İlk növbədə, su mənbələri nəzarətdə saxlanılmalıdır
Prezident İlham Əliyev müvafiq sərəncamı ilə təsdiq etdiyi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da davamlı iqlim dəyişikliyi nəticəsində dünyada quraqlığın getdikcə artdığı, 2002−2021-ci illərdə 1,4 milyarddan çox insanın quraqlıqdan əziyyət çəkdiyi, 2022-ci ilədək dünya əhalisinin təxminən ½-nin ilin ən azı bir hissəsində ciddi su stresi yaşadığı, ¼-nin isə illik şirin su ehtiyatlarının 80 faizdən çoxunu bərpaolunan mənbələrdən istifadə edərək “son dərəcə yüksək” su stresi ilə üzləşdiyi bildirilib.
Sənəddə, eyni zamanda, iqlim dəyişikliyinin bu hadisələrin tezliyini və təsirini artıraraq sosial sabitlik üçün ciddi risklərə gətirib çıxardığı, yağıntıların Cənub-Şərqi Asiyada və digər ərazilərdə daşqınların artmasına səbəb olduğu, kənd təsərrüfatına və içməli su hövzələrinə mənfi təsir göstərdiyi vurğulanıb.
Milli Strategiyada qeyd edilir ki, dünyadakı şirin suyun 69 faizi buz və qar formasındadır. Qlobal istiləşmə nəticəsində Himalay, And və Alp dağlarındakı buzlaqlar kimi mühüm şirin su mənbələri sürətlə əriyir, qar örtüyü isə azalır. Bu, uzunmüddətli dövrdə şirin su ehtiyatlarına çıxışa mənfi təsir göstərə bilər. Həmçinin dəniz səviyyəsinin yüksəlməsinin əsas səbəblərindən biri dağ buzlaqlarının əriməsi ilə bağlıdır.
Texnoloji həllərin tətbiqinə keçid baş verir. Bu çərçivədə dəniz suyunun duzsuzlaşdırılması genişlənir. Duzsuzlaşdırma texnologiyaları Səudiyyə Ərəbistanı, İsrail və Birləşmiş Ərəb Əmirlikləri kimi şirin su çatışmazlığı olan ölkələrdə inkişaf etdirilir. Bu məsələ ölkəmizdə də diqqət mərkəzində saxlanılır. Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında hazırda üzərində iş aparılan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə də fikirlərini diqqətə çatdırıb.
Dövləti başçısı bu layihənin icrasından sonra Xəzər dənizinin suyundan həm suvarma, həm də içməli su kimi istifadə ediləcəyini bildirib. Prezident İlham Əliyev deyib: “Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik”.
Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi bir daha onu göstərir ki, respublikamızda belə bir təşəbbüsün gerçəkləşdirilməsində əsas məqsəd Azərbaycanın sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarının azalmasının qarşısını almaqdır.
Mütəxəssislərin bildirdiyinə görə, son 20–30 ildə respublikamızın su ehtiyatları 10–15 faizə qədər azalıb. Əlbəttə, bu, bir sıra amillərlə, məsələn, tələbatın artması, su ehtiyatlarından qeyri-səmərəli istifadə və su itkilərinin çoxalması ilə bağlı olub. Ona görə də vəziyyətdən çıxış yolu kimi alternativ su mənbələrindən biri–Xəzər dənizi suyunun duzsuzlaşdırılması qənaəti artıq qətiləşdirilib.
Yeri gəlmişkən, respublikamızda “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda alternativ su mənbələrindən istifadə ilə bağlı tədbirlərin görülməsi, xüsusilə, dəniz suyunun duzsuzlaşdırılaraq içməli su əldə edilməsi məsələsi öz ifadəsini tapıb. Şübhəsiz ki, ölkəmizdə bununla bağlı təcrübə də var. Məsələn, Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən kompleksin yaradılması bunun bariz ifadəsidir.
