Bunun yarısından çoxu “Şahdəniz”in payına düşür
Energetika Nazirliyinin yaydığı məlumata əsasən, cari ilin yanvar–oktyabr aylarında ölkədə 41,5 milyard kubmetr təbii qaz hasil edilib. “Mavi yanacağ”ın 10,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 22,9 milyard kubmetri “Şahdəniz”, 1,3 milyard kubmetri “Abşeron”, 6,4 milyard kubmetri Dövlət Neft Şirkəti üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatı 1,4 milyard kubmetr artımla reallaşıb.
Qeyd edilib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu il noyabrın 1-dək 646,6 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 459,2 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 598,7 milyon ton neft, 227,3 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 47,9 milyon tona yaxın kondensat, 231,9 milyard kubmetr qaz çıxarılıb. Bu dövrdə həmin yataqlardan 644,7 milyon ton neft və 165,8 milyard kubmetr qaz ixraca yönəldilib.
Hesabat dövründə neft (qaz kondensatı ilə birlikdə) hasilatı isə 24,1 milyon ton təşkil edib. Neft hasilatının 13,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (7,3 faiz az), 3,5 milyon tonu (qaz kondensatı) “Şahdəniz”in (2,8 faiz az), 0,5 milyon tonu (qaz kondensatı) “Abşeron” yatağının(1,5 dəfə çox) payına düşüb. Dövlət Neft Şirkəti üzrə neft (qaz kondensatı ilə birlikdə) hasilatı 6,2 milyon ton (4,4 faiz az) təşkil edib.
Bu dövrdə 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixraca yönəldilib. Bunun 17,4 milyon tonu konsorsiumların, 2,5 milyon tonu isə Dövlət Neft Şirkətinin payına düşüb. Neftin emalı isə cari ilin yanvar–oktyabr aylarında 5,5 milyon tona çatıb. Xatırladaq ki, 2024-cü ilin oktyabr ayında gündəlik neft (qaz kondensatı ilə birlikdə) hasilatı 79,947 min ton olub. Bunun 65,462 min tonunu xam neft, 14,485 min tonunu qaz kondensatı təşkil edib.
Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanın Avropaya qaz satışını 8,6 faiz artırdığı da vurğulanıb. Qeyd edilib ki, cari ilin yanvar-oktyabr aylarında ölkədən xaricə qaz satışı 20,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur. Qeyd olunan dövrdə Avropaya 10,6 milyard kubmetr, Türkiyəyə 8,2 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.
Bununla da il ərzində Avropaya qaz satışı 8,6 faiz və ya 800 milyon kubmetr, Türkiyəyə isə 1,3 faiz və ya 100 milyon kubmetr daha çox qaz satışı həyata keçirilib. Gürcüstana qaz satışı dəyişməz olaraq qalıb.