Sumqayıt elektrik avtobusları buraxacaq

post-img

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Bakıda Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədə əsasən, layihə çərçivəsində Azərbaycanda elektrik avtobusların istehsalı müəssisəsinin yardılması nəzərdə tutulub. Bütün bu işlərin 2030-cu ilə qədər mərhələli şəkildə icrası planlaşdırılıb.

Sumqayıt Kimya Sənaye Parkında qeyd edilən layihənin gerçəkləşdirilməsinə, təqribən, 17 milyon ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulub. BYD şirkəti daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 500 ədəd olmasını, 600 yeni iş yerinin yaradılmasını planlaşdırıb.

Qeyd edək ki, 1995-ci ildə yaradılmış BYD 2023-cü ildə 3 milyon elektrik avtomobilinin rekord satışını həyata keçirib və avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpaolunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiqini reallaşdıran dünyamiqyaslı aparıcı texnologiya şirkəti kimi tanınıb.

Bu şirkətlə bağlanmış müqavilə əsasında COP29 konfransı çərçivəsində pilot olaraq ölkəmizə 160 ədəd elektrik mühərrikli “BYD” markalı avtobus gətirilib və marşrut xəttinə çıxarılıb.

İqtisadiyyat