Azərbaycanın neft hasilatı kvotası dəyişməyəcək

post-img

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 38-ci iclasında iştirak edib. Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda “OPEC plus” ölkələri neft bazarındakı cari vəziyyəti müzakirə edərək 2026-cı ilin sonunadək hasilat göstəricilərini 39,7 milyon barel həcmində müəyyən ediblər. Bu razılaşmanı Azərbaycan da dəstəkləyib. Ölkəmizin gündəlik 551 min barel həcmində olan mövcud xam neft hasilatı kvotası isə bu dövrdə sabit saxlanılacaq.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın 2023-cü ilin aprel və noyabr aylarında elan edilmiş könüllü öhdəliklərinin də davam etdirilməsi razılaşdırılıb. Beləliklə, 8 ölkə tərəfindən 2023-cü ilin aprel ayında elan edilmiş gündəlik 1,65 milyon barel əlavə könüllü öhdəliklər 2026-cı ilin dekabr və 2023-cü ilin noyabr aylarında elan edilmiş gündəlik 2,2 milyon barel əlavə könüllü ixtisarlar isə 2025-ci ilin martın sonuna qədər qüvvədə qalacaq. Bu ölkələrin 2,2 milyon brrellik ixtisarları 2026-cı ilin sentyabrın sonuna qədər aylıq olaraq mərhələli şəkildə ləğv ediləcək.

İclasda iştirakçı ölkələrin hasilatının üç müstəqil mənbə tərəfindən qiymətləndirilməsi müddətinin 2026-cı ilin noyabr ayının əvvəlinə qədər, eləcə də kompensasiyalar üzrə son tarixin həmin ilin iyun ayının sonunadək uzadılması barədə də razılıq əldə edilib.

Energetika naziri Pərviz Şahbazov “OPEC plus” formatında tənzimləmə mexanizminin qlobal neft bazarında sabitliyin qorunub saxlanmasında mühüm rolundan, xüsusilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun sədrliyi ilə bu əməkdaşlığın töhfələrindən bəhs edib. Bu təşəbbüsə “Əməkdaşlıq Bəyannaməsi”nin digər ölkələri də qoşulub və bu məqam iclasın yekun sənədində də əks olunub.

İclasda Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu görüşünün vaxtı da müəyyənləşdirilib. Nazirlərin ümumi razılığına əsasən, həmin görüş 2025-ci il mayın 25-nə təyin edilib.

Yeri gəlmişkən, energetika naziri Pərviz Şahbazov “OPEC plus” ölkələri nazirlərinin iclasından dərhal sonra “X” sosial şəbəkə hesabında paylaşım edib. 2026-cı ilin sonunadək 39,7 milyon barel həcmində gündəlik xam neft hasil edilməsi ilə bağlı razılaşmanın əldə olunduğunu xatırladan nazir bildirib: “Bu müddətdə Azərbaycanın hasilat kvotası dəyişməz qalacaq. Lakin 8 ölkə 2023-cü ilin aprel ayında elan edilmiş gündəlik 1,65 milyon barel əlavə könüllü öhdəliklərini 2026-cı ilin dekabr və 2023-cü ilin noyabrında elan edilmiş gündəlik 2,2 milyon barel əlavə könüllü ixtisarlarını isə 2025-ci ilin martın sonuna qədər davam etdirəcəklər. Bu ölkələrin 2,2 milyon barelik ixtisarları 2026-cı ilin sentyabrın sonuna qədər aylıq olaraq mərhələli şəkildə ləğv ediləcək”.

Nazir paylaşımında “OPEC plus”un bu razılaşmalarının qlobal neft bazarının dayanıqlığının təmin edilməsi və neft sənayesinin davamlı inkişafına dəstək verilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Dekabrın 5-də “OPEC plus” çərçivəsində keçirilən nazirlərin görüşündə çox maraqlı, həm də zamanında yerinə düşən bir qərar verildi. Hər şeydən əvvəl, qeyd etmək istəyirəm ki, bu görüşdə əvvəllər hasilatın azaldılması ilə bağlı verilmiş qərarın ləğv ediləcəyi və dünya iqtisadiyyatının indiki inkişaf tempinə uyğun olaraq hasilatın artırılması ilə bağlı yeni qərarın qəbulu gözlənilirdi. Çünki faktiki olaraq 2016-cı ildən etibarən “OPEC plus” çərçivəsində daim hasilatın artırılmasının qarşısında sədlər çəkilir. Bunun da nəticəsində neft istehsalçıları bazarda özləri üçün məqbul sayılan qiymətləri əldə edirlər.

Hazırda dünyada baş verən hadisələr, o cümlədən okeanın o tayından gələn sədalar və ABŞ-də hakimiyyətin dəyişməsi ilə bazara daha çox neft həcmlərinin tədarük edilməsi təhlükəsi nəzərə alınaraq 2025-ci il aprelin 1-dək bunun daha yumşaq formada tənzimlənməsi ilə bağlı qərar qəbul olundu. “OPEC plus” ölkələri, o cümlədən Azərbaycan hələ bununla da kifayətlənməyərək 2006-cı il oktyabrın 1-nə qədər prosesin, yəni hasilatın tədricən artırılması məsələsinin gündəmdə saxlanması ilə bağlı ümumi razılığa gəldilər.

Nəticə etibarilə bu, neft bazarında öz təsirini göstərir. Belə ki, noyabr ayının 8-dən birjalarda “Brent” markalı neft 71-73 dollar aralığında ticarət edilir. Qeyd etmək istəyirəm ki, neft qiymətləri indiyədək heç vaxt, təqribən, bir ay müddətində belə kiçik bir diapazonda sabitləşməmişdi. Adətən, 5 dollar bahalaşma və ya əksinə, 6 dollaradək ucuzlaşma baş verirdi. Artıq bazar buna öyrəşib. Bu baxımdan da “OPEC plus” çərçivəsində verilən qərar bu gün birjalarda özünü hansısa bir həyəcanlı formada özünü göstərməlidir. Amma yenə də qeyd etdiyimiz müddətdə “Brent” markalı neft 72,12 dollara ticarət edilir. Bu isə bazarlarda qiymət sabitliyini bir daha təsdiq edir.



İqtisadiyyat