İstanbulda keçirilən və Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyətinin təmsil olunan Türk Dövlətləri Təşkilatı üzvlərinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin Birinci Toplantısında qardaş ölkənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır çıxışı zamanı ilk dəfə keçirilən bu tədbirin TDT əməkdaşlığının təməli olduğunu vurğulayıb.
Mehmet Fatih Kacır böyük sınaqlardan keçilən bu dövrdə ən böyük dayağın ortaq tarix, dil, mədəniyyət olduğunu, Türkiyənin Türk dünyası arasında əməkdaşlığın genişlənməsindən məmnunluq duyduğunu qeyd edib: “Ortaq fəaliyyətimiz həm də yaranan bütün çətinliklərdən birgə çıxmağımıza dəstək verəcək ən böyük amildir. Əsas hədəf hər gün dəyişən və yenilənən dünyada ölkələrimizi birlikdə daha da gücləndirmək və inkişaf etdirməkdir. Bu gün təməli atılan bu birlikdən, sadəcə, dövlət strukturlarımız deyil, özəl sektor da faydalanacaq”.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov TDT ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürüb. Təklif iştirakçı ölkələr tərəfindən qəbul olunub.
Toplantıda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığını prioritet istiqamət olaraq qiymətləndirdiyini, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bütün platformalarda yaxınlaşmanı təmin edən təşəbbüsləri dəstəklədiyini bildirib. Nazir daha sonra deyib: “Bugünkü görüşümüzün mövzusu olan ölkələrimizin sənaye, elm, texnologiya və innovasiya sahəsində əməkdaşlığı türk dövlətləri arasında iqtisadi işbirliyinin təməl sütunlarını təşkil edir. Bu sahələr arasında qarşılıqlı fəaliyyətin yaratdığı sinerji texnoloji tərəqqiyə dəstək verməklə dayanıqlı iqtisadi artımda əvəzsiz rol oynayır”.
M.Cabbarov əlavə edib ki, neft və qaz resursları ilə zəngin olan Azərbaycanın qarşılaşdığı əsas çağırışlardan birinin də bu resurslardan əldə olunan gəlirləri iqtisadiyyatın şaxələnməsinə yönəltməkdir. Bu baxımdan qeyri-neft sənayesinin inkişafı və bu inkişafa təkan verən əlverişli ekosistemin yaradılması iqtisadi siyasətin diqqət mərkəzindədir. Təbii ki, sənayeləşmə siyasəti dayanıqlı olmalı, qlobal çağırışlara və tendensiyalara adekvat cavab verməlidir.
Nazirin sözlərinə görə, ölkəmizin evsahibliyi edəcəyi COP29 konfransı həm Azərbaycanın sənaye siyasətinin qlobal çağırışlara uzlaşdırılması, həm də bu sahədə reallaşdırılan qlobal səylərə töhfə verməsi baxımından əhəmiyyətlidir. İqlim konfransında Azərbaycan müxtəlif qlobal təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslərdən biri olan iqlim maliyyəsi, investisiya və ticarət dialoqu üzrə Bakı təşəbbüsü xüsusilə vurğulanmalıdır. Təşəbbüs ticarət və investisiya siyasətlərinin əlaqəli şəkildə həyata keçirilməsi ilə “yaşıl” diversifikasiyaya yönələn səylərin güclənməsinə xidmət edəcək.
TDT ölkələri arasında əməkdaşlıq əlaqələrinin əsas inkişaf istiqamətlərindən biri kimi tədqiqat və inkişaf fəaliyyətlərinin önəmini qeyd etməyin vacibliyini vurğulayan iqtisadiyyat naziri bildirib ki, təşkilat çərçivəsində birgə tədqiqat institutlarının formalaşdırılması, birgə tədqiqat layihələrinin dəstəklənməsi, elmi texnoloji nailiyyətlərin və ən yaxşı təcrübələrin mübadiləsi, texnologiya transferi mərkəzlərinin yaradılması ümumi rifaha müsbət töhfə verə bilər.
M.Cabbarov daha sonra vurğulayıb ki, əməkdaşlıqda digər mühüm istiqamət kiçik və orta biznes strukturlarını (KOB) əhatə edir: “Biz ötən ay qlobal təşəbbüs olaraq “KOB-ların Yaşıl İqlim Keçidi üçün Bakı Koalisiyası”nı elan etdik. Bu təşəbbüs birgə bəyannamə şəklində həyata keçirilir. Bəyannamə həm bütün institusional iştirakçıları, həm də fərdləri KOB-lara iqlim dəyişikliyinin gətirdiyi çətinliklərlə mübarizə aparmağa və onların yaşıl transformasiyasına dəstək verməyə çağırır”.
İqtisadiyyat naziri çıxışında ölkələrimiz arasında son illərdə əməli addımlar atıldığını, investisiya fəaliyyətini stimullaşdırmaq, regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək məqsədilə Türk İnvestisiya Fondunun təsis edildiyini, eyni zamanda, Azərbaycanla Özbəkistan, Qırğızıstan və Qazaxıstan arasında yaradılmış investisiya fondlarının ölkələrin iqtisadi inkişafına, rifah səviyyəsinin yaxşılaşdırılmasına müsbət töhfə verəcəyini diqqətə çatdırıb.