Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bütün digər sahələr kimi aqrar bölmənin də inkişafı üçün əlverişli zəmin yaradır. Hazırda əhalisinin təqribən yarısının bölgələrdə yaşadığı Azərbaycanda aqrar sahənin inkişafı, daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin kənd təsərrüfatına xüsusi diqqət və qayğısı, eləcə də dövlətin həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı tədbirlərin nəticəsidir ki, son illər bu sahəyə maraq getdikcə artır.
Eyni zamanda, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması kənd təsərrüfatında təşəbbüskarlığa geniş meydan açır. Bütün bunlar isə ölkədə məhsul bolluğuna təminat yaratmaqla yanaşı, yerlərdə iqtisadi fəallığın artmasına səbəb olur. Təkcə onu qeyd etmək kifayətdir ki, son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 46,8 faiz artıb. Ötən dövrdə ölkədə bitkiçilik məhsullarının istehsalında 53 faiz, heyvandarlıq məhsullarının istehsalında isə 42,5 faiz artım qeydə alınıb. Bu da kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının təqribən 30 faiz artmasına imkan yaradıb.
Aqrar sektorda müşahidə olunan müsbət dinamika cari ilin ötən dövründə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin birinci yarısında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 19,7 milyon manat təşkil edib. Bunun da 3 milyard 138,7 milyon manatı heyvandarlıq, 2 milyard 881 milyon manatı isə bitkiçilik məhsullarının payına payına düşüb. Bu ilin ilk 6 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsalı 0,3 faiz artıb. Hesabat dövründə heyvandarlıq məhsulları üzrə 2,1 faiz artım qeydə alınsa da, bitkiçilik məhsullarının istehsalında 1,4 faiz azalma baş verib.
Bununla belə, kənd təsərrüfatının bitkiçilik bölməsində məhsul istehsalının artırılması üçün imkanlar genişdir. Bu səbəbdəndir ki, son illər istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Əkin sahələrinin genişləndirilməsi isə məhsul bolluğuna təminat yaradan mühüm amildir. Bu məqsədlə ötən ilin payızından başlayaraq 2024-cü ilin məhsulu üçün müxtəlif bitkilərin əkini intensiv qaydada davam etdirilib.
Artıq ölkədə yaz-tarla işləri başa çatıb. Dövlət Statistika Komitəsindən aldığımız məlumata əsasən, 2024-cü il iyul ayının 1-dək ölkə üzrə 375 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 64,9 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 29,2 min hektarı dən üçün qarğıdalı), 46,8 min hektar sahədə kartof, 62,5 min hektar sahədə tərəvəz, 19,4 min hektar sahədə bostan bitkiləri, 103,1 min hektar sahədə pambıq, 14,2 min hektar sahədə dən üçün günəbaxan, 6,8 min hektar sahədə şəkər çuğunduru, 2,6 min hektar sahədə tütün, 49,7 min hektar sahədə çoxillik otlar, 4,1 min hektar sahədə birillik otlar və 0,9 min hektar sahədə sair yazlıq bitkilər əkilib. Ayrı-ayrı günlərdə müşahidə olunan əlverişsiz hava şəraitinə baxmayaraq, sahələrdə bol məhsul yetişdirilməsinə nail olunub.
Ötən müddətdə məhsulun optimal vaxtda və itkisiz yığılması üçün bütün imkanlardan maksimum istifadə edilib. Operativ məlumatlara əsasən, iyul ayının 15-dək Azərbaycandakı taxıl sahələrinin 85 faizində biçin başa çatıb. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, artıq arpa sahələrinin 95,8 faizi, buğda sahələrinin isə 77,2 faizi biçilib. Sahələrdən 2 milyon 691 min 552 ton məhsul yığılıb. Yığılan məhsulun 1 milyon 492 min 746 tonu buğda, 1 milyon 198 min 806 tonu isə arpadır. Buğda üzrə orta məhsuldarlıq 33 sentner, arpa üzrə məhsuldarlıq isə 29,4 sentner təşkil edir. Ümumilikdə, taxıl üzrə hektarın orta məhsuldarlığı 31,3 sentnerə çatıb.
Hazırda dağlıq və dağətəyi ərazilərdə biçin prosesi sürətlə davam etdirilir. Ötən müddətdə biçin prosesinə 925 kombayn cəlb olunub. Bunlardan 282-si “Aqroservis” ASC-nin, 643-ü isə fiziki və hüquqi şəxslərin balansında olan texnikalardır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə mexanizatorlar 60 min 148 hektar daha çox sahədə biçin həyata keçiriblər.
Yanvar-iyun aylarında təsərrüfatlarda 859,2 min ton tərəvəz istehsal olunub. Yeri gəlmişkən, bu il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3027 vahid istixana fəaliyyət göstərib. Ötən müddətdə həmin istixanalarda 171,2 min ton pomidor və 7,3 min ton xiyar istehsal edilib. Cari ilin yanvar-iyun aylarında ölkə üzrə 358,1 min ton kartof, 174,6 min ton meyvə və giləmeyvə, 127,8 min ton bostan məhsulları, 10,7 min ton şəkər çuğunduru, 572,4 ton tütün və 495,8 ton yaşıl çay yarpağı yığılıb. Hesabat dövründə dənli və dənli-paxlalılar, kartof, tütün və yaşıl çay yığımında bir qədər azalma müşahidə olunsa da, tərəvəz, meyvə və giləmeyvə, bostan məhsulları və şəkər çuğunduru istehsalında əhəmiyyətli artım qeydə alınıb. Hazırda ölkəmizdə kənd təsərrüfatı məhsullarının yığımı davam edir.
Kənd təsərrüfatının ikinci əsas sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün də ölkədə mühüm tədbirlər həyata keçirilib. Bu baxımdan sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər mal-qaranın baş sayının artmasına və heyvanların məhsuldarlığının yüksəlməsinə səbəb olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 290,3 min ton ət, 1 milyon 134,1 min ton süd, 1 milyard 189,1 milyon ədəd yumurta, 13,8 min ton yun və 239,5 ton barama istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 faiz, süd istehsalı 1 faiz, yumurta istehsalı 7,4 faiz artıb. Bununla belə, hesabat dövründə yun istehsalı 1,6 faiz, barama istehsalı isə 32,8 faiz azalıb.
Aqrar sahədə mövcud potensialdan səmərəli istifadə olunması, əkin sahələrinin genişləndirilməsi, eləcə də heyvandarlığın inkişaf etdirilməsi üçün göstərilən dövlət dəstəyi ölkənin ərzaq təhlükəsizliyinə və ixrac potensialının artırılmasına mühüm töhfələr verir. Qarşıdakı illərdə isə kənd təsərrüfatının hər il orta hesabla 4 faiz artacağı proqnozlaşdırılır. Elə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında bir çox sahələrdə olduğu kimi, aqrar sektorda müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, həmçinin yeni iş yerlərinin yaradılacağı qeyd olunub.