Ötən ilin ən çox vergi ödəyən şirkətləri

post-img

100 iri istehsalçının siyahısına “Azneft” başçılıq edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumatda 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adı açıqlanıb. Məlumatda ən böyük vergi ödəyicisinin Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi olduğu və onun 1 milyard 495,1 milyon manat vergi ödədiyi vurğulanıb.

Ən çox vergi ödəyən şirkətlərin siyahısında ikinci yerdə “Tabaterra” MMC (689,3 milyon manat), üçüncü pillədə isə “bp Eksploreyşn” (Azərbaycan) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (664,3 milyon manat) qərarlaşıb. Siyahıda yer alan digər iri vergi ödəyiciləri –“Lukoyl Oversiz Şah Dəniz Ltd.” Şirkətinin Bakıdakı Nümayəndəliyi (524,6 milyon manat) və Türkiyə Respublikasının “Turkish Petroleum Overseas Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyidir (422,7 milyon manat) yer alıb.

2024-cü ildə ölkədə ən çox vergi ödəyən 100 şirkət sırasında “Azərbaycan İnvestisiya Şirkəti”nin (AİŞ) qərarlaşması bu qurumun ölkə iqtisadiyyatında və sosial sektorda mühüm rol oynadığını, eləcə də strateji əhəmiyyətə malik olduğunu göstərir. Qeyd edək ki, əsası 2006-cı ildə qoyulan AİŞ üçün 2020–2024-cü illər iqtisadiyyatın əsas sektorlarının transformasiyasına və dayanıqlı inkişafa xidmət edən layihələrin həyata keçirilməsinə yönəlmiş fəal fəaliyyət dövrü olub. Qurumun son 5 ildə vəsaitlərin yatırıldığı layihələrin ümumi dəyəri 1,7 milyard manata yüksəlib. Bu məbləğin 292 milyon manatı bilavasitə AİŞ tərəfindən təsdiqlənən investisiya vəsait olub. Bundan başqa şirkət 476 milyon manat məbləğində birbaşa xarici investisiya cəlb etməyi reallaşdırıb.

Burada cəlb edilən vəsaitlərin nisbətini xüsusilə qeyd etmək yerinə düşər: AİŞ-in yatırdığı hər 1 manata görə, beynəlxalq və yerli investorlardan, həmçinin maliyyə institutlarından 6,5 manat cəlb olunub. Birbaşa xarici investisiyalar çərçivəsində isə bu nisbət AİŞ-in yatırdığı hər 1 manata 1,62 manat təşkil edib. Bu multiplikator effekti şirkətin investisiya tərəfdaşı kimi yüksək səmərəliliyini nümayiş etdirir.

Cəlb edilən investisiyalar 23 layihənin həyata keçirilməsinə, o cümlədən 19 yeni istehsal müəssisəsinin tikintisinə yönəldilib. Bu təşəbbüslər ölkənin istehsal imkanlarını gücləndirməklə yanaşı, növbəti bir neçə il ərzində 2300-ə yaxın iş yerinin yaradılmasına imkan verəcək.

AİŞ rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə də ixrac və idxalın əvəzlənməsinə yönəlmiş layihələrdə iştirak edir. Hazırda şirkətin fəaliyyəti sayəsində qida və əczaçılıq sənayesi sahəsində, eləcə də tikinti materialları və geyim sektorlarında strateji məhsulların fəal istehsalı həyata keçirilir ki, bu da iqtisadiyyatın, biznesin və əhalinin həyati əhəmiyyət daşıyan məhsullarla təmin edilməsinin mühüm göstəricisidir.

 

İqtisadiyyat