Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinin məlumatına əsasən, Azərbaycan şirkətlərinin 2021– 2023-cü illərdə 3-cü ölkələrdən beynəlxalq yük daşımalarının sayı 3 dəfə çoxalıb. Belə ki, əgər 2021-ci ildə ölkənin bu sahədə fəaliyyət göstərən qurumları 3-cü ölkələrdən 13 min 979 daşıma həyata keçiriblərsə, keçən il bu göstərici 42 min 627 olub və 340 milyon manatdan çox gəlir əldə edilib.
Belə yüksək göstərici isə Azərbaycanın müxtəlif ölkələrlə apardığı danışıqlar nəticəsində xüsusi məhdud icazələrin kvota sayının artırılması, daşıyıcıların və onların sürücülərinin təlimlərə cəlb edilərək peşəkarlıq səriştələrinin artırılması, bunun nəticəsində xarici dövlətlərdəki yük göndərənlərin milli daşıyıcılara etimadının yüksəlməsi ilə gerçəkləşib. Qeyd edək ki, təkcə son 3 ildə 10 min 700 nəfər beynəlxalq yükdaşıma fəaliyyəti göstərən sürücüyə və 377 nəfər məsul şəxsə peşəkarlıqla bağlı təlim keçirilib.
Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, 2021-ci ildə xarici daşıyıcılar Azərbaycandan keçməklə 99 min 672 dəfə, yerli daşıyıcılar isə 9643 dəfə olmaqla yük daşıyıblar. Beləliklə, cəmi 109 min 315 tranzit daşıma həyata keçirilib. 2023-cü ildə isə belə əməliyyat müvafiq olaraq 297 min 685 və 36 min 454 dəfə reallaşdırılıb. Nəticədə, ümumilikdə, 334 min 139 tranzit tranzit daşıma gerçəkləşdirilib. Rəqəmlərdən göründüyü kimi, son üç ildə avtomobil nəqliyyatı ilə tranzit daşımalarda 3 dəfə artım olub.
Nəqliyyat sektorunda, o cümlədən avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində həyata keçirilən işlər bütün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın nəqliyyat dəhlizlərinin kəsişdiyi mərkəz qismində vacib rolunu və ölkəmizin tranzit potensialını daha da artırıb. Ötən ilin noyabrında Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” isə bu prosesə xüsusi təkan verib.
Ümumiyyətlə, Azərbaycanda beynəlxalq yükdaşımalar sahəsində son 3 ildə aparılan əsaslı islahatların nəticəsində ölkəmizin xarici ticarət əlaqələri daha da genişlənib, rəqabət mühiti yaxşılaşıb, daşıyıcıların fəaliyyəti sayəsində ölkəmizə valyuta axını artıb.
Nəqliyyat sektorunda, o cümlədən avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində əldə edilən uğurlardan bəhs edərkən, bir neçə məqamı xatırlatmaq istərdik. Əvvəlcə bu məsələdə mühüm önəm daşıyan “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”na diqqət yetirək. Burada ölkəmizdə nəqliyyat və logistika sahələrinin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialından tam istifadənin gerçəkləşdirilməsi ilə bağlı tədbirlər öz ifadəsini tapıb,
Bütün bunlar Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı, eləcə də 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”, habelə 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022−2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qarşıya mühüm vəzifə kimi qoyulub.
Yeri gəlmişkən, son dövrlər regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda yaranmış problemlər Azərbaycan ərazisindən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində kəskin artıma səbəb olub. Belə ki, 2021-ci illə müqayisədə 2022-ci ildə respublika ərazisindən keçən tranzit yükdaşımaların (dəmir yolu, dəniz və avtomobil) ümumi həcmi 75 faiz artaraq 10,7 milyon tona yüksəlib. Artan tələbatın qarşılanması, Azərbaycanın tranzit potensialının daha da gücləndirilməsi, eləcə də ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün qısa və orta müddətli perspektivdə həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sənədin hazırlanmasına ehtiyac yaranıb.
