Azərbaycan–Gürcüstan əməkdaşlığı regional örnəkdir

post-img

Bu, iki ölkə rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir

Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyədə olan iqtisadi əməkdaşlığın, eləcə də bu çərçivədə uğurlu regional münasibətlərin getdikcə güclənməsi və irimiqyaslı qlobal enerji və nəqliyyat–kommunikasiya layihələrinin (Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu) reallaşdırılması bölgədə sülhü və sabitliyi getdikcə möhkəmləndirib.

İki ölkənin iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində birgə əməkdaşlığı son illərdə diamik inkişaf edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar–avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 1,3 faizi Gürcüstan ilə aparılan ticarət əməliyyatlarının payına düşüb. Bu ölkəyə ixrac məhsulların dəyəri 1,9 faizi təşkil edib. Qeyri–neft–qaz məhsulları üzrə ixracın dəyərində isə Gürcüstana göndərilən məhsulların payı 7,2 faiz artıb.

Gürcüstan Milli Statistika İdarəsinin hesabatında isə bildirilib ki, cari ilin birinci yarısında Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 28,73 milyon dollar və ya 2,43 dəfə, həcmi isə 35 581,12 ton və ya 2,45 dəfə artıb. Bu dövrdə qonşu ölkə Azərbaycandan 48,09 milyon dollar dəyərində 60 080,09 ton neft və neft yağları idxal edib.

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycan–Gürcüstan əməkdaşlığında nəqliyyat-logistika sahəsi xüsusi yer tutub. Ölkələrimiz arasında yuxarıda vurğulandığı kimi, uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edib.

Bakı–Tbilisi–Qars dəmir yolu (BTQ) dəmir yolunun açılışı münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev logistika–nəqliyyat təşəbbüslərindən danışaraq bildirib ki, artıq reallaşan layihə Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevriləcək.

BTQ dəmir yolunun fəaliyyəti ilə bundan sonra yolboyu yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. BTQ dəmir yolu sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Yolun istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı–Tbilisi–Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini artıracaq və Azərbaycan üçün əlavə imkanlar yaradacaq.

Şərqlə Qərb arasında Dəmir İpək Yolu kimi adlandırılan BTQ dəmir yolu Azərbaycanın Orta Dəhliz üzərində yerləşən ən önəmli nəqliyyat hablarından birinə çevrilməsinə xidmət edir. Bu məqsədlə respublikamızda dəmir yolu və liman infrastrukturu davamlı olaraq təkmilləşdirilir, gömrük xidmətində şəffaflığın və operativliyin artırılması üçün islahatlar həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycan mövcud potensialı sayəsində bu gün qlobal çağırışların öhdəsindən uğurla gələ bilir.

Strateji əhəmiyyətə malik BTQ marşrutu Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Dövlətimizin başçısı hələ BTQ dəmir yolunun açılış mərasimində çıxışı zamanı layihənin qlobal əhəmiyyət daşıyacağı mesajını verərək infrastrukturun tarixi qlobal təşəbbüs olduğunu deyib. Bu layihə ölkələri bir-birinə daha yaxın edir, bölgədə sabitliyin, təhlükəsizliyin təminatına mühüm təsir göstərir, eyni zamanda, layihə iştirakçısı olan ölkələrin iqtisadi imkanlarını artırır.

Yeri gəlmişkən, Rəcəb Tayyib Ərdoğan regional əməkdaşlıqda Bakı–Tbilisi–Ceyhan neft kəmərini birinci, Bakı–Tbilisi–Ərzurum layihəsini ikinci, Bakı–Tbilisi–Qars layihəsini isə üçüncü vacib addım kimi qiymətləndirib: “Ancaq bu həmrəylik sadəcə regional əməkdaşlıqla məhdudlaşmır. Eyni zamanda, bu dəmir yolu üzərindəki hər bir stansiya bir sülh stansiyası, dostluq və həmrəylik stansiyası olaraq dünyaya mesajını verir”.

