Azərbaycan–Özbəkistan: Strateji tərəfdaşlıq müttəfiqliyə yüksəlib

post-img

20 əsas istiqamət üzrə əməkdaşlıq proqramı hazırlanır

Dünya birliyinin nüfuzlu üzvünə çevrilən Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası getdikcə dərinləşir, inkişaf etmiş ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığı genişlənir. Respublikamızda həyata keçirilən qlobal enerji layihələri, eləcə də ölkəmizin beynəlxalq nəqliyyat qovşaqlarının mərkəzinə çevrilməsi bu prosesi daha da sürətləndirir.

Son illər iqtisadi sahədə əldə olunan yüksək göstəricilər, enerji layihələrinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri üçün etibarlı tərəfdaşa çevirib. Bunun nəticəsidir ki, artıq Cənubi Qafqaz regionunun ən sabit və davamlı inkişaf edən bir dövləti kimi tanınan Azərbaycanla hərtərəfli əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirməyə xüsusi maraq göstərən ölkələrin sırası genişlənib.

Əlverişli geosiyasi mövqeyi ilə fərqlənən Azərbaycan Respublikasının bu gün beynəlxalq enerji və nəqliyyat infrastrukturu layihələrinin mərkəzinə çevrilməsi ölkəmizə marağı artırır. Respublikamızın postsovet məkanına daxil olan dost ölkələrlə də əlaqələrinin səviyyəsi yüksələn xətlə inkişaf edir. Bu baxımdan, Azərbaycanın Özbəkistanla mövcud əməkdaşlıq əlaqələri diqqəti daha çox çəkir. Respublikamızla adı çəkilən ölkə arasında mədəniyyət və humanitar sahələrlə yanaşı, ticarət və iqtisadi əməkdaşlıq istiqamətində də ildən-ilə irəliləyişlər nəzərə çarpır.

Hər iki ölkə mühüm strateji tərəfdaş və müttəfiqdir. Azərbaycanı Özbəkistanla ortaq tarixi köklər, çoxəsrlik dostluq birləşdirir, bir dinə və oxşar mədəniyyətə, ənənələrə malikdir. Bütün bunlar hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmindir.

Çoxtərəfli münasibətlərin əsasında ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat və böyük imkanları özündə daşıyan kənd təsərrüfatı, eləcə də bir sıra önəmli sahələr dayanır. Çoxtərəfli platformalarda qarşılıqlı dəstək göstərmək, parlamentlər, hökumətlər, sahələr, nazirliklər səviyyəsində və ən başlıcası həm də regionlararası fəal təmasları davam etdirməklə münasibətlərin inkişafı davamlı xarakter daşıyır.

Qarşılıqlı fəaliyyətin genişlənməsində ticarət əməliyyatları önəmli rol oynayır. Buna görə də əmtəə dövriyyəsi həcmlərinin artırılması daim diqqətdə saxlanılır və bu sahə ilə bağlı göstəricini 2 dəfə artırmaq qarşıda mühüm vəzifə kimi durur. Bunun üçün bütün əsaslar var, ilk növbədə, müvafiq sahədə zəmin rolu oynayan iqtisadi nəticələrdir. Belə ki, 2022-ci ildə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi, təxminən, 300 milyon ABŞ dolları olub. Azərbaycanın Özbəkistana ixracatı 2022-ci ildə, təxminən, 200 milyon ABŞ dolları təşkil edib, dost ölkənin ixracatı isə 100 milyon ABŞ dolları səviyyəsində qeydə alınıb. Əsas ixracat məhsulları arasında neft məhsulları, kimyəvi maddələr və kənd təsərrüfatı məhsulları xüsusi yer tutub.

Ötən il isə ticarət dövriyyəsi, təxminən, 350 milyon ABŞ dollarını keçib. Bu da iki ölkə arasındakı ticarət əlaqələrinin dinamik genişləndiyini göstərir. Bu dövrdə Azərbaycanın Özbəkistana ixracatı 220 milyon ABŞ dolları civarında, Özbəkistanın Azərbaycana ixracatı isə 130 milyon ABŞ dolları səviyyəsində olub. İxracat məhsulları arasında enerji resursları, qiymətli metal və kənd təsərrüfatı məhsulları əsas yer alıb.