Qeyd olunan məsələlərin gerçəkləşdirilməsi məqsədi daşıyan “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” nəqliyyat sahəsində, xüsusilə transit yükdaşımalarında qlobal trendləri nəzərə almaqla mövcud vəziyyətin təhlilini və ölkəmizin tranzit potensialının daha da artırılmasının hədəf göstəricilərini, prioritet istiqamətləri, eləcə də tədbirlər planını özündə ifadə edir.
Beynəlxalq iqtisadi əməkdaşlığın və ticarətin əsas aparıcı elementlərindən biri olan nəqliyyat və logistika əməliyyatları, xüsusilə, son illərdə yeni istiqamətdə inkişaf edir. Qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi, yüksək texnologiyaların geniş tətbiqi ilə xarakterizə olunan müasir beynəlxalq ticarət sistemləri, bütövlükdə, milli iqtisadiyyatın, eləcə də ayrı-ayrı sahələrin qarşısında müəyyən vəzifələr qoyur və bu vəzifələrin uğurlu icrasını inkişaf etmiş nəqliyyat şəbəkəsinin mövcudluğu şərtləndirir.
Dünyanın ən böyük məsləhətçi şirkətlərinin bu sahədə apardığı araşdırmaya görə, dünya ticarəti 2031-ci ilə qədər illik 2,3 faiz artımla böyüməyə davam edəcək. Milli iqtisadiyyat dəyişən geosiyasi və iqtisadi dinamikaya, o cümlədən inflyasiyaya və yaxın müddətdə potensial tənəzzülə uyğunlaşdıqca, yeni qlobal reallıqlar yaradacaq. Belə ki, ABŞ və Çin arasında ticarətin 2031-ci ilə kimi 63 milyard ABŞ dolları azalacağına baxmayaraq, Avropa İttifaqı və Çin arasında ticarət həcmləri qlobal göstəricidən daha yavaş sürətlə olsa da artacaq. Bu tendensiyalar Cənub−Şərqi Asiya Ölkələri Assosiasiyası, Hindistan və Meksika ilə ticarətin böyüməsinə təkan verəcək.
Ümumiyyətlə, hazırda ticarət qlobal ÜDM-in artım tempindən daha sürətlə inkişaf edir. Bu da beynəlxalq ticarətin gələcək inkişafına istiqamət vermək səlahiyyətinin dövlətlərdən tədricən istehsal prosesinin daha səmərəli təşkilində maraqlı olan transmilli şirkətlərə keçdiyini göstərir. Hər bir dövlət isə, öz növbəsində, milli maraqların müdafiəsi ilə yanaşı, xarici ticarət iştirakçılarının artan gözləntilərini və müasir çağırışlarını diqqət mərkəzində saxlayır.
Beynəlxalq nəqliyyat sistemləri ticarətin ayrılmaz parçası olmaqla bu proseslərin təsiri ilə yeni keyfiyyət əldə edir. Son illərdə qlobal təchizat zəncirində fasiləsizliyin təmin edilməsi, ölkələr arasında ticarətin asanlaşdırılması, malların daşınması zamanı nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, risk qiymətləndirilməsi əsasında fiziki yoxlamaların minimuma endirilməsi, eləcə də aidiyyəti dövlət orqanları (qurumları) arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə əməliyyatların optimallaşdırılması tranzit potensialının inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
Dinamik dəyişən dünyanın tələb və gözləntiləri ilə uzlaşmaq üçün bir sıra logistik trendləri, o cümlədən regional qovşaqlar, çevik təchizat zənciri, özəl sərmayələrin dövlət infrastrukturunda iştirakı, eləcə də şəffaf və izləniləsi mümkün olan tranzit dövriyyəsinin yaradılması kimi trendləri diqqət mərkəzində saxlamaq zəruridir. Bu məqsədlə tranzit daşımaların müasir, avtomatlaşdırılmış və məlumat əsaslı prosesə transformasiyası üçün yüksək texnologiyalardan istifadənin geniş yayılacağı gözlənilir.
Qlobal tədarük zəncirində Azərbaycanın mövqeyinin gücləndirilməsi və regional qovşağa çevrilməsi perspektivinin reallaşdırılması istiqamətində hədəflərə nail olmaq üçün güclü infrastrukturun yaradılması, innovativ logistik həlləri təmin edən zonaların inkişaf etdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılması xüsusi önəm daşıyır.