20 Oktyabr Energetiklər Günüdür
İşıq deyəndə öncə insanların gözü qarşısına Mingəçevir gəlir. Hələ bu şəhər enerji istehsal etmədiyi 1948-ci ildə Xalq şairi Səməd Vurğun “Muğan” poemasında yazırdı: “Alo, Mingəçevir, Bakıyam, mənəm, Bir az işıq göndər...”
Ötən əsrin 50-ci illərdə Mingəçevir SES-in, 80-90-cı illərdə Azərbaycan İES-in tikintisi ilə ölkəmizin nur şəhərinə, enerji paytaxtına çevrildi. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli sərəncamı ilə Energetiklər Gününün qeyd edilməsi də 1981-ci il oktyabrın 20-də Heydər Əliyevin Mingəçevirə gəlişi ilə bağlıdır. Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə tikilən Azərbaycan İstilik Elektrik Stansiyasının birinci enerji bloku məhz həmin gün istifadəyə verildi. Son 44 ildə bu stansiyada və şəxsi həyatında baş verənləri qəhrəmanımız Ramiz Qasımovun dilindən eçitmək oxucularımız üçün maraqlı olacaq.
Kənddən Bakıya
Təhsil almaq üçün Sarıcalıdan Bakıya gələndə Ramizin 17 yaşı var idi. Hüquqşünas olmaq arzusunda idi. İmtahanlara yaxşı hazırlaşmışdı. Düşünürdü ki, 5-6 ildən sonra qanun keşikçisi kimi rayona qayıdacaq, haqsızlıqlara qarşı mübarizə aparacaq. Amma 12-13 yaşlı məktəbliyə bənzəyən bu çəlimsiz gəncə sənəd qəbulu komissiyasında “yox” dedilər: “Get, bala, iki-üç il staj qazan, sonra gələrsən...”
Hünbət kişi oğlunun istəyinə qarşı çıxmasa da, başa düşürdü ki, onun hüquq fakültəsinə qəbul olması asan deyil. Riyaziyyat fənnindən dərs deyən Xasay müəllim də atası ilə həmfikir idi: “Ramiz, gəlsənə səninlə bir az məşğul olum, texniki ali məktəbə gedəsən, mühəndis olasan”.
Sinif yoldaşlarından bir neçəsi məktəbi qurtaran ili Neft və Kimya İnstitutuna daxil olmuşdu. Orta məktəbdə, rəsmxət dərsində cizgiləri çəkərkən onların köməyinə çatan Ramiz isə kənarda qalmışdı. Amma həyat elə gətirdi ki, növbəti il həmin institutda istilik energetika mühəndisliyi ixtisasına qəbul olan Ramiz Qasımov ali məktəbi həmkəndlilərindən tez bitirdi. Ötən əsrin 80-ci illərində yaşayanlar yaxşı bilirlər ki, Neft və Kimya İnstitutuna girmək asan olsa da, 5 ilə onun diplomunu almaq hər kəsə qismət olmurdu. Çünki təhsil proqramı çox ağır idi, bəziləri bu ağırlığa dözmür, ya bir neçə il kursda qalır, ya da məktəbi tərk edirdi...
Bu dəfə kənddən Mingəçevirə
Ramiz Qasımov mühəndis kimi iş həyatına Füzuli rayonunun Alxanlı kəndində, o dövrün nəhəng şərab zavodunda qazanxana rəisi kimi başladı. Təyinatla gəlmişdi, azı 3 il çalışmalı idi, yoxsa, gənc mütəxəssisə verilən imtiyazlardan məhrum olacaqdı. Amma burdakı iş ürəyindən deyildi, çünki bacarıqlarını üzə çıxarmaq, yenilik etmək üçün meydan dar və cansıxıcı idi. Baxmayaraq ki, çoxları həmin vəzifəni tutmaq üçün nəyə desən razı idi. Onun isə əmək haqqından başqa, nəsə qazanc əldə etmək heç ağlına da gəlmirdi.
Tələbə ikən müəllimləri institutda, elmi işlə məşğul olmağı məsləhət bilmişdilər. Amma cüzi məvaciblə Bakıda qalmaq, kirayə pulunu ödəmək çətin idi. Sonradan da cəhd göstərdi, paytaxta yaşayış qeydiyyatına düşə bilmədiyi üçün geri qayıtmalı oldu.
