2024-cü ilin altı ayı ərzində 2744 layihənin maliyyələşdirilməsinə 102,7 milyon manat güzəştli kredit ödənilib.
Sahibkarlığın İnkişafı Fondunun məlumatına görə, bu kreditlər hesabına 1556 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.
Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətini ifadə edən yuxarıdakı göstəricilər son illər ərzində respublikamızda özəl sektorun dinamik inkişafına yönələn diqqət və qayğıdan xəbər verir. Güründüyü kimi, bu gün də sözügedən istiqamətdə mühüm layihələr həyata keçirilir, investisiya təşviqi mexanizminin tətbiqi davam etdirilir. Eyni zamanda, iş adamlarının xərclərinin azalması məqsədilə onlara prioritet sahələr üzrə güzəştli kreditlər ayrılmasına xüsusi qayğı göstərilir. Başqa sözlə, güzəştli kreditlər qeyri-neft sektorunda sənaye istehsalı və emalı, o cümlədən aqrar emal, kənd təsərrüfatı və anbar kompleksləri, logistika xidməti, akvakultura, yaşıl və innovasiya yönümlü layihələrin icrasına yönəldilir.
Xatırladaq ki, regionlarda təhsil, turizm sahələri, Naxçıvan MR-də və işğaldan azad edilmiş ərazilərdə isə xidmət sektorları da güzəştli kreditlərin veriləcəyi prioritet sahələr sırasındadır.