Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək. Bu, “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə edilib. Gələcəkdə torpaq islahatının predmeti ola biləcək və dövlət mülkiyyətində saxlanılacaq torpaqların həcminin müyyənləşdirilməsi, eləcə də müvafiq yaşayış məntəqələri salındıqca onların inzibati ərazi sərhədləri daxilində torpaqların səmərəli bölüşdürülməsi və infrastruktur (suvarma, meliorasiya, elektrik və s.) yaradılması planlaşdırılır.
Bundan sonrakı mərhələdə isə əlverişli və şəffaf sahibkarlıq mühitinin yaradılması məqsədilə torpaqlara investorların cəlb olunması, habelə torpaqların kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrində məskunlaşmış sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Bundan başqa, qanun layihəsinə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbələrin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurum tərəfindən müvafiq qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.