Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin bu il nəhəng tikinti layihələrinə imza atacağından xəbər verir. Bu baxımdan Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığı, milli şəhərsalma forumları və 2026-cı ildə 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası, ölkənin davamlı urbanizasiya prosesindəki artan rolunu və beynəlxalq əməkdaşlığının uğurunu nümayiş etdirir.
Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının mövzusu “Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar”dır. Forum, şəhərsalma ilə bağlı ən aktual məsələləri müzakirə etmək üçün hökumət nümayəndələri, merlər, alimlər, biznesmenlər, icma rəhbərləri və digər maraqlı tərəfləri bir araya gətirən qlobal platformadır.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi təsadüfi deyil. Əslində, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə çıxışında Bakı və ölkənin region şəhərlərinin yenidən dizayn edilməsi ilə bağlı məsələyə münasibət bildirilmişdir. Mübaliğəsiz deyə bilərik ki, ölkə başçısının bu istiqamətdə çıxışları şəhər sosiologiyası baxımından mühüm məna kəsb edir. Rasional-leqal lider olan Prezident İlham Əliyevin şəhərsalma və memarlıqla bağlı çıxışları şəhər sosiologiyası ilə bağlı tədqiqat işlərinin nəticələri ilə tam adekvat səslənir. Dövlət başçısının xüsusilə şəhərsalmada şəhərin konsentrik zonalara bölünməsi ilə bağlı planları, inklüziv, əlçatan, ekoloji təmiz, smart şəhər texnologiyaları ilə bağlı yanaşması bu baxımdan diqqət cəlb edir.
Hazırda respublikamızda paytaxtdan başlayaraq ölkənin bütün bölgələrinə qədər genişmiqyaslı şəhərsalma layihələri həyata keçirilir. “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın əsas xüsusiyyətlərindən biri çoxmərkəzli inkişaf modelinin tətbiqidir. Bu modelə əsasən, bütün fəaliyyətlərin bir mərkəzdə cəmlənməsi əvəzinə, Bakı şəhəri boyunca bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi formalaşdırılır. Bu model elmi əsaslara malik olub şəhər sosialogiyası istiqamətində ciddi tədqiqatlar aparan Ernest Burgess tərəfindən hazırlanmış konsentrik zonalar modelinə çox yaxındır. Ernest Burgess modeli şəhərin mərkəzdən kənara doğru beş fərqli, konsentrik zonadan ibarət olduğunu iddia edir. Hər zona fərqli sosial və iqtisadi xüsusiyyətlərə malikdir. Məsələn, mərkəzi biznes rayonu şəhərin ticarət və iş mərkəzi kimi, keçid zonası köhnəlmiş yaşayış binaları və sənaye obyektlərinin yerləşdiyi, sosial problemlərin (kriminallıq, yoxsulluq) cəmləşdiyi ərazi kimi, fəhlə evləri zonası sənaye işçilərinin nisbətən yaxşı şəraitdə yaşadığı ərazi, orta sinif yaşayış zonası daha geniş evlər və yaxşı məhəllələri əhatə edən ərazi və nəhayət, komutator zonası (şəhərətrafı) şəhərin mərkəzində işləyənlərin yaşadığı kənar, imkanlı təbəqənin məskunlaşdığı zona kimi xarakterizə olunur.
Azərbaycan digər sahələrdə olduğu kimi, dünyadakı şəhərsalma çağırışları fonunda da ortaq məqsədlər naminə həmrəylik nümayiş etdirir. Bu baxımdan respublikamızın BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) çərçivəsində əməkdaşlığı da böyük önəm daşıyır. Bu əməkdaşlığın nəticəsində Azərbaycanda ilk dəfə olaraq 2022-ci il oktyabrın 5-6-da BMT-nin Məskunlaşma Proqramı ilə birgə Ağdam və Bakı şəhərlərində 44 ölkədən ümumilikdə 400 nəfər iştirakçının qatıldığı 1-ci Milli Şəhərsalma Forumu təşkil edilib. 2023-cü il sentyabrın 29-da isə BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi baş tutub. 2025-ci il oktyabrın 15-də isə Xankəndi şəhərində III Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib və sonra tədbir paytaxt Bakıda davam etdirilib. “BMT nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir.
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), BMT-nin insan məskənləri və davamlı şəhər inkişafı üzrə proqramıdır. Onun əsas məqsədi sosial və ekoloji cəhətdən dayanıqlı şəhərlər, qəsəbələr yaratmaq, urbanizasiya problemlərini həll etmək və üzv ölkələrə bu sahədə dəstək verməkdir. UN-Habitat bütün dünyada daha yaxşı şəhər yaşayışı üçün səyləri koordinasiya edən BMT-nin mərkəzi agentliyidir. Şəhər planlaması, yaşayış və infrastruktur sahəsində siyasətlər hazırlamaq işində ölkələrə texniki dəstək və təcrübə mübadiləsi təşkil etmək, məskunlaşma forumları keçirərək qlobal dialoqu təşviq etmək onun əsas fəaliyyət sahələrindəndir. Azərbaycan ilk dəfə olaraq 2025-2029-cu illər üçün UN-Habitat İcraiyyə Şurasına üzv seçilib.
