Pambıqçılıqda bioloji mübarizə

post-img

Bitki mühafizəsinin “yaşıl” üsulu

Salyan rayonunda Dövlət Sort Sınaq Məntəqəsinin pambıq sahəsində zərərli orqanizmlərə qarşı tətbiq olunan bioloji mübarizənin nəticələrinə dair tarla seminarı keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, “Azərpambıq” MMC-nin, MKT şirkətinin mütəxəssisləri və bölgə fermerləri iştirak ediblər.

Bioloji mübarizənin əhəmiyyəti barədə məlumat verən Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Taleh Zeynalov bildirib ki, son dövrlər bitkiləri zərərvericilərdən və xəstəliklərdən qorumaq üçün, əsasən, kimyəvi mübarizə üsulundan istifadə olunur. Bu üsulun bitkilər, faydalı həşəratlar, quşlar və heyvanlar, həm də ətraf mühit və insan sağlamlığı üçün zərərsiz olmadığını vurğulayan direktorun sözlərinə görə, zərərvericilərə qarşı mübarizədə ekoloji təhlükəsiz və iqtisadi cəhətdən səmərəli hesab edilən bioloji üsuldan istifadə bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Qeyd olunub ki, 2024-cü ilin ötən dövründə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin entomofaqların istehsalı sahəsi tərəfindən Salyan rayonunda Dövlət Sort Sınaq Məntəqəsinin 15 hektar pambıq sahəsində trixoqramma ilə pambıq sovkasının yumurtasına qarşı üç dəfə bioloji mübarizə aparılıb. Bioloji mübarizə tətbiq olunan sahələrdən 35-40 sentner məhsul istehsalının proqnozlaşdırılıdığını diqqətə çatdıran T.Zeynalovun sözlərinə görə, mərkəz tərəfindən ölkənin pambıqçılıq rayonlarında zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasına qarşı mübarizə tədbirləri həyata keçirilib: “Cari ildə pambıq istehsalı ilə məşğul olan şirkətlərin müraciəti əsasında pambıq sovkasının yumurtalarına qarşı, ümumilikdə, 29 min 558 hektar sahədə bioloji mübarizə tətbiq olunub ki, bu da ötən illə müqayisədə 9 min hektar çoxdur. Həmçinin 45 hektar yonca sahəsində tətbiq olunan bioloji mübarizə müsbət nəticəsini verib. Fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb”.

Sonda Dövlət Sort Sınaq Məntəqəsinin trixoqramma tətbiq olunan pambıq sahələrinə baxış keçirilib, fermerləri maraqlandıran suallar cavablandırılıb.

 

İqtisadiyyat