Onu da qeyd edək ki, hazırda dünyada su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində “ağıllı” idarəetmə sistemlərinə keçid də sürətlənir. Xüsusilə sensorlar və süni intellekt kimi müasir texnologiyalar su ehtiyatlarının daha səmərəli idarə edilməsinə, su itkilərinin azaldılmasına, iqtisadi sahələrdə sudan istifadənin optimallaşdırılmasına imkan verir. Bütün bunlarla bərabər, su ehtiyatlarının yenilənməsi təşəbbüsləri genişlənir. Sinqapur və İsrail də daxil olmaqla bəzi ölkələrdə şirin suyun bərpası üçün tullantı sularının təkrar emalı texnologiyalarından fəal şəkildə istifadəyə başlanılıb.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2030-cu ilədək hər kəsin təhlükəsiz su və sanitariya xidmətlərinə çıxışını hədəfləyir. Bu məqsədə suyun idarə edilməsinin təkmilləşdirilməsi və çirklənmənin azaldılması daxildir. Əlavə olaraq, beynəlxalq təşkilatlar və xarici dövlətlər su idarəçiliyini yaxşılaşdırmaq, eləcə də su sahəsində münaqişələrin qarşısının alınmasını təşviq etmək üçün səy göstərirlər.
Qeyd edilənlərlə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İran, habelə Qazaxıstan və Türkmənistan kimi qonşu dövlətlərdə iqlim dəyişikliyindən, o cümlədən hava temperaturunun artmasından və yağıntı normalarının azalmasından irəli gələn su ehtiyatlarında dəyişmə, su təchizatı və irriqasiya infrastrukturunda mövcud problemlər, müasir texnologiyaların zəif tətbiqi kimi amillər ölkəmizdə su ehtiyatlarının formalaşmasına xeyli təsir göstərir.
“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da Dövlət Statistika Komitəsinin məlumatına əsaslanılaraq bildirilir ki, Azərbaycanda illik orta temperatur xüsusən 1980-ci ildən etibarən artmağa başlayıb və 2023-cü ildə 14,7°C-yə yüksəlib. 1915−2000-ci illərdə temperatur artımı illik orta hesabla 0,6°C qeydə alındığı halda, 2000−2020-ci illərdə bu artım 0,8°C-yə bərabər olub. Son 30 ildə isə illik isti (maksimum temperaturun 35°C-dən yuxarı olduğu) günlərin sayı 10-dan 15-ə artıb.
Temperatur artımı və buxarlanma Xəzər dənizinə axan suyun həcminin azalmasına səbəb olub. Belə ki, 2006-cı ildən etibarən Xəzərdə suyun səviyyəsinin ildə orta hesabla 11 santimetr azalması qeydə alınıb. Eyni zamanda, ölkə ərazisində yağıntıların uzunmüddətli dinamikası, ümumilikdə, sabit olsa da, son onillikdə cüzi azalma müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə yağıntıların orta illik miqdarı 2002−2011-ci illərdəki 512,4 millimetrdən 2012−2023-cü illərdə 438,6 millimetrədək azalıb. Azərbaycanla yanaşı, Türkiyə, Ermənistan, Gürcüstan və İranda da atmosfer yağıntılarının azalması su ehtiyatının həm transsərhəd, həm də yerli miqyasda aşağı düşməsi ilə nəticələnib.
Növbəti onillikdə Azərbaycan Respublikasında yağıntıların proqnozlaşdırılan səviyyəsi ilə bağlı qeyr – müəyyənlik var. Mövcud qeyri–müəyyənliklər və temperaturun artması su ehtiyatlarının daha çox buxarlanmasına, çay axınlarının zəifləməsinə, buzlaqların sürətlə əriməsinə və nəticədə şirin su ehtiyatlarının azalmasına gətirib çıxara bilər. İl ərzində ardıcıl quru günlərin maksimum sayında müşahidə edilən artım tendensiyası o qədər böyük olmasa da, quraqlıq və su qıtlığı ilə bağlı riskləri artırır.
2023-cü ildə Dünya Bankı tərəfindən dərc edilən Azərbaycan üzrə “Ölkə iqlim və inkişaf hesabatı”nda seçilmiş dövlətlərlə müqayisədə aparılan təhlildə növbəti illərdə kəskin iqlim dəyişikliyi və temperaturun artmasının Azərbaycana nisbətən aşağı dərəcədə təsir edəcəyi qeyd olunub, hidroenerji istehsalının gücü əsas risk amili kimi önə çəkilib.