Məlumdur ki, şəhər sosiologiyası şəhəri bir icma növü kimi araşdırır, şəhər həyatının xüsusiyyətlərini (istirahət, kütləvi mədəniyyət, ünsiyyət), şəhərin kiçik qruplarını və sosial qurumlarını, sosial-demoqrafik və irqi problemləri araşdırır. Şəhər sosiologiyasına töhfə verən görkəmli sosioloqlardan biri Maks Veberdir. Maks Veberin şəhər sosiologiyasına dair baxışları əsasən onun ölümündən sonra, 1921-ci ildə nəşr olunan “Şəhər” (Die Stadt) əsərində cəmlənmişdir. O, şəhəri sadəcə coğrafi və ya demoqrafik bir vahid kimi deyil, kompleks bir sosial struktur və "ideal tip" kimi təhlil etmişdir. Veber şəhəri müəyyən xüsusiyyətlərin məcmusu kimi təsvir edir. Onun fikrincə, "tam bir şəhər" (xüsusilə Qərb tipli şəhər) beş əsas elementə malik olmalıdır: Müdafiə üçün qala (fortifikasiya); İqtisadi mübadilə üçün bazar; Xüsusi (şəhərli) qanunlara malik məhkəmə; Müvafiq assosiasiya forması (vətəndaşlıq birliyi); Ən azı özünüidarəetmə. Veber şəhəri istehlak və istehsal mərkəzi kimi fərqləndirir. O, “istehlakçı şəhərlər” (dövlət məmurlarının və torpaq sahiblərinin yaşadığı) və “istehsalçı şəhərlər” (sənaye və ticarətin üstünlük təşkil etdiyi) arasında fərq qoyurdu. Veberə görə, həqiqi mənada “şəhər icması” yalnız Orta əsr Avropasında formalaşmışdır. Şərq şəhərlərindən fərqli olaraq, Qərb şəhərlərində insanlar qəbilə və ya kast qohumluğundan qoparaq vahid bir “vətəndaş” statusu ətrafında birləşmişdilər. Veberin məşhur “Şəhər havası insanı azad edir” (Stadtluft macht frei) prinsipi onun sosiologiyasında mühüm yer tutur. Şəhər feodal asılılığından qurtulmaq və rasional hüquqi sistemin qurulması üçün bir məkandır. Veberin bu yanaşması müasir şəhər sosiologiyasının, xüsusən də “Çikaqo məktəbi”nin formalaşmasına böyük təsir göstərmişdir.
Veber bütövlükdə şəhəri qonşularının cəmiyyətinə xas olan bir-biri ilə şəxsi tanışlığından məhrum olduğu qədər böyük olan bir-birinə bitişik evlərdən ibarət bir kənd kimi xarakterizə edir. Veberdən əlavə, böyük şəhərlərin cəmiyyətdəki rolunu alman sosioloqları Karl Büxher və Georq Zimmel da öyrənmişlər.
Şəhər sosiologiyasının əsl çiçəklənməsi Çikaqo Məktəbinin alimlərinin (Robert Park, Ernst Bercess və Luis Virt) tədqiqatlarında oldu. Çikaqo sosioloqlarının konsepsiyasında şəhər kortəbii inkişaf edən orqanizm kimi şərh olunurdu; şəhər əhalisinin məruz qaldığı biotik proseslərin təsiri altında o, spesifik sosial-iqtisadi quruluş kəsb edirdi. 30-cu illərin sonlarında L. Virt şəhərin sosioloji tədqiqinin yeni metodunu təklif edərək şəhər həyat tərzi anlayışını önə çəkmişdir. Çikaqo Məktəbi urbanizmin sosial problemlərini (cinayətkarlıq, yoxsulluq, segregasiya) tədqiq etmiş, ekoloji yanaşma, simvolik interaksionizm və keyfiyyət (etnoqrafik) metodları tətbiq etmişdir. Robert E. Park və Ernest Berges kimi alimlər şəhərin ayrı-ayrı zonalarını (ekoloji struktur) analiz edərək urbanizmin insan davranışına təsirini öyrənmişdir.
