Bu ilin ilk yarısında Azərbaycanın neft kəmərləri ilə 19 milyon 238,6 min ton neft nəql edilib. Bu barədə “XQ”yə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, nəqletmənin 14 milyon 468,7 min tonu və ya 75,2 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib.
Hesabat dövründə BTC ilə nəqletmənin 11 milyon 773,9 min tonu və ya 81,4 faizi Azərbaycan da hasil olunmuş neftin payına düşüb. Məlum olduğu kimi, artıq BTC ilə, həm də Qazaxıstan və Türkmənistan nefti daşınır. Bu ilin yanvar-iyun aylarında bu kəmərlə adıçəkilən ölkələrə məxsus 2 milyon 694,8 min ton neft ixrac olunub. Bu isə ümumi nəqletmənin 18,6 faizi deməkdir. Ümumilikdə, BTC ilə daşınmış Qazaxıstan və Türkmənistan nefti əvvəlki ilin eyni dövrünə nisbətən 9,8 faiz artıb.
Xatırladaq ki, ötən il ölkəmizin magistral neft kəmərləri ilə 39 milyon 753,2 min ton neft nəql edilib. İl ərzində nəql edilmiş neftin 30 milyon 191,6 min tonu və ya 75,9 faizi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin payına düşüb.