Azərbaycan çoxşaxəli enerji ölkəsidir

post-img

Alternativ mənbələrin payı isə getdikcə artır

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının birinci enerji blokunun istifadəyə verilməsi ilə ölkə elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Dahi şəxsiyyət respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafını diqqətdə saxlayıb, genişmiqyaslı layihələrin gerçəkləşməsi istiqamətdə səmərəli fəaliyyət göstərib.

Ümummilli liderin müəyyənləşdirdiyi enerji siyasəti dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin bütün mərhələlərində də uğurla həyata keçirilib, enerji sistemi, enerji istehsalı infrastrukturu yenidən qurulub, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilib, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətləri yenilənib, elektrik enerjisi təminatının yaxşılaşdırılması nəticəsində daxili enerji tələbatı tamamilə ödənilib, eyni zamanda, elektrik enerjisinin ixracı gerçəkləşdirilib.

Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 8415,6 meqavata (ötən ilin müvafiq dövrü ilə müqayisədə 324,8 meqavat və ya 4 faiz çox) yüksəlib. Elektroenergetika sistemində 22 istilik elektrik, 58 su, 9 günəş, 5 külək və 3 hibrid elektrik stansiyaları istifadəyə verilib.

Ötən il ərzində energetika sistemində 29,3 milyard kilovat-saat istehsal, 3,2 milyard kilovat-saat ixrac göstəriciləri əldə olunub. Bu dövrdə 23,2 milyard kilovat-saat elektrik enerjisi istehlak edilib. Elektrik enerjisi itkiləri isə 2,9 faiz azaldılıb. Cari ilin 9 ayında isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı 247,7 milyon kilovat-saat artımla 21,8 milyard kilovat-saat olub. Elektrik enerjisinin ixracında da müsbət nəticələr qeydə alınıb. Belə ki, yanvar–sentyabr aylarında Gürcüstana 898,7 milyon kilovat-saat, Türkiyəyə 176,4 milyon kilovat-saat, Rusiyaya 137,4 milyon kilovat-saat və İrana 27,9 milyon kilovat-saat, ümumilikdə, 1,2 milyard kilovat-saat elektrik enerjisi ötürülüb. Elektrik enerjisinin idxalı isə 9 ayda azalaraq 139,4 milyon kilovat-saat olub.

Azərbaycanın işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan enerji istehsalı üçün geniş imkanlar var. Mütəxəssislərin son hesablamalarına görə, sözügedən ərazilərdə 10 qiqavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları texniki potensialı 7200 meqavatdan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. Bununla yanaşı, ilkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min meqavat həcmində qiymətləndirilir. Kəlbəcər və Şuşa rayonlarında isə geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları daha çox diqqət çəkir.

Belə bir zənginliyi nəzərə alan ölkə Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisini “yaşıl” enerji zonası elan edib. Dövlət başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncamına əsasən, Nazirlər Kabineti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Tədbirlər Planı” təsdiqləyib.

Ötən müddətdə işğaldan azad edilən ərazilərdə bir neçə su elektrik stansiyası inşa edilərək istismara verilib. Hökumətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı hazırladığı konsepsiyaya əsasən, həmin ərazilərdə istehlak edilən elektrik enerjisinin yalnız bərpaolunan enerji mənbələrindən alınacağı nəzərdə tutulub.

Yeri gəlmişkən, hidroenerji potensialı yüksək olan Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyaları bölgənin “yaşıl” enerji təminatının əsas mənbəyidir və bu regionların elektrik enerjisi tələbatı 100 faiz “təmiz” enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür. İndiyə qədər 270 MVt gücündə 32 su elektrik stansiyası istismara verilib. Bu, il ərzində 600 milyon kVt-st-dan çox “yaşıl” enerjinin istehsalı, 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının həcminin isə 330 min tondan çox azalması deməkdir.

Prezident İlham Əliyevin prioritet vəzifə kimi müəyyənləşdirdiyi bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının 30 faizə çatdırılması istiqamətdə Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvanı da “yaşıl” enerji zonası elan etməsi bu hədəfə çatmağın mühüm istiqaməti kimi diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Bu sırada isə Günəş enerjisindən istifadə imkanları daha çox ön plana çıxır. Hesablamalara görə, Naxçıvan ərazisində günəşli saatların orta illik miqdarı 2600–2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi isə 0,8–1,2 kilovatsaat təşkil edir. Bu isə o deməkdir ki, qədim diyarda bütün fəsillərdə Günəş enerjisindən istifadə imkanı mövcuddur.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamətin biri elektrik enerjisi istehsalının və ixracının artırılması ilə bağlıdır ki, burada da əsas məqsəd “yaşıl” enerji istehsalıdır. Həmin proqramın qəbul olunduğu 2023-cü ildə muxtar respublikanın elektrik stansiyalarında 474 milyon 569 min 561 kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun da 19,89 faizi su elektrik və 12,75 faizi günəş elektrik stansiyalarının payına düşür. Ümumilikdə, alternativ və bərpaolunan enerji mənbələrində istehsal edilən elektrik enerjisi ümumi enerji istehsalında 32,64 faiz təşkil edib. Bununla da qədim diyarda günəş elektrik stansiyalarının ümumi gücü 39 meqavata çatdırılıb.

Muxtar respublikada cari ilin 6 ayında isə ümumi elektrik enerjisi istehsalı 221 milyon 597 min 860 kilovat saat olub ki, bunun da 105 milyon 137 min 216 kilovatsaatı su elektrik, 30 milyon 337 milyon 144 kilovatsaatı isə günəş elektrik stansiyalarında istehsal olunub.

Bərpaolunan enerjinin reallaşdırılması “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində daha geniş vüsət alıb. Bu ilin iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə, təxminən, 1 milyard dollar məbləğində investisiya dəyərinə və 1000 meqavat ümumi gücə malik üç stansiyanın – Neftçalanın Bankə qəsəbəsində 315 meqavat, Biləsuvarda 445 meqavat gücündə günəş və Abşeron–Qaradağ rayonları ərazisində 240 meqavatlıq Külək Elektrik stansiyalarının təməli qoyulub. Həmçinin “ACWA Power” şirkəti ilə 200 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi və 200 meqavatlıq quruda külək enerjisi layihələri üzrə Çərçivə Müqaviləsi imzalanıb.

Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kilovat olan və illik 160 min kilovat-saat elektrik enerjisi istehsalı imkanına malik ilk üzən Günəş Elektrik Stansiyası istifadəyə verilib.

 



İqtisadiyyat