Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
Demokratiyanın təməl prinsipi xalqı hakimiyyətin mənbəyi kimi qəbul etməkdir. Demokratik ölkələrdə cəmiyyət üzvlərinin dövlət orqanlarına seçmək və seçilmək hüququ, dövlət işlərinin həllində iştirak etmək səlahiyyəti təmin edilir. Söz, ifadə, mətbuat, vicdan azadlığı tanınır. Vətəndaşların hüquq bərabərliyi qorunur, şəxsiyyət azadlığına, insan haqlarına hörmət göstərilir.
İnsan haqları və azadlıqlar haqqında müasir düşüncələr Qərbdə elmi-nəzəri konsepsiya halına salındığı üçün, onlar həm də “Avropa dəyərləri” kimi tanınır. Paradoksdur ki, demokratiyanın, insan haqlarının elmi-nəzəri konsepsiyasını formalaşdıran Avropa bu gün həmin prinsiplərin pozucusu rolunda çıxış edir. İndi “Avropa dəyərləri” deyəndə “insan haqları”ndan daha çox, Avropanın siyasi maraqları önə çəkilir. Uzun illər ərzində şübhə ilə, ehtimalla gündəmə gətirilən bu ideya Gürcüstanda keçirilən son parlament seçkiləri fonunda real fakt kimi ortaya çıxır.
Gürcü xalqı oktyabrın 26-da parlament seçkiləri keçirəcək yeni hökuməti, qanunverici orqanı formalaşdırıb. Amma Qərb bu nəticələri tanımaq istəmir. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel son parlament seçkiləri barədə ikibaşlı bəyanatlar verməklə, müxalifətin aksiyalarını stimullaşdırır. Qərbdən gələn himayədarlığın nəticəsidir ki, Gürcüstan parlamentinə seçkilərdə iştirak edib bəlli miqdarda səs toplayan dörd müxalifət partiyası seçkinin nəticələrini tanımaqdan imtina edir. Qərbyönlü QHT-lər seçkilərin saxtalaşdırıldığını iddia edirlər.
Şarl Mişel öz bəyanatında Gürcüstana yönəlik tələblərini gizlətməyib. O, seçkinin nəticəsini dəyərləndirərkən, Gürcüstan rəhbərliyinə işarə verib ki, Avropa Şurası ilə iyun ayında keçirilmiş görüşün yekunlarına uyğun olaraq, Avropa kursuna sadiqliyini təsdiqləyən bəyanat versin. Yəni, əgər seçkilərin qalibi olmuş komanda Qərb kursuna sadiqliyini bəyan edən açıqlama yayacaqsa, onun legitimliyi tanınacaq. Əksinə hərəkət edərsə, seçkilərin nəticələri tanınmayacaq legitimliyi qəbul olunmayacaq. Beləliklə, 26 oktyabr seçkisində xalqın iradəsinin nə dərəcədə təmin edilməsi Qərb üçün maraqlı deyil. Əsas olan budur ki, Gürcüstana rəhbərlik edəcək siyasi komanda Qərbin tələblərinə boyun əydiyini elan etsin. Bu amil Avropa institutlarının demokratiya anlayışına, yəni, xalqın seçmək və seçilmək hüququna müasir yanaşmasının ən bariz nümunəsidir.
Qərb institutları 26 oktyabr seçkilərinə Gürcüstan hakimiyyətindən və xalqından daha artıq təşvişlə yanaşıblar. Ötən bir il ərzində bütün imkanlarını səfərbər edərək, öz himayələrində olan qüvvələrin bu seçkilərdə qələbə çalmasını təmin etmək üçün çalışıblar. “İnsan haqları müdafiəçisi” olan təşkilatları hərəkətə gətirərək, qonşu ölkə hakimiyyətini ən müxtəlif mövzular üzrə tənqid ediblər. “Amnesty İnternational”, “Freedon House”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” təşkilatlarının əli ilə təzyiq göstərib, “Gürcü Arzusu”nu Qərbpərəst addımlar atmağa sövq ediblər.
Avropa institutları qondarma mövzular üzrə Gürcüstana qarşı təkcə bəyanatlar verməklə kifayətlənməyiblər. ABŞ və Avropa İttifaqı Gürcüstana sanksiyalar tətbiq ediblər. ABŞ rəsmi Tbilisiyə yardım məqsədilə 2024-cü il üzrə nəzərdə tutulmuş 95 milyon dollarlıq paketi ləğv edib. Avropa İttifaqı isə 2024-cü ildə Gürcüstan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondundan ayırdığı vəsaiti dondurub. Əlavə olaraq, Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarını təxirə salıb. Gürcüstan vətəndaşlarını Avropaya getmək üçün istifadə etdikləri “sadələşdirilmiş viza” rejimindən məhrum edəcəyi ilə hədələyib. Bütün bu təzyiqlərdən istifadə edərək, Gürcüstan hakimiyyətini “Qərbpərəst siyasət” yeritməyə məcbur etmək istəyib. Əhalini isə parlament seçkilərində “Qərbpərəst qüvvələrə” səs verməyə istiqamətləndirib.
