22 ölkədən 380-dən çox şirkət məhsul və xidmətlərini sərgiləyir
Dünən Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbiri olan Xəzər İnşaat Həftəsi başlanıb. Həftə çərçivəsində “Rebuild Karabakh”, “BakuBuild”, “Aquatherm Baku”, “Road&Traffic” sərgiləri fəaliyyət göstərir. Həftənin sərgilərində 22 ölkədən 380-dən artıq şirkət yer alıb. Çin şirkətlərinin sayı isə keçən illə müqayisədə çoxalıb. Qardaş Özbəkistan həftədə 20-dən çox şirkətlə təmsil olunub.
Sərgilərin miqyası daha da genişlənərək, Bakı Ekspo Mərkəzinin yeni istifadəyə verilən zalını da əhatə edir. Bir çox istiqamətlərini özündə birləşdirən sərgilərdə bu il ilk dəfə olaraq süni intellekt və yüksək texnologiyaların tətbiqi ilə məşğul olan şirkətlər də iştirak edir.
“Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf olunan bu əlamətdar hadisə Xəzər İnşaat Həftəsində iştirakçıların nümayiş etdirdikləri məhsul və xidmətlərdə, eləcə də sərginin təqdimat proqramında öz əksini tapıb. Qarabağın bərpasına həsr olunan “Rebuild Karabakh” sərgisi bu il 4-cü dəfədir ki, təşkil edilir. Sərginin məqsədi düşmən əsarətindən qurtulan bu əzəli-əbədi yurd yerlərimizdəki müsbət dəyişiklikləri dünya ictimaiyyətinə çatdırmaq, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir.
Sərginin əsas hədəfi işğaldan azad olunan torpaqlar üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirakını gerçəkləşdirməkdir. Təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.
“Rebuild Karabakh” sərgisi investisiyalar, ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, kimyəvi məhsulların topdan satışı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və s. bölmələr üzrə təşkil edilib.
Sonda xatırladaq ki, işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq üçün təşkilatçıların təşəbbüsü ilə hər bir sərgi iştirakçısı Qarabağ Dirçəliş Fonduna 2021-ci ildən hazırkı dövrə qədər, ümumilikdə, 109 min 243 manat dəyərində ianə bağışlayıb.
Xəzər İnşaat Həftəsinin tədbirlər planı çərçivəsində “Ağdama qayıdan həyat”, “Bərpa, tikinti və idarəetmə xidmətlərinin 2024-cü ildə gördükləri işlərin icmalı”, “COP29 beynəlxalq iqlim tədbirinin müasir tikinti sektoruna təsirləri və innovasiyaların inkişafı”, “Yaşıl” tikintinin Azərbaycanda və regionda yeni üfüqləri”, “Yaşıl” tikinti üçün əlverişli texnologiyaların araşdırılması” kimi mövzularda panel müzakirələri, eləcə də “Müasir inşaat texnologiyaları sahəsində Türkiyə – Azərbaycan əməkdaşlığı” mövzusunda seminar keçiriləcək. Bundan başqa, sərgi günlərində Bakı Ekspo Mərkəzində ziyarətçilərin diqqətini cəlb edəcək guşələr də təşkil olunacaq.