Biləsuvarda GES tikintisinə hazırlıq

post-img

Biləsuvar rayonunda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin inşa edəcəyi 445 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq işlərinin vəziyyətinin qiymətləndirilməsi və gələcəkdə bu istiqamətdə görüləcək işlərin müzakirəsi ilə bağlı görüş keçirilib. Rayon icra hakimiyyətində reallaşan görüşdə tikintiyə hazırlıq işlərinin faktiki vəziyyəti qiymətləndirilib və bu istiqamətdə görüləcək işlər müzakirə olunub.

Qeyd edək ki, “Masdar” şirkəti MDB-də ən böyük və Xəzər dənizi regionunda ilk sənaye miqyaslı günəş elektrik stansiyası–230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası (GES) istismara verilib. Eyni zamanda, həmin stansiyanın açılışı zamanı digər yeni layihələrin də əsası qoyulub: “Masdar” şirkəti ilə Neftçalanın Bankə qəsəbəsində 315 MVt-lıq, Biləsuvarda isə 445 MVt-lıq GES və Abşeron–Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı, ümumilikdə, 1 qiqavat bərpaolunan enerji mənbəyinin istismara buraxılmasını özündə ehtiva edən üç yeni layihə imzalanıb. Bərpaolunan enerjinin payı isə hazırda 17 faizə yüksəlib.

Bu stansiyaların təməlinin qoyulması ölkə iqtisadiyyatının və enerji istehsalının şaxələndirilməsi, müstəqil enerji istehsalının artırılması, sosial inkişafın dəstəklənməsi və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətli hadisə kimi diqqət çəkir. Təqribən 1 milyard dollara yaxın həcmdə investisiya hesabına reallaşdırılacaq layihələr ekspertlər tərəfindən respublikamızda iqtisadi sabitliyə və əlverişli investisiya mühitinə olan inamın göstəricisi kimi dəyərləndirilir.

Məlum olduğu kimi, artıq bir neçə ildir ki, ölkəmizdə bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi istiqamətində konkret layihələrin həyata keçirilməsinə başlanılıb. Bu baxımdan ölkəmizin əsas investorları sayılan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri xüsusi fəallıqları ilə seçilib.

Hazırda “Masdar” şirkıtinin layihəsi olan Qaradağ Günəş Elektrik Stansiyası real fəaliyyət sahəsinə çevrilib. Ötən ilin oktyabr ayında istismara verilmiş 230 meqavatlıq stansiyadan təmiz enerji alınır. Bununla yanaşı, hazırda “ACWA Power” şirkəti tərəfindən 240 meqavatlıq “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının tikintisi davam edir. Bütün bunlarla yanaşı, ötən müddətdə imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən, Azərbaycan 2030-cu ilədək 5 min meqavata qədər günəş və külək enerjisi istehsal etməyi hədəfləyir.

Azərbaycan enerji mənbələrini şaxələndirmək istiqamətində mühüm addımlar atır. 2020-ci ildə Səudiyyə Ərəbistanın “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 240 meqavat gücündə külək və 230 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrlə başlayan “yaşıl enerji” tərəfdaşlığının miqyası qısa müddətdə genişlənib. Qısa bir vaxtda “Masdar”, “ACWA Power”, BP, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 28 qiqavatdan çox layihələrə dair əməkdaşlıq sənədləri imzalanıb. Bütün bunlar dövlətimizin başçısının “yaşıl enerji” strategiyasına beynəlxalq marağın, ölkəmizin “yaşıl gələcəy”inə olan inamın göstəricisidir.

 

İqtisadiyyat