik edən nazir müavini Samir Vəliyev "Yaşıl enerji məkanı" məqsədinin sosial-iqtisadi inkişaf Strategiyasında mühüm yer tutduğunu və ölkəmizin gələcək inkişaf modelinin əsas sütunlarından biri olduğunu qeyd edib. O, bildirib ki, bu istiqamətdə nəzərdə tutulan tədbirlər Azərbaycanın dayanıqlı, ekoloji cəhətdən təmiz və innovativ enerji sisteminə keçidini təmin etməklə yanaşı, qlobal iqlim məqsədlərinə də töhfə verəcəkdir. Samir Vəliyev ötən il üçün planlaşdırılmış 18 tədbirin icra vəziyyətini diqqətə çatdırıb, ümumilikdə Strategiyanın həyata keçirilməsinin müsbət dinamika ilə müşayiət olunduğunu vurğulayıb.
Sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn 2025-ci il üçün nəzərdə tutulmuş tədbirlər və onların icrasına dair təqdimatla çıxış edib. İclasda hesabata dair rəy və təkliflər dinlənilib, müvafiq qeydlər aparılıb.
"Yaşıl enerji məkanı" İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azərenerji", "Azərişıq", "Azəristiliktəchizat" ASC-lərin nümayəndələri təmsil olunur.

