Rusiyanın “Tatneft” neft şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə ölkəmizin ən qədim neft yataqlarından biri olan “Bibiheybət” yatağının işlənməsini həyata keçirəcək.
Bu barədə “Tatneft”in baş direktoru Nail Maqanov məlumat verib. “Bu, köhnə yataqlardan biridir. SOCAR-dan olan həmkarlarımızla birlikdə bizdə olan texnologiyaları tətbiq edəcəyik”, – deyə o, Almetyevskdə keçirilən Beynəlxalq Neft və Qaz Forumunda bildirib.
Tatarıstan və Azərbaycan şirkətlərinin Türkiyədə neft emalı zavodunun yenidən qurulması sahəsində birgə çalışdıqlarını vurğulayan baş direktor ənənəvi olaraq neft-kimya sahəsində yaxşı nəticələr əldə edildiyini və azərbaycanlı həmkarlarla birlikdə bu mövzu üzərində işlədiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, 2024-cü ilin mayında SOCAR və “Tatneft” arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb. Bu sənədlə şirkətlər arasında neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı, təcrübə mübadiləsi, insan kapitalının inkişafı və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur.