Torpaq islahatının yeni mərhələsi

post-img

Xırda fermerlərin birləşməsi uğurları artıracaq

Ölkənin ərzaq təhlükəsizliyi onun iqtisadi siyasətinin prioritet istiqamətlərindən sayılır. Bu yöndə tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatı təyinatlı torpaqlardan, xüsusən də əkin sahələrindən səmərəli istifadənin təşkili olmadan mümkün deyil. Bu baxımdan kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təşkili aqrar sektor qarşısında duran ən önəmli məsələlərdən biridir. 

Respublikamızda ötən əsrin 90-cı illə­rində aparılmış torpaq islahatı zamanı əkin sahələrinin 90 faizdən çoxu kənd ərazisində yaşayan ölkə vətəndaşlarına pay şəklində təmənnasız olaraq verilmişdir. Bunun nəti­cəsində 41-i dövlət mülkiyyətində saxlanıl­maqla 1964 kənd təsərrüfatı müəssisəsinin (kolxoz və sovxozların) əkin sahələri kənd sakinləri arasında paylanmış və bununla da ölkədə 83 min ailənin 3 milyon 300 min üzvü torpaq mülkiyyətçisinə çevrilmişdir. Bu da öz növbəsində aqrar sahədə çoxsaylı xırda təsərrüfatçılığın yaranmasına səbəb olmuş­dur. Aqrotexniki qaydaların pozulması, tor­paqların deqradasiyası- şorlaşması, şorakət­ləşməsi və irriqasiya eroziyasının geniş vüsət alması xırda torpaq mülkiyyətçiliyinin yarat­dığı fəsadların yalnız bir hissəsi kimi nəzərə çarpmışdır. 

Problemlər tək bunlarla bitmir. Xırda fermer təsərrüfatlarında ümumi məhsuldarlıq həcminin fermerlərin gözləntilərindən aşağı səviyyəyə düşməsi, çəkilən xərclərin artma­sı səbəbindən fermerlərdə təsərrüfatçılığa marağı azaldır və torpaqların istifadəsiz və ya təyinata uyğun gəlməyən məqsədlər üçün istifadəsinə yol açmış olur.

Ölkə rəhbərliyi tərəfindən bu sahəyə hə­mişə böyük diqqət və dəstək göstərilir. Belə ki, bu sahənin inkişafı üçün müvafiq nor­mativ-hüquqi sənədlər, dövlət proqramları qəbul olunmuş, ciddi tədbirlər sistemi hə­yata keçirilmişdir. Bunlardan bir neçəsinin – “Azərbaycan Respublikasında kənd təsərrü­fatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respub­likası regionlarının 2014-2018-ci illərdə sosi­al-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təmi­natına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırıl­masına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı torpaqlarının koperasiyası­nın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqamı” və digər sənədlərin adını çəkə bilərik. 

Torpaqlardan istifadəyə dair həyata keçi­rilən məqsədyönlü siyasətə və ardıcıl dövlət tədbirlərinə baxmayaraq torpaq istifadəçiliyi sahəsində problemlər bu gün də qalmaqda və öz həllinin tapılması zamanını gözləməkdə­dir. Bunlar içərisində əsas problemlər – tor­paq islahatları zamanı ortaya çıxmış torpaq parselləri sahələrinin həddən artıq kiçik ol­ması, həndəsi ölçülərin aqrotexnoloji tədbir­lər sisteminin həyata keçirilməsi üçün uyğun­suzluğu, həmçinin bir mülkiyyətçiyə mənsub torpaq sahəsinin pərakəndə formada yerləş­məsi və digər əsaslı səbəblərdir. 

Araşdırmalar göstərir ki, 2022-ci ilin məlumatlarına əsasən, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan təsərrüfatların sayı 944 min 768 təşkil etmişdir. Bu təsərrüfatların sərəncamındakı əkin sahələri 1 milyon 537 min 778 hektar təşkil etmişdir ki, onların 61,2 faizinin sahəsi 1 hektardan az olan təsərrüfatlar, 34,2 faizi ölçüləri 1-5 hektar arasında dəyişən təsərrü­fatlar təşkil etmişdir. Yalnız təsərrüfatların 5 faizinin mülkiyyətində və istifadəsində olan torpaqların sahəsi 5 hektardan çox olmuşdur. Bütün bunlar əkin sahələrinin həddən artıq fraqmentləşməsindən və bu formada onlar­dan səmərəli istifadənin mümkünsüzlüyün­dən xəbər verir. 

