Bu ilin yanvar–iyun aylarında dövlət satınalmalarında qənaət olunan dövlət büdcə vəsaitlərinin məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,4 faiz artaraq 237,6 milyon manat təşkil edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, 2023-cü il ərzində bu göstərici 742,5 milyon manat olub.
Cari il ərzində ən çox qənaət edilən dövlət büdcə vəsaitlərinin məbləği 9,1 milyon manat iyun ayına təsadüf edib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 39,8 faiz çoxdur.
“Dövlət Xidməti satınalmaların planlaşdırılması, təchizatçıların uyğunluq göstəriciləri və təkliflərin qiymətləndirilməsində şəffaflıq və qərəzsizlik prinsiplərinə əməl olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir”, – deyə M.Abbasbəyli bildirib.
Onun sözlərinə görə, dövlət satınalmalarının təşkili zamanı dövlət vəsaitlərindən səmərəli istifadə ilə izafi xərclərə yol verilməməsi və maliyyə intizamının gücləndirilməsinə nail olunur.
XQ