Ekoloji tarazlığın təbii, sosial və idarəetmə prinsiplərinin vəhdəti

post-img

Hazırda ölkəmiz dünyada ətraf mühitin sağlamlaşdırılması strategiyasını uğurla gerçəkləşdirən, mühüm ekoloji qərarlarla konkret nəticələr əldə edən bir dövlət kimi tanınır və 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması istiqamətində davamlı addımlar atır. 

Bu göstəricilərin reallaşdırılmasında əsas məqsəd sənayenin inkişafı fonun­da yaranan kimyəvi çirklənmənin insan sağlamlığına və ətraf mühitin korlanma­sına səbəb olan ciddi risklərin qarşısını almaqdır. İqlim dəyişikliyinə gətirib çıxa­ran və genişmiqyaslı səmərəli mübarizə tədbirlərinin gerçəkləşdirilməsi zərurəti yaradan ətraf mühitin çirklənməsi təbii ki, beynəlxalq aləmdə əhalinin sağlamlığı­nı ciddi təhlükələrlə üz-üzə qoyur. Buna görə hazırda bütün dünyada, eləcə də ölkəmizdə sözügedən problemin həlli məqsədilə ətraf mühitin qorunması zama­nı sosial məsuliyyət və şəffaf idarəetmə diqqət mərkəzində saxlanılmaqla ətraf mühit, sosial və idarəetmə (ESG) prinsip­lərinə mühüm önəm verilir. 

Yeri gəlmişkən, bu məqamda ESG prinsiplərinin mahiyyətinə qısa nəzər salmağı zəruri hesab edirik. Bunun üçün, ilk növbədə, xatırladaq ki, ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqini gerçəkləşdirmək məqsədi daşıyan və beynəlxalq termino­logiyada ESG adlandırılan bu platforma, ümumilikdə, biznesin ətraf mühitə, eləcə də cəmiyyətə təsirinin şəffaf və etibarlı­lığını müəyyənləşdirən meyarlar, önəmli ideyalar məcmusudur. Başqa sözlə, ESG prinsiplərinin tətbiqi müəssisələrdə ətraf mühitin mühafizəsinə, biznesin rəqabət qabiliyyətinin artırılmasına, xarici inves­tisiyalarının qoyuluşuna və istehsal olu­nan məhsulun ixracına əhəmiyyətli təsir göstərir.

Ölkəmizdə ESG prinsiplərinin gerçək­ləşdirilməsi məqsədilə dövlət və özəl sek­torun səylərini birləşdirmək üçün 2022-ci il sentyabrın 30-da Azərbaycan Respubli­kasının Biznes Mühiti və Beynəlxalq Rey­tinqlər üzrə Komissiyasının “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekolo­ji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə altqrupu yaradılıb. Hə­min vaxtdan altqrupa rəhbərlik Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə həvalə edilib. 

Ötən müddət ərzində ESG prinsip­lərinin gerçəkləşdirilməsi məqsədilə ölkə­mizdə ortamüddətli dövr üçün Strateji Baxış sənədi formalaşdırılıb, eyni zaman­da, “Ekoloji, sosial və korporativ idarəet­mə prinsiplərinin tətbiqinin stimullaşdırıl­ması və təşviqi üzrə 2023 və 2024-cü illər üçün müvafiq yol xəritələri təsdiq edilib. 2023-cü il üçün Yol xəritəsinin icrası çər­çivəsində ESG sahəsində ölkədə mövcud vəziyyətin təhlili aparılıb, sorğu həyata keçirilib və beynəlxalq təcrübə öyrənilib. Bununla yanaşı, ESG-nin ayrı-ayrı ele­mentləri ilə əlaqəli olan normativ-hüquqi çərçivələr, mövcud olan və yeni tətbiq edilən norma və qaydalar nəzərdən ke­çirilib.

Bütün bu məsələlər barədə iyulun 3-də Bakıda keçirilən “Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” möv­zusunda keçirilən Ətraf Mühit, Sosial və İdarəetmə Sammitində ətraflı danışılıb. İqtisadiyyat nazirinin müavini Sahib Məm­mədov sammitdə ESG prinsiplərinin Da­yanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində fəaliyyətin və tərəqqinin sürətləndirilməsi üçün platforma rolunu oynadığını, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə əhəmiy­yətli təsir göstərdiyini vurğulayıb. Nazir müavini, həmçinin qeyd edib ki, Azərbay­can Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı üzərinə öhdəlik götürdüyünü, inklüzivlik, səmərəlilik və dayanıqlılığı təşviq etdiyini, hesabatlılıq və şəffaflığı diqqətdə saxla­dığını xatırladıb, eyni zamanda, respub­likamızın Dayanıqlı İnkişaf Məqsədləri üzrə 7 Milli Hesabatı təqdim edən ölkələr sırasında qərarlaşdığını xatırladıb. 

