Energetika Nazirliyindən XQ-yə bildirilib ki, 2023-cü il oktyabrın 26-da rəsmi açılış mərasimi olan və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilən “Qaradağ” Günəş Elektrik Stansiyasında istismara verildiyi vaxtdan bugünədək 458,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Stansiya ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etdiyi üçün “yaşıl” enerji mənbəyi hesab olunur. Burada “yaşıl” enerji istehsal edilməklə atmosferə istixana effekti yaradan qazların atılmasının qarşısı alınır.
Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerji potensialına xüsusi maraq göstərən “Masdar” şirkəti 2022-ci il iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində Şuşa şəhərində keçirilən forum zamanı Azərbaycanın Energetika Nazirliyi ilə “yaşıl” enerjiyə dair iki saziş imzalayıb. Həmin sənədlərdə isə 10 giqavat gücündə enerji güclərinin yaradılması nəzərdə tutulub. 2 il sonra, 2024-cü il iyunun 4-də Xəzər neft-qaz sərgisi zamanı həmin sazişlərin reallaşdırılması istiqamətində kon-
kret addımlar atılıb. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ümumi gücü 1 giqavat olan 3 böyük layihənin təməli qoyulub. Biləsuvarda 445 meqavatlıq, Neftçalada, Bankə qəsəbəsində 315 meqavatlıq günəş və Bakı–Şamaxı yolunun üstündə 240 meqavatlıq Abşeron–Qaradağ külək elektrik stansiyaları yaradılır.
“Masdar” şirkəti tərəfindən inşa edilən stansiyanın ümumi gücü isə 230 meqavatdır. Ötən il ölkəmizin bərpaolunan elektrik enerjisi gücü 373,6 meqavat artıb ki, burada da “Qaradağ” GES-in xüsusi payı var.