Ötən müddətdə Şərq–Qərb Dəhlizinin əsas alternativi olan Bakı–Tbilisi–Qars dəmir yolu marşrutu Azərbaycan ərazisindən yükdaşımaların həcminin xeyli artmasında mühüm rol oynayıb. Gürcüstanın Poti və Batumi limanlarına alternativ kimi, Bakı–Tbilisi–Qars dəmir yolu Aralıq dənizindəki limanlara və Avropa bazarlarına fasiləsiz çıxışı təmin edib, Şərq–Qərb dəhlizi boyunca əlaqəni daha da yaxşılaşdırıb.

Azərbaycan və Gürcüstan Orta Dəhliz, Cənub–Qərb və digər beynəlxalq tranzit marşrutlarının inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əlaqələr nəticəsində hər iki ölkənin ərazisindən keçən tranzit yükdaşımaların həcmi də getdikcə artır. Yeri gəlmişkən, Bakı–Tbilisi–Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılmasının nəzərdə tutulması Orta Dəhlizin daha da gücləndirilməsi məqsədi daşıyır.

Hazırda iki dost ölkənin birlikdə dəmir yolu xətlərini müasirləşdirməsi ilə yüklərin həcminin bir neçə dəfə artacağı gözlənilir. Bundan başqa, Şərq–Qərb avtomagistralının inkişafının diqqətdə saxlanılması da bu istiqamətdə həyata keçirilən yükdaşımada daha yüksək göstəricilərin əldə edilməsinə əminlik yaradır.

Şimal–Qərb qonşumuzla əlaqələr özünü iqtisadi sahədə daha çox büruzə verir. İlk olaraq iki ölkəni bir-birinə Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat–kommunikasiya layihələri birləşdirir. Bundan başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər qurumlar çərçivəsində əlaqələr də mühüm önəm daşıyır.

Azərbaycan Dövlət Neft Şirkətinin müvafiq qurumu Gürcüstanın qazla təminatında mühüm rol oynayır və neftin topdan və pərakəndə satışını, neft və neft məhsullarının, eləcə də mayeləşdirilmiş qazın ölkəyə idxalını reallaşdırır, neft terminalı və anbarlarının tikintisini gerçəkləşdirir. Şirkət Gürcüstandakı neft satışının 72 faizinə, dizel satışının isə 61 faizinə nəzarət edir, bundan başqa, Kulevi neft terminalı da şirkətin ixtiyarındadır.

Azərbaycan–Gürcüstan əməkdaşlığında energetikanın ənənəvi sahələri ilə yanaşı, “Yaşıl enerji dəhlizi” layihəsi də xsusi yer tutur. Bu məsələdə də hər iki ölkə Avropa dövlətləri ilə sıx əməkdaşlıq edir. Bu istiqamətə böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm Azərbaycan–Gürcüstanın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyi güclənəcək.

Yeri gəlmişkən, 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i xüsusi qeyd edilməlidir. Bu sənəd yeni dünya düzəninin formalaşdığı bir mərhələdə Avropanın iqtisadi və enerji təhlükəsizliyinin təmin olunması prosesi ilə bağlı zəncirin ən vacib həlqələrindən biridir. Mühüm əhəmiyyətə malik həmin saziş hər iki ölkənin yalnız regionda deyil, eyni zamanda, Avropa ölkələri ilə münasibətlərində etibarlı tərəfdaş olmasının daha bir sübutudur.

Xatırladaq ki, bu saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan “yaşıl” elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulur.

İstər Azərbaycanda, istərsə də Gürcüstanda diqqətçəkən inamlı inkişaf bu ölkələrin ictimai-siyasi sabitliyinin, hər iki dövlət vətəndaşlarının hökumətə olan dəstəyinin məntiqi nəticəsidir. Çünki sabitlik və hökumətin aydın gələcəyə yönələn baxışları bir çox önəmli layihələr icra edilməsinə imkan verir, həm iqtisadiyyatın dinamik artmasını, infrastruktur layihələrinin uğurla icrasını və əhalinin rifahının getdikcə yaxşılaşmasını şərtləndirir.

 

İqtisadiyyat