Xəzər regionunda beynəlxalq reytinq qazanan ilk enerji qurumu
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ətraf mühit, sosial və idarəetmə ilə bağlı aparıcı beynəlxalq reytinq agentliyi olan MSCI şirkəti tərəfindən 2024-cü il üzrə BBB ilkin reytinqini əldə edib.
Bu barədə socar.az saytı məlumat yayıb. Bildirilib ki, ESG üzrə ilkin BBB reytinqi SOCAR-ın karbon emissiyalarının və tullantıların azaldılması, ictimaiyyətlə əlaqələr, biomüxtəliflik, sağlamlıq və təhlükəsizlik, idarəetmə və şəffaflıq sahələrində əldə etdiyi nailiyyətlərin təsdiqidir. SOCAR Xəzər regionunda sözügedən reytinqi əldə edən ilk enerji şirkəti olmaqla bu göstərici üzrə əksər milli neft şirkətləri ilə müqayisədə daha üstün yer tutub.
Məlumatda, həmçinin qeyd olunub ki, ətraf mühit, sosial siyasət və idarəetmə çərçivəsinin təkmilləşdirilməsini və həyata keçirilməsini əhatə edən intensiv proseslərin nəticəsi olan bu reytinq SOCAR-ın davamlı və dayanıqlı inkişaf strategiyasının, o cümlədən ətraf mühit, sosial siyasət və idarəetmə məsələlərində planlarının uğurla həyata keçirilməsinə təkan verəcək.
Son zamanlar həyata keçirilən layihələrin maliyyələşdirilməsi məqsədilə SOCAR-ın kredit reytinqlərində də müsbət dəyişiklik baş verib. Belə ki, “Fitch” reytinq agentliyi tərəfindən uzunmüddətli kredit reytinq dərəcəsi “BB+/pozitiv” səviyyəsindən cari ildə investisiya səviyyəsi olan “BBB-/sabit” səviyyəsinə yüksəldilib, “Moody’s” reytinq agentliyi “Ba1/sabit” reytinq dərəcəsindən “Ba1/pozitiv” reytinq dərəcəsinə artırılıb , “Standard and Poor’s” reytinq agentliyi isə SOCAR-ın “BB-/sabit” reytinqini təsdiq edib.
Xatırladaq ki, MSCI ilkin ESG reytinqi və əlaqədar tədqiqat kompensasiya müqabilində “MSCI ESG Research” tərəfindən hazırlanıb. Bu, kredit reytinqi və ya kapital tədqiqat hesabatı deyil, heç bir zəmanət və ya dəqiqlik, keyfiyyət, tamlıq və ya faydalılıq zəmanəti olmadan məlumat məqsədləri üçün təqdim edilir. Sənəd yalnız ilk buraxılış tarixinə qədər qüvvədədir, dəyişdirilə və geri götürülə bilər, investisiya təşviqi və ya hər hansı qiymətli kağızları almaq və ya satmaq üçün təklif və ya tövsiyə xarakteri daşımır. Bununla yanaşı, sənəd tamamilə və ya qismən “MSCI ESG Research”ə şirkət tərəfindən və ya onun adından təqdim edilmiş məlumatlara əsaslanır. “MSCI ESG Research”in yazılı icazəsi olmadan həmin məlumatların surəti çıxarıla və yayıla bilməz.