İş elə gətirdi ki, 80-ci ilin sonunda Mingəçevirə gəldi. Burada Zaqafqaziyanın ən nəhəng müəssisəsi olan Azərbaycan İstilik Elektrik Stansiyasının tikintisinə başlanmışdı. Qışda palçıqdan, yayda tozdan keçilməz olan ərazidə həm yeni qəsəbə salınır, həm də birinci enerji bloku inşa edilirdi. Keçmiş SSRİ-nin bir çox yerlərindən təcrübəli mütəxəssislərin cəlb olunduğu tikinti meydanında yerli işçilərə də ciddi ehtiyac duyulurdu.
Yüksək etimada cavab
Qəhrəmanımız o günləri belə xatırlayır:
– Direktor Süleyman Lətifov məni özü qəbul etdi, diplomuma baxandan sonra bir neçə sual verdi, elə yanımdaca kadrlar şöbəsinin rəisinə zəng vurdu: “Bu cavan oğlanı yanacaq-nəqliyyat sexinə qəbul edin”. Beləcə, 1981-ci il yanvarın 15-də bu möhtəşəm stansiyada əmək fəaliyyətimə başladım. 1984-cü ildə isə məni bu sexə rəis təyin etdilər.
Həmsöhbətim deyir ki, həmin sex stansiya üçün damarlarda axan qan kimi vacib idi: “Qış aylarında bir sutka ərzində 12 min tona yaxın (hər biri 60 ton olan 200 sistern) mazut yandırılırdı. Yayda enerjiyə tələbat azaldığından sutkalıq mazut istifadəsi 9-10 min ton olurdu. Hələ mazutun daşınması zamanı yaranan çətinlikləri demirəm.
Bizim öhdəmizdə 7 teplovoz var idi, bir-ikisinin xarab olması işimizə ciddi əngəl törədirdi. Çünki onların ehtiyat hissələrinin gətirilməsi xeyli vaxt alırdı. Ona görə də təmir işlərini özümüz edirdik, hətta bəzi detalları da hazılayırdıq. Dəmir yolunu təmir etmək də bizim sexin üzərində idi. Bütün bu işlərin öhdəsindən heç də kiçik olmayan, 156 nəfərlik kollektivlə gəlməyə çalışırdıq.
Stansiya yaşıllığa bürünür
Təkcə yanacaq-nəqliyyat sexində deyil, tikintinin hər yanında tör-töküntü qalaqlanmışdı. Mazuta bulaşmış avadanlıq və ehtiyat hissələrinin sayı-hesabı yox idi. Ağcabədinin Sarıcalı kəndində bağ-bağçalar qoynunda böyümüş Ramiz üçün bu mənzərə ürəkbulandırıcı idi. Düşünürdü ki, bu əraziləri də yaşıllığa çevirmək, səliqəli vəziyyətə götürmək mümkündür.
Müdiriyyət onun təklifini razılıqla qarşıldı. Əvvəlcə kollektiv şəkildə iməcilik keçirdilər, ərazini təmizləməyə nail oldular. Ardınca yaşıllıq zolaqları salmağa qərar verdilər. Gənc mühəndis müxtəlif bəzək və meyvə ağacları gətizdirərək, bir neçə ilə yanacaq-nəqliyyat sexinin ətrafını yaşıllıq zolağına çevirə bildi. Bundan sonra təşəbbüs digər ərazilərə də ayaq açdı. Bu gün isə stansiyanın ərazisinə daxil olanda özünü istirahət parkında hiss edirsən.
Ramiz müəllimin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və maliyyə yardımı ilə son illər stansiyanın yenidən qurulması prosesi ərazidə yaşıllığın artmasına da gətirib çıxarıb: “Azərenerji”nin prezidenti Baba Rzayev, stansiyamızın direktoru Təhmasib Hüseynov bu işdə də diqqətlidirlər, hər balaca tingin qol-budaq atması, böyüməsi üçün əllərindən gələni edirlər. Bir zamanlar insanlar inanmırdılar ki, burda ağac yetişdirmək olar. Amma indi hər cür bəzək və meyvə ağacları stansiyanın həyətini bəzəyir. Həm də işçilərimiz meyvələrdən evlərinə də aparırlar”.
Mazutla, yoxsa qazla?
