Xəzərdən Avropaya “mavi” axın

post-img

5 ildə 73,3 milyard kubmetr qaz nəql olunub

Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) Avropa ilə birləşən hissəsinin istismara verilməsinin 5 ili tamam oldu. Energetika Nazirliyi ötən müddətdə TANAP vasitəsilə nəql olunmuş qazın həcmi ilə bağlı açıqlama yayıb. Bu barədə məlumat nazirliyin “X” hesabındakı paylaşımında yer alıb.

“Bu gün Trans-Anadolu Qaz Boru Kəmərinin Avropa ilə birləşən hissəsinin açılışından 5 il ötür. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan TANAP “Şahdəniz” qaz kondensat yatağından hasil edilən qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır. TANAP Türkiyə – Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə – Yunanıstan sərhədində isə TAP kəmərinə birləşir. TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilməsi üçün 2024-cü ilin 25 noyabr tarixinədək, ümumilikdə, təqribən 73,3 milyard kubmetr qaz ötürülüb”, – deyə paylaşımda qeyd olunub.

Yeri gəlmişkən, TANAP layihəsi Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də imzalanmış Anlaşma Memorandumu ilə həyata vəsiqə alıb. Layihə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində, eləcə də Xəzər dənizinin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə, buradan da Avropaya nəqlini nəzərdə tutur. Cənubi Qafqaz Boru Kəməri və Trans-Adriatik Boru Kəməri ilə birlikdə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP bu nəhəng enerji dəhlizinin mərkəzi, həm də əsas hissəsi sayılır.

Uzunluğuna və diametrinə görə Yaxın Şərqdə inşa edilmiş ən böyük magistral qaz ixracı infrastrukturu olan TANAP Gürcüstan – Türkiyə sərhədindən başlayaraq Cənubi Qafqaz Boru Kəməri sisteminə inteqrə edilərək Türkiyə ərazisindən keçməklə bu ölkənin Yunanıstan sərhədində başa çatır. Buradan isə təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşdirilir.

Türkiyənin şərqindən qərbinə qədər uzanan 1793 kilometrlik boru kəmərinin diametri 56 və 48, dənizdə isə 36 düymdür. Boru kəmərinin dəniz səviyyəsindən olan maksimum hündürlüyü 2700 metr təşkil edir. TANAP boru kəmərinin illik maksimum ötürücülük qabiliyyəti 30,7 milyard kubmetrə hesablanıb və layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16,2 milyard kubmetr qaz təşkil edir. Kəmər boyunca 8 kompressor stansiyası inşa olunub.

Xatırladaq ki, TANAP boru kəmərinin ilk hissəsi 2018-ci il iyunun 30-da istismara verilib. Kəmərin tam istifadəyə verilməsi mərasimi isə 2019-cu il noyabrın 30-da Yunanıstanla sərhəddə yerləşən İpsala bölgəsində keçirilib.

 

İqtisadiyyat