İqtisadiyyat nazirinin müavini çıxışın­da daha sonra qeyd edib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə sadiq qa­laraq ekoloji, sosial və korporativ idarəet­mənin inkişafında dövlət-özəl tərəfdaş­lığın həlledici rol oynadığını qəbul edir. Respublikamız sektorlar arasında möh­kəm əməkdaşlığı gerçəkləşdirmək üçün 2022-ci ilin dekabrında dövlət-özəl tərəf­daşlıq haqqında qanunu qəbul etməklə hazırda böyük dəyişiklik yolu ilə uğurla irəliləyir. Ölkəmiz bu prinsiplərə uyğun olaraq, şəffaflığı, səmərəliliyi və ədalətli­liyi təmin etməklə yanaşı, investisiyaların və iqtisadi artımın stimullaşdırılması ha­zırlanan aydın stimullar və təminatlar he­sabına gerçəkləşdirir. Həmçinin qanunun aliliyini, azad rəqabəti qorumaqla, tərəf­daşlıqda iqtisadi, etik və sosial məsuliyyət kimi prinsipləri diqqətdə saxlamaqla bu sahədə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirir. 

S.Məmmədov qeyd edib ki, ətraf mü­hit qlobal təchizat zəncirinin ayrılmaz his­səsidir, çünki dünya üzrə ümumi ÜDM-in yarıdan çoxu, xüsusilə tikinti, kənd təsər­rüfatı və meşə təsərrüfatı kimi sahələrdə təbiətdən asılıdır: “Qeyd etmək istərdim ki, Azərbaycan dairəvi iqtisadiyyata ke­çiddən tutmuş “təmiz texnologiyalar”ın tətbiqinə və bərpaolunan enerji mənbələ­rindən istifadənin genişləndirilməsinə qə­dər müxtəlif təşəbbüsləri dəstəkləyir”.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda Ətraf Mühit, Sosial və İdarəetmə çərçivələrinin ümumiləşdiril­məsi davamlı və məsuliyyətli biznes təc­rübələrinin ölkənin korporativ və maliyyə sistemlərinə inteqrasiyasını nəzərdə tu­tur. “Biz nəqliyyat, səhiyyə, yaşıl texno­logiyalar və təcrübələrin inteqrasiyasına qədər müxtəlif sektorlar üzrə yeni imkan­ları fəal şəkildə araşdırırıq. Məqsədimiz cəmiyyətimizin üzləşdiyi kritik problemləri həll etmək və vətəndaşlarımızın rifahına mənalı töhfə verməkdir”, – deyə nazir müavini bildirib.

Kiçik və Orta Biznesin İnkişafı Agent­liyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə hazırda Azərbay­canda ESG prinsiplərinin tətbiq səviyyə­sinin 3,5 faiz olduğunu, keçən il aparılan sorğuya əsasən, ESG prinsipləri barədə ölkədəki məlumatlılıq səviyyəsinin 7 faiz, tətbiq səviyyəsinin isə 3,5 faiz təşkil etdi­yini vurğulayıb. 

O.Məmmədov daha sonra qeyd edib ki, ESG prinsiplərini həyata keçirməklə biznesin davamlı inkişafına nail olmaq, risklərə qarşı dayanıqlılığı artırmaq, bey­nəlxalq maliyyə resurslarına və bazarlara çıxışı genişləndirmək və ümumi biznes idarəçiliyini optimallaşdırmaq mümkün­dür. 

“Bu gün KOBİA bütün maraqlı tərəf­lər, o cümlədən bizneslər arasında ESG prinsiplərini diqqətdə saxlamağa mühüm önəm verir. ESG bütün müvafiq dövlət orqanlarının, biznes qurumlarının, bir­liklərin, akademik dairələrin və ictimaiy­yətin birgə səylərini tələb edən hərtərəfli məsələdir”, – deyə o, vurğulayıb.

İqtisadiyyat