Qurum bu məqsədlə Azərbaycanla birgə Əməkdaşlıq Fondu yaradır
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) Ümumdünya Gömrük Təşkilatı (ÜGT) ilə “CCF Azerbaijan” Gömrük Əməkdaşlıq Fondunun yaradılması barədə razılığa gəlib.
ÜGT-nin yaydığı məlumata əsasən, iyunun 27-dən 29-dək ÜGT Şurasının 143/144 sessiyası çərçivəsində bu qurumun Baş katibi Yan Sonders və Azərbaycanın DGK-nin sədri Şahin Bağırov tərəfindən “CCF Azerbaijan” fondunun yaradılması üzrə qrant sazişi imzalanıb. Belə bir fondun yaradılmasında məqsəd gömrük əməkdaşlığının gücləndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə potensialın artırılması olub.
Məlumatda bildirilib ki, son illərdə ÜGT region ölkələrindən Orta Dəhliz boyunca gömrük əlaqələrinin yaxşılaşdırılmasına dəstək göstərmək üçün çoxsaylı müraciətlər alıb. Bu müraciətlərdə dəhlizin mühüm ticarət marşrutu kimi əhəmiyyəti, səmərəli və təhlükəsiz ticarət axınlarını asanlaşdırmaq üçün etibarlı gömrük prosedurlarına ehtiyac duyulduğu diqqətə çatdırılıb. Eyni zamanda, “CCF Azerbaijan” fondunun yaradılması ilə sadalanan tələblərin yerinə yetirilməsi və ticarətin qloballaşması ilə əlaqədar gömrük idarələrinin üzləşdiyi problemlərin həlli qarşıya mühüm vəzifə kimi qoyulub.
Qeyd edilib ki, “CCF Azərbaycan” bir sıra fəaliyyətləri, o cümlədən gömrük işçilərinin təlimini və benefisiar gömrük administrasiyaları üçün praktikumların, seminarların və görüşlərin təşkilini də dəstəkləyəcək. Bu fəaliyyətlər isə ticarətin asanlaşdırılmasını təşviq etmək və hüquq-mühafizə, gömrük xidmətlərinin müasirləşdirilməsi və təkmilləşdirilməsi, həmçinin gömrük işçilərinin səriştə və bacarıqlarının artırılması məqsədi daşıyır.
Yeri gəlmişkən, xatırladaq ki, cari ilin may ayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin– Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın informasiya sistemlərinin də inteqrasiyasını nəzərdə tutan sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında saziş ratifikasiya edilib. Bu sazişlə Orta Dəhliz boyunca xarici ticarət fəaliyyətinin sadələşdirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici ticarətində əsas pay Rusiyadan Avropaya Çin vasitəsi ilə keçir. Yuxarıda sözügedən yeni saziş isə digər dəhlizin – Xəzər dənizi, Azərbaycan və Türkiyədən keçən Orta Dəhlizin inkişafına yönəlir. 2010-cu ildən 2022-ci ilə qədər bu sazişdə iştirak edən ölkələr arasında ticarət dövriyyəsinin üç dəfə artması xüsusi diqqət çəkir. Bu, gələcək artım üçün böyük potensialdan xəbər verir.
Sadələşdirilmiş gömrük dəhlizinin aşağıdakı üstünlükləri var: ticarət operatorlarına buraxılış məntəqələrində prioritet xidmət göstəriləcək və bu, gözləmə vaxtlarını azaldacaq; gömrük rəsmiləşdirilməsi prosedurları ayrı-ayrı hərəkət zolaqlarından istifadə edilməklə optimallaşdırılacaq və bu, rəsmiləşdirmə müddətlərini daha da azaldacaq; gömrük yoxlanılması yalnız gömrük qanunvericiliyinin pozulması riskinin müəyyənləşdirildiyi hallarda aparılacaq və bu, dayanma müddətini və xərcləri azaltmağa imkan verəcək.
Sadələşdirilmiş gömrük dəhlizi haqqında saziş konkret sənaye sahələrini və gömrük rəsmiləşdirilməsi üçün malların seçimini məhdudlaşdırmır. Bu, o deməkdir ki, ticarət operatorları bütün növ mallar üçün sadələşdirilmiş prosedurlardan istifadə edə bilərlər.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Ötən il Orta Dəhliz üzrə yükdaşımaların həcmi 65 faiz və ya təxminən 3 milyon ton artıb. 2024-cü ildə bu marşrutla yükdaşımaların 4 milyon tonu keçəcəyi proqnozlaşdırılır.
Son illərdə Azərbaycan Orta Dəhlizin ən yüksək səviyyədə reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücünün artırılması, eləcə də respublikada nəqliyyat və logistika infrastrukturunun yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirib.
Hazırda yük daşımaların artmasında Orta Dəhlizin fəaliyyəti daha çox diqqət çəkir. Bu marşrut Çindən Türkiyəyə və Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yük axınının artırılmasına xidmət etməklə region ölkələrinin ticarət-iqtisadi əlaqələrinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır.
Azərbaycan Orta Dəhlizin inkişafına daim önəm verib, bu istiqamətdə reallaşdırılan layihələrin gerçəkləşdirilməsini diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda bu gün Orta Dəhlizə heç vaxt olmadığı qədər ehtiyac yarandığını, Çindən gələn və Azərbaycandan keçən yüklərin ildən-ilə artdığını vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib: “Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı biz Siandan çıxmış və Bakıya çatmış konteyner qatarının birgə qarşılanma mərasimini keçirdik. Beləliklə, bu, ölkələrimiz arasında əməkdaşlığımızın birgə nümayişi idi. Sözsüz ki, Qazaxıstanla Çin daha fəal əməkdaşlıq edir. Lakin Azərbaycanla Çin də əməkdaşlıqlarını çox ümidverici və çox nəticəyönümlü şəkildə inkişaf etdirir”.
Göründüyü kimi, Azərbaycanda ölkəmizlə bağlı olan bütün nəqliyyat marşrutlarının, o cümlədən Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilib. Bununla əlaqədar bir sıra mühüm layihələr və proqramlar reallaşdırılıb. Belə ki, dövlət başçısının rəhbərliyi ilə “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”, “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramı (2006-2015-ci illər)”, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” və s. müxtəlif istiqamətləri əhatə edən çoxsaylı proqramlar uğurla həyata keçirilib.
Azərbaycanın nəqliyyat dəhlizlərində rolunun artırılması baxımında ötən il noyabrın 23-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün” Fəaliyyət Planının əhəmiyyətini də vurğulamaq lazımdır.
Qeyd edək ki, son illər nəqliyyat sektorunda bu sahənin dayanıqlılıq, etibarlılıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarına uyğunluğu baxımından konkret və sistemli layihələr reallaşdırılıb. Sözügedən istiqamətdə aparılan dövlət siyasətində ölkəmizin sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəlməsinə, dövlətimizin iqtisadi qüdrətinin artmasına yönələn tədbirlər əhatə olunub. Aparılan siyasət institusional islahatlar yolu ilə idarəetmənin təkmilləşdirilməsi, nəqliyyat əməliyyatlarında informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə və dövlət tənzimləmə mexanizmlərinin tətbiqi yolu ilə sağlam rəqabət mühitinin formalaşması məqsədi daşıyıb.