Bir tankerimiz də beynəlxalq yükdaşımalara qoşulub

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti  aparılan bazar araşdırmalarının nəticəsində “Capital Maritime and Trading Corp” gəmiçilik şirkətinin istismarında olan məhdudiyyətsiz üzmə imkanlarına malik “Aframax” tipli növbəti tankerini donanmasına daxil edib. Tankerin təhvil-təslimi ilə bağlı AXDG və “Capital Maritime and Trading Corp” şirkətinin nümayəndələri arasında müvafiq sənədlər imzalanıb.

Gəmiçilikdən verilən məlumata görə, yeni tankerin yükgötürmə qabiliyyəti (dedveyti) 115 min 500 ton, uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü isə 21,2 metrdir. Sürəti 16 uzelə çatan gəmi neft və neft məhsullarının təhlükəsiz və səmərəli daşınmasını təmin etmək üçün ən son standartlara uyğun tikilib. Ekoloji baxımdan beynəlxalq tələblərə cavab verən tanker yanacaq sərfiyyatında qənaətcildir və yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilib.

Qeyd edək ki, 100 faiz AXDG-yə məxsus “Aframax” tipli tankerin alınması layihəsi qurumun mənfəəti, daxili bazarda buraxdığı istiqrazlardan əldə olunmuş vəsait və yerli banklardan cəlb edilmiş kredit hesabına maliyyələşdirilib. Gəmi müqavilə əsasında 3 illik müddətə Braziliyanın milli neft-qaz şirkəti olan “Petrobras”a taym-çarterə verilib. Beləliklə, onun həmin dövrdə istismarı təmin edilib. Təhvil-təslimdən sonra tanker ilk yükünü Braziliyadan Sinqapur və Malayziyaya çatdırıb. Yaxın günlərdə isə onun Malayziyadan Səudiyyə Ərəbistanına doğru növbəti səfəri planlaşdırılır.

2023-cü ildən indiyədək beynəlxalq sularda 5-i “Aframax” tipli tanker, 2-si “Handysize” tipli quru yük gəmisi olmaqla, ümumilikdə, 7 iritutumlu gəmi istifadəyə verilib. “Aframax” tipli tankerlərdən 4-ü AXDG və ARDNŞ tərəfindən yaradılan birgə müəssisə tərəfindən alınıb. “Xəzərdənkənar hövzələrdə fəaliyyətin genişləndirilməsi və bununla da, yerli gəmiçilik xidmətlərinin ixracı ilə ölkəyə kənardan daxilolmalara töhfə verilməsi AXDG-nin əsas hədəflərindən biridir və bu istiqamətdə fəaliyyət növbəti dövrlərdə də davam etdiriləcək”, – deyə məlumatda bildirilib.

Vaqif BAYRAMOV,
 Mirbağır YAQUBZADƏ 
XQ

 

 

İqtisadiyyat