№ 32 Bakı şəhəri, 20 fevral 2025-ci il
“Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 avqust tarixli 171 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 avqust tarixli 171 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693 (Cild I); 2024, № 1, maddələr 110, 111, № 3, maddə 359, № 5 (II kitab), maddələr 597, 606, № 9, maddə 1067) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 56-cı hissəsinə “dövlət qoruqlarının” sözlərindən sonra “, habelə turizm və rekreasiya zonalarının” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 58 (Cild I); 2024, № 4, maddə 440, № 9, maddə 1096) ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 2.2-ci və 3.2-ci bəndlərində “və tabeliyindəki dövlət qoruqlarının ərazisinə” sözləri “, tabeliyindəki dövlət qoruqlarının ərazilərinə və turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzlərinə” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1328 (Cild I); 2024, № 3, maddə 356) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi”nin 3.0.20-ci yarımbəndində “qoruqların ərazilərindəki turizm və rekreasiya zonalarını,” sözləri “qoruqların ərazilərindəki turizm və rekreasiya zonalarının təşkil edilməsində iştirak etmək,” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri