Dövlət Neft Fondu bu il 25 tondan çox qızıl alıb
Azərbaycan Respublikasının Dövlət Neft Fondu qızıla yatırılan investisiyanın həcmini artırıb. Fonddan verilən xəbərə görə, 2024-cü ilin III rübündə qurumun investisiya portfelinin 10 milyard 844,9 milyon dollarlıq hissəsini (17,7 faiz) qızıl sərmayələri təşkil edib.
3 ay ərzində fond qızıla olan investisiyalarını 2 milyard 270,3 milyon ABŞ dolları və ya 26,5 faiz artırıb. Cari ilin II rübündə qurumun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14,8 faiz) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, Dövlət Neft Fondu bu ilin III rübündə 12,1 ton qızıl alıb. Belə ki, 1 iyul 2024-cü il tarixinə maliyyə qurumunun qızıl ehtiyatı 114,9 ton təşkil etdiyi halda oktyabrın 1-nə bu rəqəm 127 tona qədər yüksəlib. Başqa sözlə, fond ilin əvvvəlindən III rübün sonuna kimi 25,2 ton qızıl alıb.