“Abşeron” yatağının 1 yaşı tamam oldu “Abşeron” yatağının 1 yaşı tamam oldu

post-img

Xəzərin bu zəngin mənbədən 1,2 milyard kubmetr qaz, 484 min ton kondensat çıxarılıb

Bu gün Xəzər dənizinin Azərbay­can sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağının istismara verilməsinin 1 ili tamam olur. Xa­tırladaq ki, 2023-cü il iyulun 10-da “TotalEnergies” şirkəti və onun tərəf­daşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizin­də, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənmə­sinin birinci mərhələsi üzrə hasilata başlandığını rəsmən elan etmişdilər. 

Bu, Azərbaycanın energetika sek­torunda daha mühüm bir hadisənin başlanması demək idi. Çünki “Abşe­ron” “Şahdəniz”dən sonra beynəlxalq saziş çərçivəsində SOCAR-ın xarici tərəfdaşları ilə birgə istismarına baş­ladığı ikinci ən böyük qaz-kondensat yatağıdır. Yeri gəlmişkən, SOCAR-ın Bakı Enerji Həftəsi çərçivəsində keçi­rilən “Caspian Oil&Gaz” neft-qaz sər­gisində açıqladığı məlumata əsasən, “Abşeron” yatağında hasilata başla­nıldığı vaxtdan cari il mayın 1-dək 1,2 milyard kubmetr qaz və 484 min ton kondensat hasil olunub. Məlumatda, həmçinin qeyd olunur bu il “Abşeron” yatağından 1,5 milyard kubmetr qaz və 523 min ton qaz kondensatın hasil ediləcəyi gözlənilir. 

Yatağın birinci işlənmə mərhələsi çərçivəsində istismar olunan sualtı ha­silat quyusu SOCAR-ın Neft Daşların­dakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirilib. Quyunun hasilat gücü gündəlik 4 mil­yon kubmetr qaz və 12 min barel kon­densat təşkil edır. “Abşeron” qazının Azərbaycanın daxili bazarına satılaca­ğı nəzərdə tutulur.

Qeyd edək ki, JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə öncə TotalEnergies və SOCAR hər biri 50 faiz paya malik idilər. 2023-cü ilin ya­yında, ilkin hasilata başlanıldığından bir qədər sonra isə “Abşeron” layihəsi ilə bağlı daha bir əlamətdar hadisə baş ve­rib. Belə ki, avqust ayının 4-də SOCAR, “TotalEnergies” və ADNOC (Birləşmiş Ərəb Əmirlikləri) şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına dair saziş imzalanıb. Satınalma tamamlan­dıqdan sonra ADNOC şirkəti “Abşeron” qaz-kondensat yatağında həmin paya sahib olub. Yerdə qalan iştirak payı isə hər biri 35 faiz olmaqla SOCAR və “To­talEnergies” şirkətləri arasında bölünüb.

Məlumat üçün bildiririk ki, “Abşeron” yatağı ötən əsrin 60-cı illərində Azərbay­can geoloqları tərəfindən kəşf edilib. O zaman mövcud texnika və texnologiyalar Xəzər dənizinin dərinliklərində qazma iş­lərinə imkan vermədiyindən yatağın istis­marı mümkün olmayıb. Nəhayət, 1997-ci ildə “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsünə dair birinci beynəlxalq müqavilə imzalanıb. Layihə çərçivəsində görülən işlər uğursuz nəticələndiyindən 2005-ci ildə müqaviləyə xitam verilib. Bu­nunla belə, Azərbaycan geoloqları, Azər­baycan Dövlət Neft Şirkətinin mütəxəs­sisləri “Abşeron” yatağında məhsuldar layların olması ilə bağlı fikirlərində israrlı idilər. Eyni zamanda, xarici tərəfdaşlar da burada kifayət qədər karbohidrogen ehtiyatlarının olmasına inanırdılar. 

Məhz bu inamın nəticəsi olaraq 2009-cu il fevralın 27-də Azərbaycan Dövlət Neft Şirkəti ilə “Total” şirkəti arasında “Ab­şeron” yatağı üzrə yeni müqavilə imzala­nıb. 2015-ci ildə isə “SOCAR” və “Total” birgə “JOCAP” (Joined Operating Com­pany Absheron Petroleum) əməliyyat şirkətini yaradıblar. Beləliklə, “SOCAR Ab­sheron” və “Total E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdi­yi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsi “Abşeron” yatağının operatoru elan olu­nub. Müqavilənin 30 il müddətinə həyata keçirilməsi nəzərdə tutulur. 747 kvadratki­lometr ərazini əhatə edən müqavilə sahə­sində aparılan ilkin kəşfiyyat işləri uğurla nəticələnib. 2011-ci ilin sentyabr ayında “Abşeron”da çox böyük qaz ehtiyatlarının aşkar olunması rəsmən elan edilib. 

2020-ci il sentyabrın 19-da isə “Abşe­ron” qaz-kondensat layihəsinin reallaş­dırılması istiqamətində mühüm hadisə baş verib. Həmin gün Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağı­nın dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Xatırladaq ki, “Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğu­lar SOCAR-ın “BOS Şelf” şirkəti tərəfin­dən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakada­ların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraş­dırılması daxildir. 

Xəzər dənizində, “Azəri-Çı­raq-Günəşli” yataqlar blokundan cə­nub-qərbdə, dənizin 500 metr dərin­liyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həc­mində qiymətləndirilir. Elə bu zəngin­liyinə görə də “Abşeron” yatağının bir neçə mərhələdə işlənməsi nəzərdə tutu­lur. Yatağın işlənməsinin birinci mərhələ­sində ildə 1,5 milyard kubmetr qaz və 750 min ton kondensat hasilatı nəzərdə tutulur. Növbəti illərdə isə burada illik ha­silatın ən azı 4 milyard kubmetrə qədər artırılacağı gözlənilir. Bütövlükdə isə, ya­tağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. 

Qeyd edək ki, “Abşeron” yatağının birinci işlənmə çərçivəsində hasil edilən qaz daxili tələbatın ödənilməsinə yönəl­dilir. İlkin mərhələdə isə buradan ildə, təxminən, 1,5 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur. Bu da Azər­baycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə sayılmalıdır. Gələcəkdə isə yataq­dan hasilatın dörd dəfəyədək artırılması planlaşdırılır. 

Xatırladaq ki, yatağın tammiqyaslı işlənmə mərhələsi ilə bağlı yekun inves­tisiya qərarının 2024-cü ilin sonunadək qəbul edilməsi nəzərdə tutulur. Hazırda layihənin iştirakçıları olan SOCAR, “To­talEnergies” və “ADNOC” şirkətləri ye­kun investisiya qərarı ilə bağlı məsləhət­lər keçirirlər. Yekun investisiya qərarının nəzərdə tutulmuş vaxtda qəbul edilməsi “Abşeron” yatağının tammiqyaslı işlə­nilməsi çərçivəsində ilk qazın 2028-ci ildə əldə olunmasına imkan yaradacaq. Bu mərhələ çərçivəsində yataqdan ildə 5-6 milyard kubmetr qazın çıxarılması nəzərdə tutulur. İkinci mərhələ çərçivə­sində çıxarılacaq qazın isə xarici bazar­larda satılması planlaşdırılır.



İqtisadiyyat