Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Bakı Gəmiqayırma Zavoduna yerləşdirdiyi sifariş əsasında inşa edilən növbəti Ro-Pax tipli gəmi-bərə üzrə işlər cədvələ uyğun şəkildə davam etdirilir.
Gəmiçilikdən aldığımız məlumata görə, hazırda gəminin inşası üzrə ümumi işlərin 64 faizi tamamlanıb. Gövdə hissəsinin hazırlanması üzrə 98 faiz, mühəndislik işləri üzrə 99 faiz, satınalma və təchizat mərhələsi üzrə işlər isə 91 faiz yerinə yetirilib. Baş mühərriklər, yanğınsöndürmə və şirin su sistemləri, eləcə də yük liftinə aid avadanlıqlar, nasoslar və elektrik panelləri artıq gəmi üzərinə quraşdırılıb.
Tikinti prosesi çərçivəsində 33 blok və sub-blok üzrə boyama və birləşdirmə işləri başa çatdırılıb. Eyni zamanda, əsas gövdə üzrə blokların yığılması prosesi tam şəkildə tamamlanıb. Yeni “Ro-Pax” tipli gəmi-bərənin 2026-cı ilin birinci rübündə təhvil verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, gəmi-bərənin maksimal sürəti 14 uzel, uzunluğu 154,5, eni 17,7, bortunun hündürlüyü isə 7,5 metr təşkil edəcək. Yeni gəmi eyni vaxtda 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR qəbul etmək imkanına malik olacaq.