Ümumilikdə, xırda təsərrüfatçılıq səbə­bindən kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadədə yaranmış çatışmazlıqlar aşağıdakı­lardan ibarətdir:

– kənd təsərrüfatı məhsulları istehsal edilən təsərrüfatlarda torpaq sahələrinin öl­çülərinin həddən artıq az olması;

– bir təsərrüfatın istifadəsindəki torpaq sahələrinin müxtəlif ərazilərdə yerləşməsi və aralarında məsafənin böyük olması;

– torpaq sahələrinin həndəsi ölçülərinin səmərəli istifadə üçün uyğunsuzluğu;

– fermer təsərrüfatlarında çox aşağı sə­viyyədə gəlir əldə edilməsi; 

– torpaqlarda müasir aqrotexnoloji təd­birlərin (gübrələmə, suvarma və maşın və mexanizmlərdən istifadə və s.) həyata keçi­rilməsinin mümkünsüzlüyü;

– səmərəsiz istifadə səbəbindən torpaqla­rın həm potensial, həm də effektiv münbitli­yinin aşağı düşməsi;

– bir sıra hallarda torpaqlardan təyinatı­na uyğun istifadə olunmaması;

– torpaqların istifadəsiz qalması (torpaq­ların kolluğa çevrilməsi, bataqlaşması və s.)

– kənd təsərrüfatı məhsullarının istehsa­lının (həcminin və məhsuldarlığının) aşağı səviyyədə olması və bu məhsulların idxala yönləndirilən məhsullarla rəqabətə davamlı olmaması və s.;

Xırda təsərrüfatçılıq səbəbindən torpaq istifadəçiliyində olan çatışmazlıqları aradan qaldırmağın vacibliyinə Prezident İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi iclas­ların birində çıxışı zamanı toxunmuş və ki­çik torpaq sahələrinin tam könüllük əsasında birləşdirilərək iri fermer təsərrüfatlarının ya­radılması məsələsinin önəmindən danışmış­dır. Dövlət başçısı –“kiçik pay torpağı olan vətəndaşların öz torpaqlarını birləşdirərək kooperativ yaratmasını həmişə dəstəkləmiş və təbliğ etmişik”– demişdir.

Ölkə rəhbərinin bu məsələyə xüsusi diqqəti nəticəsində artıq ölkəmizdə böyük təsərrüfatların yaradılması istiqamətində cid­di addımlar atılmaqdadır. Bunun bariz nü­munəsi kimi, 2016-cı il iyulun 18-də “Tor­paqların kooperasiyası haqqında” qanunun qəbul olunması və bunun ardınca “Azər­baycan Respublikasında kənd təsərrüfatı tor­paqlarının kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqamı”nın qəbulunu göstərmək olar.

Kənd təsərrüfatı kooperativlərinin ya­radılması torpaqlardan daha səmərəli is­tifadəyə imkan verməklə yanaşı, fermer təsərrüfatlarının gəlirlərinin artmasına öz müsbət təsirini göstərəcək. Kooperativlərin yaradılması, həmçinin rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalını və bu məhsulun xarici bazarlara çıxışını asanlaşdırmalıdır. Bundan əlavə fermerlər torpaq və əmlakı birləşdirməklə kooperativ­lərə iri investisiya layihələrini cəlb etmək, mövcud texnikadan daha səmərəli istifadə etmək, daha uyğun şərtlərlə yeni müasir texnikanı ala bilmək imkanlarını qazanmış olurlar. Bütün bunlar və bununla bağlı digər məsələlər, “Kənd təsərrüfatı kooperasiyası” haqqında Qanunun müddəalarında öz ək­sini tapmışdır. “Torpaqların kooperasiyası” haqqında Qanunun 3-cü bəndində deyilir: “Azərbaycan Respublikasında kənd təsər­rüfatı məhsulları istehsalçılarının könül­lü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal po­tensialından səmərəli istifadə etməklə rəqa­bət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının forma­laşmasına və inkişafına təkan vermək, ko­operasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarını qorumaqdır”. 

Artıq bu qanun əsasında Sabirabad ra­yonunun Beşdəli və Yaxa Dəllək kəndləri­nin xırda torpaq mülkiyyətçiləri birləşərək, kəndlərində “Birlik” İstehsal Kooperativi yaratmışlar. Kooperativin ümumi ərazisi 850 hektar əkin sahəsini əhatə edir, bu isə orta hesabla adambaşına 1,25 hektar torpaq sahə­si deməkdir. Bundan əlavə rayon ərazisində Axısxa kənd sakinlərinin öz pay torpaqlarını birləşdirməsi nəticəsində “Axısxalılar Toxum İstehsal Kooperativi” də yaradılıb. Bu, Azər­baycanda ilk toxum istehsalı kooperatividir. Bu birlikdə “Kənd təsərrüfatı kooperasiya­sının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritə­sinə uyğun olaraq vətəndaşların könüllü bir­ləşməsi əsasında təsis olunub. 231 ailədən 746 nəfərin təmsil olunduğu kooperativin sərəncamında 730 hektar torpaq sahəsi var.

Bütün bunlarla yanaşı xırda təsərrüfat­çılığın tədricən aradan qaldırılması, iri fer­mer təsərrüfatlarının yaradılması zərurətin­dən və eyni zamanda inkişaf etmiş xarici ölkələrin bu sahə üzrə təcrübəsindən irəli gələrək, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Birləş­miş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Salyan rayonunun Şorsulu kəndində torpaqların konsolidasiya olunması üzrə pilot layihə hə­yata keçirilmişdir.

Teymur NİZAMZADƏ,
Bakı Dövlət Universitetinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru

İqtisadiyyat