2025-ci ilin “Özbəkistan–Azərbaycan iqtisadi kooperasiyası ili” elan edilməsi və bununla yanaşı, adıçəkilən sahəni sürətlə inkişaf etdirmək məqsədi daşıyan 20 əsas istiqamət üzrə proqram hazırlanmasının nəzərdə tutulması bu yolda ciddi uğurlar əldə edilməsini şərtləndirir.

Artıq hər iki ölkə arasında qarşılıqlı kooperasiya layihələrinin icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Məsələn, biznes-forumların məhsuldar şəkildə gerçəkləşdirilməsi, kooperasiyanın inkişafının sürətləndirilməsi üçün müəyyən müqavilə və sazişlərin imzalanması nəzərdə tutulur. Mehmanxanaların, tekstil klasterlərinin, tikiş fabriklərinin tikintisi, inşaat materiallarının geniş həcmdə istehsalı bu məqsədin gerçəkləşməsinə hesablanır. Belə layihələrin həyata keçirilməsi üçün 500 milyon dollar kapitalı olan birgə investisiya şirkəti də səmərəli fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 5 ildə 3 dəfə artıb. Bunu qardaş ölkənin investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Daşkənddə keçirilən Özbəkistan–Azərbaycan biznes forumunda çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, bu ilin əvvəlindən qarşılıqlı ticarətin həcmi 20 faiz artıb. Rəqəmlərin kiçik olmasına baxmayaraq, yaxın 1–2 ildə ticarətin həcminin 1 milyard dollara çatdırılması gözlənilir.

Nazir qeyd edib ki, ölkələr bir sıra sahələrdə, o cümlədən energetika, şəhərsalma, maşınqayırma, kənd təsərrüfatı, toxuculuq və ipək sənayesi sahələrində əməkdaşlığı inkişaf etdirir. Özbəkistan biznesi də Azərbaycanda fəaldır. O qeyd edib ki, Bakı və Şuşa şəhərlərində Özbəkistanın şou-rumu, milli pavilyonları və ticarət evlərinin, Daşkənd və Səmərqənd şəhərlərində isə Azərbaycanın ticarət evlərinin açılması nəzərdə tutulur.

L.Kudratov vurğulayıb ki, digər əməkdaşlıq sahəsi dağ-mədən sənayesində birgə layihələrin həyata keçirilməsidir. Hər iki ölkənin böyük xammal bazası var. Özbəkistan Azərbaycan ərazisində mineral ehtiyatların işlənməsinə, o cümlədən Azərbaycanın işğalçıdan təmizlənən ərazilərində bərpa işlərində istifadə oluna biləcək tikinti materialları istehsalının yaradılmasına hazırdır.

Nazirin sözlərinə görə, energetika və neft–qaz sənayesi sahələrində əməkdaşlıq müsbət dinamikaya malikdir. Tərəflər yaşıl enerjinin istehsalı və daha sonra Azərbaycan vasitəsilə Avropa ölkələrinə ixracı layihəsi üzərində işləyirlər.

Hazırda Azərbaycan–Özbəkistan arasında nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən, Trans–Xəzər dəhlizinin inkişafı vasitəsilə birgə səylər uğurla davam etdirilir. Qarşılıqlı əlaqələrin potensialından maksimum yararlanılır. Regionlararası kooperasiya üzrə yol xəritəsinin qəbul edilməsi, gələn il Özbəkistanın Kokand şəhərində növbəti regionlararası forumun keçirilməsi, paytaxtlarda turistik komplekslərin yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyev bu ilin avqustunda Özbəkistana dövlət səfəri zamanı iki ölkə münasibətlərindən danışarkən deyib: “Müxtəlif dövrlərdə, xüsusən son illərdə Özbəkistana dəfələrlə səfər etmişəm. Şavkat Miromonoviçin rəhbərliyi ilə özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə görürəm və buna şadam. Şəhərlər gözəlləşir, sənaye fəal inkişaf edir. Keçən səfərimdə biz Daşkənddə birlikdə böyük sənaye kompleksində olduq. Bütün bunlar müdrik siyasətin, xarici investisiyaların cəlb edilməsinin, əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir”.

Beləliklə, bugünkü Özbəkistan sosial–iqtisadi inkişaf üzrə aparılan gündəlik iş, çoxlu sayda sosial layihələrlə səciyyələnir, təkcə regionda deyil, həm də dünya miqyasında getdikcə sanballı siyasi nüfuza malik dövlətə çevrilir və bunun nəticəsidir ki, hər iki ölkə arasında mövcud səmərəli əməkdaşlıq getdikcə genişlənir.

 

İqtisadiyyat