“Astana” Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun hazırladığı iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri haqqında analitik hesabatda bildirilir ki, Orta Dəhliz son 4 il ərzində yük axınında 5 dəfədən çox artım nümayiş etdirərək, Avrasiya ticarəti üçün əsas quru körpüsü olmaq potensialını təsdiqləyib.
Sənəddə daha sonra qeyd olunur ki, Qazaxıstan – Azərbaycan əməkdaşlığında nəqliyyat və logistika mühüm rol oynayır və iki ölkənin Çini Avropa ilə birləşdirən Orta Dəhliz boyunca strateji mövqeyinə əsaslanır. Orta Dəhliz uzun illərdir ki, fəaliyyət göstərsə də, yalnız onun əhəmiyyəti Çin və Avropa arasında quru marşrutlarının şaxələndirilməsinə kömək edən mövcud geosiyasi vəziyyətdə daha çox müşahidə olunur.
Hesabata əsasən, bu marşrut Qazaxıstan və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Orta Dəhliz Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən strateji əhəmiyyətli multimodal marşrutdur və həm Avropa İttifaqının “Global Gateway” strategiyasının həyata keçirilməsində, həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün optimallaşdırılmasında aparıcı rol oynayır. Son illər ərzində marşrutla yüklərin çatdırılma müddətinin 38-53 gündən 19-23 günə qədər azalması da məz bunun bariz ifadəsidir. Qeyd edək ki, hazırda hədəf bu göstəricini 15 günə endirməkdir.
Sənəddə qeyd edilir ki, Rusiyadan keçən Şimal Dəhlizi ilə müqayisədə Orta Dəhliz bir sıra üstünlüklərə malikdir. Belə ki, geosiyasi gərginlik və sanksiyalar şəraitində Şimal marşrutu ilə tranzit gecikmə və gücləndirilmiş nəzarət risklərinə məruz qalır. Bundan başqa, bir tranzit dövlətdən asılılıq təchizat zəncirlərinin sabitliyinə təhlükə yaradır. Bununla müqayisədə Orta Dəhliz geosiyasi qeyri-sabitliklə bağlı riskləri azaldan daha çox şaxələndirilmiş və dayanıqlı marşrutu gerçəkləşdirir.
Orta Dəhliz daşıma həcmlərində nəzərəçarpan artım nümayiş etdirir ki, bu da müasir İpək Yolu çərçivəsində onun artan strateji əhəmiyyətini vurğulayır. 2021-ci ildə dəhlizlə daşımaların həcminin, təxminən, 840 min ton təşkil etməsi, 2024-cü ildə isə 435 faiz artımla 4,5 milyon tona çatması da məhz bu fikrin rəsmi təsdiqidir.
Məlumatda vurğulanır ki, marşrutun inkişafında iştirak edən tərəflər 2030-cu ilə qədər daşımaların illik ümumi həcmini 10 milyon tona çatdırmağı hədəfləyib. Bunun üçün infrastruktura investisiya qoyuluşu, gömrük prosedurlarının uzlaşdırılması və Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında logistikanın koordinasiyası qarşıya mühüm vəzifə kimi qoyulub. Cəmi dörd il ərzində Orta Dəhliz yük axınında 5 dəfədən çox artım nümayiş etdirərək, qlobal təchizat zəncirlərinin yenidən qurulması və geosiyasi dəyişikliklər fonunda Avrasiya ticarəti üçün əsas quru körpüsü olmaq potensialını təsdiqləyib.
Hesabatın müəllifləri hesab edirlər ki, Orta Dəhliz təkcə nəqliyyat marşrutu deyil, həm də iqtisadi və infrastruktur marşrutu kimi də nəzərdən keçirilməlidir. Bu dəhliz Qazaxıstan və Azərbaycan, region ölkələri arasında ticarətin inkişafına və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi əlaqələrin güclənməsinə töhfə verir.
Sənəddə qeyd olunur ki, Dünya Bankının proqnozlarına görə, 2030-cu ildə Orta Dəhlizlə daşımaların həcmi ildə 11 milyon tona çatacaq. Mövcud geosiyasi dəyişikliklər şəraitində bu göstərici yenidən nəzərdən keçirilə bilər ki, bu da marşrutun strateji əhəmiyyətini daha da artıracaq.