5 ayda xarici alış-veriş 18 milyard 225 milyon dollara çatıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli, uğurlu siyasət nəticəsində hazırda Azərbaycan dünyada baş verən iqtisadi təlatümlər fonunda dünyanın sürətli inkişaf tempinə çatan ölkələrindən birinə çevrilib. Bu, özünü daha çox çevik və səmərəli iqtisadi idarəetmə hesabına, köklü struktur–institusional islahatların reallaşdırılması nəticəsində qeyri-neft sektorunun payının yüksəlməsində büruzə verib. Qeyri–neft sənayesinin inkişafı ölkəmizin karbohidrogen daşıyıcılarının hasilat və ixracından əldə edilən gəlirlər hesabına sürətlənib, eyni zamanda, bunun nəticəsində daxili istehsalın və istehlak bazarının idxaldan asılılığı azalıb, ixracın şaxələnməsi reallaşıb.
Bu sektorda istehsalın davamlı artımı cari ilin 6 ayının iqtisadi göstəricilərində də öz əksini tapıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar–iyun aylarında ölkədəki sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 31,5 milyard manatlıq məhsul istehsal edilib. Son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 7,4 faiz çoxalıb.
Sənaye məhsulunun 65 faizi mədənçıxarma, 29,2 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi su təchizatı sektorlarında istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik qaz hasilatı isə 5,3 faiz yüksəlib.
Respublikada yüzlərlə müasir sənaye müəssisəsinin, yeni istehsal sahələrinin, müxtəlif bölgələrdə sənaye parklarının yaradılması isə yerli məhsulların payının əhəmiyyətli dərəcədə artmasını şərtləndirməklə yanaşı, ixrac imkanlarının genişlənməsində önəmli rol oynayıb.
Təbii ki, ixrac imkanlarının genişləməsi üçün respublikada müxtəlif sahələri əhatə edən istehsalat sahələrinin, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühitinin və siyasi sabitliyin yaradılması diqqət mərkəzində saxlanılıb.
Yeri gəlmişkən, ölkədə əlverişli biznes mühiti dedikdə, şübhəsiz ki, sahibkarlar, iş adamları üçün stimullaşdırıcı biznes və investisiya mühitinin mövcudluğu, bu sahədə dövlət tərəfindən müxtəlif dəstək tədbirlərinin, həmçinin vergi və gömrük güzəştlərinin reallaşdırılması nəzərdə tutulur və bunlar hazırda iqtisadi inkişafın dinamikasını şərtləndirir.
Respublikamızda xarici ticarət dövriyyəsi və ixrac əməliyyatlarının getdikcə genişləndirilməsi ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdən biridir. Bununla bağlı rəqəmlərə diqqət yetirəndə həm də aydın görünür ki, ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisi getdikcə artır. Məlumat üçün bildirək ki, son illər ölkəmizdə qeyri–neft sektorunun davamlı inkişafı ilə bağlı reallaşdırılan tədbirlər nəticəsində bu sahədə rəqabətqabiliyyətli məhsulların istehsalı xeyli artıb. Bu gün həmin məhsullara dünya bazarlarında getdikcə böyük maraq yaranır.
Azərbaycan hazırda ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. Son illərdə bu sahədə müsbət nəticələr əldə edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilib. Prezident İlham Əliyevin xarici dövlətlərə səfərləri, eləcə də Azərbaycanın və tərəfdaş ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı görüşləri bu işə güclü təkan verib.
Diqqətəlayiq haldır ki, respublikamızın beynəlxalq əlaqələrinin coğrafiyası da ildən-ilə genişlənir. Ölkəmiz təkcə Avropa və Asiya dövlətləri ilə deyil, həm də Latın Amerikası, Mərkəzi Amerika və Afrika coğrafiyası ilə ikitərəfli əməkdaşlığa xüsusi diqqət yetirir.
Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülən strategiyaya əsaslanır, ölkəmizin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Respublikamızda mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılan münbit şərait, ən başlıcası isə Azərbaycanın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır.
Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Azərbaycanın xarici iqtisadi-ticari əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Məlumat üçün bildirim ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən layihələr nəticəsində bu səhədə rəqabət qabiliyyətli məhsulların istehsalı xeyli artıb. Artıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə güclənir.
Bu gün rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş verib. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarıb, hətta bəzi hallarda ixraca da yönəldilib. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır.
Azərbaycan hökuməti yerli iş adamlarını kreditlə təmin etməklə bərabər, xarici sahibkarları da Azərbaycan iqtisadiyyatına kapital qoyuluşuna maraqlandırır. Bu məqsədlə artıq ölkəmizdə qanunvericilik bazası dünya standartlarına uyğunlaşdırılıb. Nəticədə xarici şirkətlərdə Azərbaycana inam güclənib. Məhz elə buna görə də hazırda Azərbaycan MDB məkanında ən çox xarici kapital qoyulan ölkəyə çevrilib. Bu, beynəlxalq təşkilatların Azərbaycana dair hesabatlarında da öz ifadəsini tapıb. Başqa sözlə, beynəlxalq təşkilatlar tərəfindən respublikamızdakı əlverişli investisiya mühitinin təsdiqi ölkəmizə daha çox xarici kapitalın axmasına imkan yaradır.