Şəhər sosiologiyası şəhərsalma məsələlərinə bir sıra yanaşma modeli ilə izah verir. Bunlardan biri ekoloji şəhər nəzəriyyəsidir. Bu nəzəriyyə Şəhəri müxtəlif zonalar (mərkəz, keçid zonası, işçi zonası, müstəqil yaşayış zonaları) üzrə tədqiq edir (Berges və McKay). Digər bir model sosial dezorqanizasiya adlanır ki, bu da şəhərləşmənin, sosial dəyişikliklərin sosial normaları zəiflətməsi və nəticədə cinayətkarlığın artmasına səbəb olmasını qeyd edir. Şəhər həyatının fərdlərin bir-biri ilə və mühitlə interaksiyası yolu ilə necə formalaşdırıldığını öyrənən digər yanaşma simvolik interaksionizm adlanır.
Robert Parkın təmsil olunduğu şəhər ekologiyası şəhəri müxtəlif sosial qrupların bir-biri ilə rəqabət apardığı təbii bir ekosistem kimi görürdü. Əsas konsepsiyaları ekoloji bölgüləşmə konsepsiyası idi ki, bu da şəhərin fərqli “zonalar”a (mərkəz, keçid, işçi, residential) ayrılmasını nəzərdə tuturdu. Burada qeyd olunurdu ki, şəhərin sürətli dəyişiklikləri sosial normaların pozulmasına (dezorqanizasiya) və fərdlərdə anomiya yaratmasına səbəb olur. Şəhər həyatının fərdin psixologiyasına təsiri, urbanizasiyanın yaratdığı psixoloji stres və yeni şəxsiyyət formaları (məsələn, biganə, kosmopolit insan) təhlil edilirdi. Böyük sosial strukturlardan daha çox, fərdlərin gündəlik qarşılıqlı təsirlərinə, mənalarına və sosiallaşma proseslərinə diqqət yetirirdi. Şəhər həyatını anlamaq üçün şahidlər ifadələri, müsahibələr, şəxsi sənədlər və etnoqrafik müşahidələr kimi keyfiyyət təhlili metodlarından geniş istifadə olunurdu. Çikaqo şəhəri bu tədqiqatlar üçün laboratoriya rolunu oynayırdı. Əhalinin miqrasiyası, məhəllələrin yaranması, cinayətkarlıq, gettolar və sosial problemlər araşdırılırdı.
Çikaqo Məktəbinin insan ekologiyası yanaşması şəhər mühitindəki qarşılıqlı əlaqələri təbii həyatdakı (biologiyadakı) rəqabət, uyğunlaşma, işğal və ardıcıllıq kimi proseslərə bənzədir. Şəhər fərdlər və qruplar arasında daimi bir rəqabət meydanı olaraq görülür. Şəhər ekologiyasının əsasını qoyanlardan biri Robert E. Park şəhərin sosial-psixoloji həyatını və irqi münasibətləri araşdırırdı. “Şəhər” (The City) adlı kitab (Park, Burgess və McKenzie, 1925) bu məktəbin əsas əsərlərindən biridir. Ümumilikdə, Çikaqo Məktəbi şəhəri tədqiq etməyə elmi və ekoloji bir yanaşma gətirmiş, fərd-cəmiyyət-mühit qarşılıqlı əlaqələrini modern şəhər kontekstində öyrənmişdir.
Manuel Kastells kimi sosioloqlar urban sosiologiyasının dar çərçivəsini (yalnız böyük şəhərlərə fokuslanmaq) tənqid edərək, bütün məskunlaşma formalarını (qəsəbələr, kəndlər) əhatə edən daha geniş “məskunlaşma sosiologiyası” təklif etmişdir. Şəhərlər böyüdükcə və əhalinin əksəriyyəti şəhər və şəhərətrafı ərazilərdə yaşadıqca, bu sahə sosial siyasətlər, məkan planlaşdırılması və cəmiyyətin inkişafı üçün vacib bir istiqamətə çevrilmişdir.
Şəhər sosiologiyasının öncüllərindən biri Georq Zimmel olub, böyük şəhərlərin insan psixologiyasına və sosial münasibətlərə təsirini, xüsusən də metropolisdəki təəssübkeşlik və pul münasibətlərinin rolunu təsvir etmiş, şəhəri fərdlərin fərdi həyatının zənginləşdirilməsi ilə yanaşı, eyni zamanda, yadlaşma və qəriblik mənbəyi kimi də qələmə vermişdir. O, bunu “Metropolis və Mental Həyat” əsərində izah etmişdir. Zimmel'in bu fundamental məqaləsi böyük şəhərin əhalinin düşüncə tərzinə təsirini tədqiq edir. Şəhər həyatı sensor informasiyanın həddindən artıq yüklənməsinə səbəb olur. Bu informasiya yükünə cavab olaraq, şəhər sakinləri özlərini qorumaq üçün hisslərini söndürür, laqeyd və təəssüfkeş olurlar. Bu, onların fərdiyyətini qorumağa kömək edir. Zimmel pulu universal vasitəçi kimi görür. Pulun dominantlığı şəxsi münasibətləri əvəz edərək, hər şeyi mübadilə obyektinə çevirir, bu da şəhər cəmiyyətindəki münasibətlərin soyuqlaşmasına səbəb olur. Şəhər, fərdlərə özlərini ifadə etmək üçün daha çox imkanlar yaratsa da, eyni zamanda onların kollektivin içində itməsinə və yadlaşmasına səbəb olur. Zimmel şəhəri həm fərdiyyətin inkişafı, həm də sosial təcridin mənbəyi kimi ikili bir yer kimi görür; metropolis insanları sosial baxımdan azad etdiyi qədər, onları daha da təcrid edir.
