Azərbaycanda sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, bu barədə Sumqayıt Kimya Sənaye Parkına səfər edən Türkiyənin bir sıra media qurumlarının nümayəndələrinə məlumat verilib. Jurnalistlərin diqqətinə çatdırılıb ki, ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun 5,2 milyard manatlıq hissəsi ixrac edilib.
Media qurumlarının nümayəndələrinə Azərbaycanın iqtisadi potensialı, əlverişli işgüzar mühiti, sənaye zonaları, burada investorlar üçün yaradılan imkanlar, həyata keçirilən layihələr barədə də ətraflı məlumat verilib. Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının kimya, neft-kimya, maşınqayırma, tikinti materialları, metallurgiya və s. istiqamətlər üzrə fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Ərazisi 613 hektar olan sənaye parkında rəqabətqabiliyyətli məhsulların istehsalının və emalının həyata keçirildiyi, burada sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə əlverişli investisiya mühiti yaradıldığı, sahibkarların dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edildikləri, bundan başqa, rezidentlərin qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunduqları diqqətə çatdırılıb.
Parkda ümumi investisiyalarının həcmi, təqribən, 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 26-sı artıq fəaliyyət göstərir. İndiyədək parkın rezidentləri tərəfindən, ümumilikdə, 14 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da, təqribən, 5 milyard manatlıq hissəsi ixracın payına düşür.
Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ilin birinci rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib.
Media mənsubları Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, o cümlədən, “Kartaş Kimya” və “Sika” MMC-lərin istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar. Türkiyəli media təmsilçilərinin sənaye zonaları ilə bağlı sualları cavablandırılıb.