Bu, ölkəmizdə islahat paketlərinin uğurlu icrasından xəbər verir
Bu ilin ilk yarısında ölkəmizin iqtisadiyyatında artım müşahidə edilib. Hesabat dövründə uğurlu göstəricilərin əldə olunması ilə ölkəmizin maliyyə vəziyyəti yüksək dərəcədə yaxşılaşıb. Bunu isə, ik növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın gerçəkləşdirilməsi kimi amillər şərtləndirib.
Bu məqamda onu da bildirək ki, ölkənin qeyri-neft-qaz sektorunun dinamik inkişafını bildirən göstəricilər əldə edilməsi iqtisadiyyatın bütün sahələrində ötən illərdəki artım dinamikasının qorunub saxlanılmasının məntiqi nəticəsidir. Başqa sözlə, belə bir uğur makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi ilə şərtlənir.
Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi, təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var. Bütün bunlar Maliyyə Nazirliyinin ilin ilk yarısı üzrə büdcə məlumatında da öz ifadəsini tapır.
Həmin məlumatda qeyd edilir ki, cari ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 972,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. Bu ilin yanvar–iyun aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 170,1 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 milyard 100,2 milyon manatın (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 250,2 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,02 milyon manat), cəmi 1 milyard 270,3 milyon manatın ödənilməsi təmin edilib.
Xarici borclanma hesabına icrası həyata keçirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilən operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, ötən 6 ay ərzində xarici dövlət borcu 5 milyard 367,5 milyon dollar ekvivalentinə bərabər olub.
Daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcu 2024-cü il iyulun 1-də 1 milyard 6571,9 milyon manat təşkil edib.
Yeri gəlmişkən, burada xarici dövlət borcunun davamlı azalmasını şərtləndirən əsas amillərə də toxunmaq istərdik. Belə ki, bu məsələdə dövlət başçısının 22 iyul 2022-ci il tarixli müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” böyük əhəmiyyətə malikdir. Strategiyada 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizini, o cümlədən xarici dövlət borcunun 10 milyard dolları üstələməməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Adıçəkilən sənəd imzalanana qədər xarici dövlət borcunun azalması probleminin həllində ölkə Prezidenti tərəfindən 2018-ci il 24 avqust tarixli sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” mühüm rol oynayıb. Lakin ötən dövr ərzində dünyada baş verən müəyyən hadisələr, məsələn, koronavirus pandemiyası ölkəmizin makroiqtisadi sabitliyinə, məşğulluq və sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir göstərib. Daha sonra isə işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması zərurətindən irəli gələn yeni sosial-iqtisadi çağırışlar meydana gəlib. Bütün bunlar isə “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da müəyyən düzəlişlər aparılması ilə nəticələnib.
Bu məqamda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ifadə olunan bir məsələni də vurğulamaq yerinə düşərdi. Belə ki, adıçəkilən milli prioritetlərdə bildirilir ki, daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanmalarına nəzarət gücləndirilməli və bu əsaslarda dövlət borcunun idarəedilməsi təşkil olunmalıdır.
Bax, elə bütün bunlara görə də hazırda istər daxili, istərsə də xarici borcun qarşılanması makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və sabit olmasının gerçəkləşdirilməsi, idarəetmənin institusional çərçivəsinin təkmilləşdirilməsi və maliyyə bazarlarının səmərəli fəaliyyət göstərmələri diqqətdə saxlanılır. Nəticə isə xarici dövlət borcunun azalmasını əks etdirən müsbət dinamika ilə müşahidə olunur.
Maliyyə Nazirliyinin məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi müvafiq təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında reallaşdırılıb.
Bu dövrdə dövlət büdcəsinin xərcləri 16 milyard 52,1 milyon manat və ya təsdiq olunan proqnoza qarşı 2 milyard 297,8 milyon manat (16,7 faiz) çox icra edilib. 6 ayda icrası gerçəkləşdirilən xərclər bu ilin dövlət büdcəsinin 43,7 faizini təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çox olub.
Məlumatda bildirilir ki, hesabat dövründə dövlət büdcəsi xərclərinin 9 milyard 833,8 milyon manatı və ya 61,3 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 115 milyon manat və ya 1,2 faiz çox), 4 milyard 948 milyon manatı və ya 30,8 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 1034,3 milyon manat və ya 26,4 faiz çox), 1 milyard 270,3 milyon manatı və ya 7,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 839,5 milyon manat və ya 2,9 dəfə çox) yönəldilib.
Yanvar-iyun aylarında dövlət büdcəsinin təhsil xərcləri 2 milyard 239,1 milyon manat (131,5 faiz), müdafiə və milli təhlükəsizlik xərcləri 3 milyard 47,6 milyon manat (126,9 faiz), sosial müdafiə və sosial təminat xərcləri 2 milyard 91,5 milyon manat (123,1 faiz), kənd təsərrüfatı xərcləri 491 milyon manat (119 faiz), səhiyyə xərcləri 803 milyon manat (114,7 faiz), ətraf mühitin mühafizəsi xərcləri 128,2 milyon manat (90,9 faiz) təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 16 milyard 940,6 milyon manat proqnoza qarşı 18 milyard 842,9 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 1 milyard 902,3 milyon manat və ya 11,2 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 21,7 faiz və ya 3 milyard 363 milyon manat çox olub.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 18 faiz çox reallaşdırılmaqla 12 milyard 452,4 milyon manata yüksəlib.
Hesabat dövründə dövlət büdcəsinin daxilolmalarının 8 milyard 282,4 milyon manatı və ya 44 faizi vergi daxilolmalarının, 6 milyard 390,5 milyon manatı və ya 33,9 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3 milyard 252,2 milyon manatı və ya 17,3 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 17,8 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşüb.
Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, cari ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin altı aylıq gəlirləri üçün təsdiqlənən proqnozdan vergi daxilolmaları 1 milyard 053,8 milyon manat (14,6 faiz), gömrük rüsumları və idxala görə 418,2 milyon manat (14,8 faiz), dövlət əmlakının icarəyə verilməsindən 3,7 milyon manat (26,2 faiz) təşkil edib.
Yuxarıda qeyd edilənlərlə yanaşı, cari ilin I yarısında Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərin yenidən qurulmasına və bərpasına 1 milyard 953,5 milyon manat vəsait yönəldib.
Maliyyə Nazirliyinin bu barədə məlumatında bildirilir ki, həmin göstərici 2024-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 milyard 825 milyon manat vəsaitin 51,1 faizi deməkdir.