Azərbaycan Dəmir Yollarının ilk “dayanıqlılıq hesabatı”

post-img

“Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda mərasimdə “Azərbaycan Dəmir Yolları” QSC-nin ilk “dayanıqlılıq hesabatı” təqdim edilib. Bununla bağlı QSC-nin yaydığı məlumatda polad magistralın qlobal karbon qazı emissiyasının 1 faizini təşkil etdiyi və buna görə də digər nəqliyyat növləri ilə müqayisədə daha səmərəli olduğu bildirilib.

Təqdimatda Azərbaycanda dayanıqlı nəqliyyatın, xüsusilə dəmir yollarının “yaşıl” innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqi ilə dekarbonizasiya hədəflərinə çatmaq üçün görülən işlər, bu istiqamətdə atılacaq addımlar barədə ətraflı danışılıb. Rəqəmsal innovasiya sahəsində beynəlxalq əməkdaşlıq və dayanıqlı nəqliyyatın inkişafı üçün Azərbaycanın strateji baxışının əsas məqamları diqqətə çatdırılıb. Qlobal iqlim məqsədləri və dekarbonizasiya hədəflərinin yerinə yetirilməsində nəqliyyatın önəmi, bu sahədə əsas qlobal təcrübələr və 2030-cu ilədək Milli Prioritetlər, həmçinin ölkəmizin “yaşıl” innovasiya sektorunda artan rolu haqqında iştirakçılara ətraflı məlumat verilib.

Mərasimdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dayanıqlı nəqliyyatın qurulmasında dəmir yollarının roluna toxunaraq bildirib ki, dəmir yolu dayanıqlığının birinci və ən mühüm aspekti emissiyaların azaldılması və enerji səmərəliliyidir. Ölkəmizdə ümumi enerji istehlakının 1,12 faizi dəmir yolu nəqliyyatının payına düşür və bu sahədə istilik effekti yaradan qazların emissiyası 0,5 faizdən az təşkil edir: “Məqsəd karbon emissiyalarından tam azad, yəni karbon neytral dəmir yolu nəqliyyat sistemini qurmaqdır. 2023-cü ildə sərnişinlərin 100 faizinin, yüklərin isə 80 faizinin daşınmasının elektrik enerjisi hesabına həyata keçirilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin səmərəliliyinin mühüm göstəricisidir.

Təqdimatda iştirak edən Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Leder çıxışı zamanı qlobal miqyasda dəmir yolu sistemlərinin dekarbonizasiyası istiqamətində görülən təşəbbüslərdən danışıb, “Azərbaycan Dəmir Yolları”nda bu layihələrin reallaşdırılmasının gətirəcəyi faydaları qeyd edib.

Mərasimin sonunda QSC-nin sədri Rövşən Rüstəmov və Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Lederin iştirakı ilə iki qurum arasında dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədi imzalanıb.

 

İqtisadiyyat