Son bir il müddətində Gürcüstana qarşı sərgilənən münasibət onu sübut edir ki, “demokratiya”, “insan haqları”, “hüquq müdafiəçilyi”, “söz və ifadə azadlığı” anlayışları Qərbdə özünün klassik mənasını itirib. Adıçəkilən məfhumlar ABŞ və Qərbi Avropa dövlətlərinin əlində soyuq savaş alətinə çevrilib. Bu gün “Amnesty İnternational”, “Freedon House” , “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar”ın Gürcüstana qarşı münasibəti ABŞ Dövlət Departamentinin, Avropa İttifaqı Şurasının siyasi qərarları ilə üst-üstə düşür. Gürcüstan nümunəsi təsdiq edir ki, bu təşkilatlar Qərb siyasi çevrələrinin qərarlarının icraçısına çevriliblər. Tezis alıb, sifariş icra edirlər. Qərbin cızdığı xətdən kənara çıxan, ABŞ-nin siyasi ambisiyalarına boyun əyməyən dövlətləri hədəfə gətirib, ictimai qınaq obyektinə çevirirlər. ABŞ-nin, Avropa İttifaqı Şurasının hədəf dövlətlərə qarşı sanksiyalar tətbiq etmələri üçün zəmin hazırlayırlar.
Qərb dövlətlərinin “insan haqları”, “demokratiya” məsələsində şikəst davranışları təkcə “xarici siyasət kursunda” deyil, daxili münasibətlərdə də tətbiq edilir. Amma təbliğatı elə qurublar ki, öz problemləri kölgədə qalır, başqasının “qüsurları” önə çıxır. Məsələn, oktyabr və noyabr ayları artıq 7 ildir ki, Fransada baş vermiş “sarı jiletlilər hərəkatı”nın qan içində boğulması təqvimi kimi qeyd olunur. Vergilərin süni şəkildə yüksəldilməsi, qiymət artımı, sosial rifahın pisləşməsinə etiraz əlaməti olaraq 2018-ci ilin oktyabr-noyabr aylarında küçələrə çıxan 100 minlərlə Fransa vətəndaşının səsi qan içində boğuldu. Minə yaxın aksiya iştirakçısı fiziki xəsarət aldı, yüzlərlə şəxs həbs edildi, cərimələndi. Ən dəhşətlisi odur ki, Makron hakimiyyəti həmin aksiyalardan reportaj hazırlayan jurnalistlərin də səsini batırdı. Beynəlxalq jurnalist təşkilatları çoxsaylı jurnalistin fiziki xəsarət aldığını, hədələndiyini, fəaliyyətinin polis tərəfindən məhdudlaşdırıldığını qeydə aldılar. Aksiyalar haqqında real informasiyaların yayılmasına imkan verilmədiyini vurğuladılar. 10 nəfər jurnalistin polis tərəfindən basqılara məruz qalması barədə sənədləri toplayıb məhkəmələrə müraciət etdilər.
Bəs nəticə nə oldu? Makron komandası media üzrə basqıları pərdələmək üçün yeni qanun qəbul etdirdi. Polisin hərəkətlərinə don geyindirmək üçün, “Qlobal təhlükəsizlik haqqında qanun”u müzakirəyə çıxardı. Həmin qanun “aksiyalar zamanı polisin davranışlarını çəkib yayan jurnalistlərin cərimələnməsini” legitimləşdirir. Həmin ildə müzakirəyə çıxarılan digər qanun isə “İnformasiya manipulyasiyasına qarşı mübarizə haqqında 1202 saylı akt” adlanır. 2018-ci ilin dekabr ayında qəbul edilən bu qanun da ciddi etrazlara səbəb olub. Analitik mərkəzlər iddia edirdilər ki, “İnformasiyanın manipulyasiyasına qarşı mübarizə qanunu” Fransada mətbuata qarşı senzuraya yol açır.
Ən qəribəsi budur ki, həmin qanunların müzakirəyə çıxarıldığı 2018-ci ildə “Sərhədsiz Reportyorlar” təşkilatı Fransa hökumətini mükafatlandırıb. “Media azadlığı indeksi”ndə Fransanın adını 6 pillə önə çəkib. 2017-ci ildə Fransanın adı “media azadlığı indeksi”ndə 39-cu yerdə idisə, 2018-ci ildə 33-cü pilləyə irəli çəkilib. Bu gün isə 21-ci yerdədir.
“Sərhədsiz Reportyorlar” təşkilatı bu cür paradoksal addımı ona görə atır ki, təşkilatın mərkəzi ofisi Parisdə yerləşir. Maliyyə baxımından Fransa və ABŞ donor institutlarından asılı durumdadır.
Avropa dövlətlərinin “demokratiyanın müdafiəçisi” imici bu cür saxta yollarla formalaşdırılır, inkişaf etdirilir. Gerçək durum isə fərqlidir.