Qırğızıstanın Nazirlər Kabineti “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in imzalanmasını təsdiqləyib.
Qırğızıstan KİV-in bu barədə yayılan məlumatına görə, adıçəkilən saziş 2024-cü il aprelin 24-də Bakıda imzalanıb. Sazişin icrasına cavabdeh olan orqan İqtisadiyyat və Kommersiya Nazirliyi müəyyən edilib. Sənəd ratifikasiya məqsədilə Qırğızıstanın Joqorku Keneşinə göndərilib.
Saziş Qırğızıstan iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb edilməsi vasitəsi kimi nəzərdən keçirilir. Bununla yanaşı, xarici şirkətlərə ikiqat vergitutmanın aradan qaldırılması və yalnız bir ölkədə vergitutma təminatının verilməsi yolu ilə ölkə iqtisadiyyatının müxtəlif sahələrinə investisiya yatırılmasına şərait yaradır.
Sazişin əsas məqsədləri bir dövlətin rezidentini digər razılığa gələn dövlətdə ayrı-seçkilik yaradan vergitutmadan qorumaq, vergidən yayınma və ya sazişin müddəalarından sui-istifadə hallarının qarşısını almaqdır.
Azərbaycanın Qırğızıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 5,4 milyon ABŞ dolları, Qırğızıstanın ölkəmizə yatırdığı kapital qoyuluşlarının həcmi isə 5,54 milyon ABŞ dolları təşkil edir. Respublikamızda qeydiyyatdan keçmiş Qırğızıstan kapitallı 74 müəssisədən 23-ü fəaliyyət göstərir.