Qeyri-neft sektorundan daxilolmalar çoxalıb

post-img

Dövlət Vergi Xidmətindən (DVX) aldığımız məlumata əsasən, dövriyyələrin şəffaflaşdırılması istiqamətində görülən tədbirlər, gəlirlərin bəyanetmə səviyyəsinin yüksəlməsi, könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, eləcə də vergi inzibatçılığında islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında nəzərə çarpan artım templəri həm tədiyə növləri üzrə, həm də qeyri-neft sektorunda vergi daxilolmalarının artımına əlverişli şərait yaradır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında DVX xəttilə dövlət büdcəsinə 4 milyard 381 milyon manata yaxın vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 98,9 milyon manat və ya 2,3 faiz çoxalıb.

DVX-dən verilən məlumata görə, hesabat dövründə qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 226 milyon manatı keçib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 312 milyon manat və ya 10,7 faiz çox təşkil edib. Ödənilən vergilərin 73,7 faizi qeyrineft-qaz sektorunun, 26,3 faizi isə neft-qaz sektorunun payına düşüb.

İqtisadiyyatda şəffaflaşma proseslərinin davamlı olmasını təsdiqləyən göstəricilərdən biri də ƏDV-yə cəlb olunan dövriyyələrdə, qeyri-neft sektorunun dövriyyələrində artım templərinin, habelə elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrin artım dinamikasının sürətlənməsi və bunun ümumi dövriyyədə xüsusi çəkisinin yüksəlməsidir.

Son illər ərzində reallaşdırılan islahatların nəticəsi kimi qeydə alınan davamlı artım iqtisadiyyatımızın dayanıqlığına, mürəkkəb iqtisadi şəraitdə dinamik göstəricilərin sabitliyinə və kənar təsirlərə qarşı davamlığına imkan verir. İqtisadi artım şəffaf biznes fəaliyyətinin təmin olunduğu şəraitdə formalaşır. Belə bir tendensiyanın davamlığı büdcə daxilolmalarının mütəmadi artması deməkdir. Bu isə cəmiyyətin rifahının, yüksək səviyyəli sosial xidmətlərin və firavan gələcəyin təminatıdır.

Vergi sisteminin indiki inkişaf dinamikasına heç də asanlıqla nail olunmayıb. Belə ki, təqribən, ötən 30 illik bir müddətdə vergi siyasəti iqtisadiyyatın indiki tələblərinə uyğun olaraq daim təkmilləşdirilib, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə qanunvericilikdə bir sıra əsaslı dəyişikliklər edilib. Bütün bunlarla bərabər, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə metodları təkmilləşdirilib, şəffaflaşma prosesləri genişləndirilib, dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsası qoyulub.

İqtisadiyyat