80-ci illərdə və sonralar stansiyanın qaz, yoxsa mazutla işləyəcəyi böyük müzakirə mövzusu idi. Hamı başa düşürdü ki, enerjiyə ciddi ehtiyac var, amma mazutdan yanacaq kimi istifadə edilməsi havaya külli miqdarda karbon emissiyasının atılmasına gətirib çıxaracaq. Hətta İrandan qaz alınması variantı üzərində də iş gedirdi. Ramiz müəllim o günləri isə belə yada salır:
– 1981-ci ilin oktyabrında Heydər Əliyev stansiyaya gəldi, 1-ci blokun açılışında iştirak etdi. Ulu öndər görüşdə dedi ki, Azərbaycan DRES-də ancaq qaz yandırılması üçün Moskva ilə danışıqlar aparıram və bundan ötrü bütün gücümlə çalışacağam. Biz ilkin olaraq 2 çəni mazutla doldurmuşduq. Onun bütün çətinlikləri – daşınma, saxlama problemlərinin içində idim. Başa düşürdüm ki, mazut yandırılanda kükürd anhidridi ekologiyaya ciddi ziyan vuracaq. Amma tale elə gətirdi ki, sovet vaxtı Azərbaycana qaz vermədilər, öz qazımızla işlədik, 50 faiz qaz və 50 faizi mazutla. Sonradan qaz dayandırıldı. Mazuta keçdik. Ta 2002-ci ilə kimi. Ondan sonra stansiya qazla işləməyə başladı. Bu gün stansiya 100 faiz qazla işləyir.
Ramiz Qasımov 1999-cu ilədək yanacaq-nəqliyyat sexinin, 2019-cu ilədək avadanlıqların sazlanması və sınaq sexinin rəisi olub. Burdakı iş yerində enerji bloklarının iş rejimi ilə məşğul olurdu. Son 4 ildə isə stansiyanın beyni hesab olunan texniki istehsalat şöbəsinə rəhbərlik edir. Bütün tapşırıqlar, hesabatlar bu şöbədə hazırlanır. Gündəlik iş rejimləri, istehsalın həcmi, yanacaq məsrəfi, bloklarda və qazanlarda təmirlərin təşkili, mal-material planlaşdırılması, sifarişi və alınması və digər məsələlərlə məşğul olmaq gündəlik işidir.
Ramiz, toyundur...
Gələn ilin fevralında Ramiz Qasımovun 70 yaşı tamam olacaq. Amma o, kifayət qədər gümrah və güclü qalıb. Gənclərin bacarmadığı işləri də rahatlıqla icra edir: “Mən xaraktercə çöl-bayır adamıyam. Əvvəllər daha hərəkətli işdə idim, təbiətin qoynunda olurdum, bir dəqiqə oturmağa vaxtım yox idi. İndi onlardan məhrumam, çünki oturaq işdə çalışıram”.
Onu da öyrəndik ki, 28 yaşında evlənib. Ramiz müəllim bununla bağlı maraqlı bir əhvalatı yada salır:
– Əslində, mənim evlənməyim “Əhməd haradadır?” filmindəkinə bənzəyir”. Nazim adlı bir iş yoldaşım var idi. Həm də birgə oxumuşduq. Atam onu Bakıdan, institutdan tanıyırdı. Bir gün atam Mingəçevirə gələndə görüşmüşdülər. Nazim də zarafatla demişdi ki, bəs Ramiz çox əziyyət çəkir, ona bir paltaryuyan lazımdır. Cəmi iki köynəyim vardı, birini yuyub, o birini geyirdim. Bir həftədən sonra bir KamAZ sürən qohumum maşını ilə qaldığım yerə gəldi ki, bəs atan sənə paltaryuyan göndərib. ORS markalı soyuducu idi.
Atam evdə deyir ki, bəs Ramizə paltaryuyan lazım idi, Mingəçevirdən qum gətirməyə gedən qonşumuzla yolladım. Evdə düşürlər kişinin üstünə ki, bəs sən o eyhamı düzgün başa düşməmisən. Bir həftədən sonra gəldilər ki, bəs kəndə gəl, toyundur. Beləcə mənim qonşumuzun qızı ilə evləndirdilər.
Ailə quran kimi Ramizgilə xidməti, iki ildən sonra isə 3 otaqlı mənzil veriblər. Bu evdə ailə 2 oğul, 1 qız böyüdüb. İndi Ramiz müəllimin 7 nəvəsi var. Kiçik oğlu ailəsi ilə birgə onlarla yaşayır. Nəvələr babanın hər gün işdən gələcəyini səbirsizliklə gözləyirlər. Gələn kimi onun qucağına çıxıb, təzə suallarını verirlər.
Bu gün də ömür yolu barədə bizim suallarımızı cavablandırdı. İşıq şəhərinin işıqlı bir mühəndisinin işıqlı həyatı qəlbimizə işıq gətirdi.
Fərman NƏBİYEV,
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Əməkdar jurnalist