Louis Virth şəhər sosiologiyasının əsas simalarından biri olaraq “Böyük Şəhər və Şəxsiyyət” əsərində şəhəri böyük ölçüsü, sıx məskunlaşması, müxtəlifliyi ilə xarakterizə edir, bu da insanlararası münasibətlərdə instrumental, impersonal xarakterə, ayrı-seçkiliyə, fərdiyyətçiliyə gətirib çıxarır, şəhər həyatını stressli, qəribə hiss etdirir. Virt, Çikaqo Məktəbinin nümayəndəsi idi, onlar şəhəri sosial proseslərin tədqiq edildiyi “sosial laboratoriya” kimi gördülər. Virthə görə, şəhər dedikdə yalnız demoqrafik sıxlıq deyil, eyni zamanda, insanların bir-birini şəxsən tanımadığı böyük və müxtəlif bir əhali nəzərdə tutulur. O, şəhərin böyüklüyü, sıxlığı və müxtəlifliyinin insan psixologiyasına və sosial münasibətlərə təsirini araşdırıb. Virt hesab edirdi ki, bu amillər şəhər sakinlərində soyuqluq, təbəqələşmə, superficial münasibətlər yaradır, bu da şəhər həyatını qeyri-insani edir. Virt, şəhəri yalnız bir yer deyil, həm də insanların davranışlarını formalaşdıran bir sosial sistem olaraq təhlil edirdi.
Bu gün şəhərsalma işində əsas meyarlardan biri inklusivlikdir. Ən ümumi əsasa görə inklusiv şəhərlər fiziki imkanlarından, yaşından, gəlir səviyyəsindən, etnik mənsubiyyətindən və ya digər xüsusiyyətlərindən asılı olmayaraq, hər bir sakinin bərabər hüquqlara, xidmətlərə və imkanlara çıxışını təmin edən yaşayış məskənləridir.
Dünya Bankı və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən müəyyən edilən inklüziv şəhərin üç əsas sütunu var: Məkan inklusivliyi: Hər kəs üçün əlçatan mənzil, təmiz su, sanitariya və enerji kimi əsas infrastrukturun təmin edilməsi. Sosial inklüzivlik: İrqi, dini və ya fiziki fərqliliyindən asılı olmayaraq hər kəsin şəhər idarəçiliyində iştirakı və sosial qorunması. İqtisadi inklusivlik: Bütün sakinlərin iş imkanlarına çıxışının olması və şəhərin iqtisadi artımından pay alması.
İnklüziv şəhərin əsas xüsusiyyətləri əlçatan infrastruktur yəni əlil arabası istifadəçiləri, görmə məhdudiyyətli şəxslər və yaşlılar üçün maneəsiz səkilər, panduslar və liftlər. Universal dizayn ictimai nəqliyyatın və binaların hər kəs tərəfindən rahat istifadə edilə biləcək şəkildə layihələndirilməsi. Əlçatan mənzil bazarı şəhər mərkəzlərində yalnız zənginlərin deyil, aşağı gəlirli təbəqənin də yaşaya biləcəyi sosial evlərin olması. Bu baxımdan Bakı şəhəri örnəyində biz sosial evlər nümunəsində bunu qeyd edə bilərik.
Yaşıl zonalar və parklar: Hər bir məhəllədə pulsuz və təhlükəsiz istirahət sahələrinin mövcudluğu. Hazırda inklüziv şəhər konsepsiyası “Ağıllı Şəhər” texnologiyaları ilə birləşir. Məsələn, görmə məhdudiyyətli şəxslər üçün səsli bələdçi tətbiqləri və ya yaşlıların həyatını asanlaşdıran rəqəmsal xidmətlər bu sahədə prioritetdir. Azərbaycanda bu istiqamətdə addımlar atılsa da sistemli, tam əhatəli bir reallığa hələ nail ola bilməmişik. Hərçənd, işğaldan azad edilmiş ərazilərdə (məsələn, Ağdam və Füzuli) salınan “Ağıllı şəhər” və kəndlərdə inklusivlik və əlçatanlıq standartları əsas götürülür.
(ardı var)
Üzeyir ŞƏFİYEV,
sosioloq





