Avropanın qaz təchizatında ölkəmizin payı artır

post-img

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına axan təbii qaz ölkəmizin enerji sahəsində strateji tərəfdaşı kimi mövqeyinin getdikcə möhkəmlənməsinə səbəb olur. Məlum olduğu kimi, 2 il əvvəl – 2022-ci ilin yayında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə rəsmi səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu ilə bu sahədə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. 

Artıq Azərbaycan strateji tərəfdaşı ol­duğu Avropa İttifaqı ilə bir çox sahələrdə fəal dialoq aparır. Neft, qaz və bərpao­lunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər sahələr isə tərəflər üçün getdikcə daha çox aktuallıq kəsb edir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev Anlaşma Memorandumunu gələ­cək üçün yol xəritəsi kimi dəyərləndirib. Təsadüfi deyil ki, dövlətimizin başçısı ölkəmizin “köhnə qitə”nin enerji təhlükə­sizliyinin təminatına mühüm töhfələr ver­diyini diqqətə çatdıraraq deyib: “Avropa Azərbaycanın bu sahədəki fəaliyyətini nəinki dəstəkləyir, hətta bir çox hallarda bizə müraciətlər də olmuşdur və bu mü­raciətlərə biz müsbət cavab vermişdik. Avropa Komissiyası qeyd etdiyimiz kimi, Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. Avropa İttifaqının Enerji Komissiyası isə Azərbaycanı Panavropa qaz təchizatçısı adlandırmışdır və onlar tam haqlıdır”. 

Bu arada, Avropa Komissiyası 2023-cü ilin son rübü ilə bağlı dərc etdiyi hesa­batını açıqlayıb. Sənədə əsasən, ötən il Azərbaycandan Avropa İttifaqına (Aİ) 11 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Bununla da, Azərbaycanın Aİ-nin təbii qaz idxalındakı payı 2021-ci ildəki 3 faizdən (8 milyard kubmetr) 7 faizə yüksə­lib. Qeyd edək ki, 2023-cü ildə Aİ-nin təbii qaz idxalı 290 milyard kubmetr, istehlakı isə 330 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki illə müqayisədə müvafiq ola­raq 13,4 faiz və 7,3 faiz azalıb. Bununla yanaşı, Avropa İttifaqı 2023-cü ildə əsas qaz təchizatçısı olan Rusiyadan idxalı 3,5 dəfə azaldaraq 150 milyard kubmetrdən 43 milyard kubmetrə endirib. Buna isə Rusiya–Ukrayna müharibəsi ilə əlaqə­dar tətbiq edilən sanksiyalar və mövsümi temperaturun normadan çox olması sə­bəb olub.

Bununla yanaşı, ötən il Avropa İttifaqı­nın qaz hasilatı əvvəlki illə müqayisədə 19,1 faiz azalaraq 38 milyard kubmetrə enib. Bu da ümumi istehlakda payının 11 faizi deməkdir. Müqayisə üçün bildirək ki, il ərzində Avropa İttifaqında ən böyük təbii qaz istehsalçıları Niderland (12 mil­yard kubmetr) və Rumıniya (9,3 milyard kubmetr) olub. Anbarların təbii qaz ehti­yatlarına gəldikdə isə, bunu Avropa üçün qənaətbəxş hesab etmək olar. Belə ki, ötən il Aİ-də anbarların doluluğu əvvəlki illə müqayisədə 18 faiz bəndi artaraq 79 faizə çatıb. Xatırladaq ki, 2021-ci ildə bu göstərici 49 faiz təşkil edib.

Yeri gəlmişkən, Azərbaycanın Avro­pada ən böyük ticarət və enerji tərəfdaşı olan İtaliya “Şahdəniz” qazının əsas alı­cısıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, indiyə kimi Avropaya ixrac edilmiş 37,9 milyard kubmetr Azərbaycan qazının 30 milyard kubmetrdən çoxu məhz bu ölkə­nin payına düşür. Bu il isə Azərbaycandan İtaliyaya 9,6 milyard kubmetr qaz tədarü­kü proqnozlaşdırılır.

Elə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun İtaliyaya səfəri çərçi­vəsində iyulun 2-də Milan şəhərində bu ölkənin ətraf mühit və enerji təhlükəsizli­yi naziri Cilberto Piketto Fratini ilə görü­şündə də enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektiv imkanlar barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin enerji sahəsində və Azərbaycanın BMT-nin İqlim Dəyişmələ­ri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), İtaliyanın G7-yə sədrliyi çərçivəsində əməkdaşlığın geniş spektri müzakirə edi­lib. Azərbaycanla İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından və əmək­daşlıq əlaqələrinin inkişafından məmnun­luq ifadə edilib.

Görüş zamanı, Azərbaycan Prezi­denti İlham Əliyevin İtaliya ilə münasi­bətlərin hərtərəfli inkişafına önəm ver­diyi vurğulanıb. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olması, bu ölkənin “mavi yanacaq”la təchizatında Azərbay­canın ilk üçlükdə qərarlaşması müsbət məqamlar kimi qeyd edilib. Bununla ya­naşı, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) 2026-cı ildən ötürücülük gücünün 1,2 milyard kubmetr genişlənməsinin isə enerji təhlükəsizliyi və dekarbonizasiya məsələlərində əməkdaşlığımızı güclən­dirəcəyi diqqətə çatdırılıb. 

Azərbaycan qazının Avropaya uzanan yolu isə 2018-ci ilin iyun ayında Trans-A­nadolu Qaz Boru Kəmərinin (TANAP) birinci hissəsinin istifadəyə verilməsi ilə başlanıb. Düz 6 ildir ki, “Şahdəniz-2” la­yihəsi çərçivəsində hasil edilən “mavi yanacaq” bu kəmər vasitəsilə Türkiyə­nin qərb sərhədinə, oradan isə Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri ilə sabit və davamlı şəkildə Avropa bazarına çat­dırılır. 

Hazırda isə Azərbaycan Türkiyəyə ən çox təbii qaz ixrac edən ölkələr sırasın­da birinci yerdə qərarlaşıb. Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin dərc etdiyi məlumatlarda bildirilir ki, 2024-cü ilin aprel ayında Azərbaycan qardaş ölkəyə təbii qaz ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 12,02 faiz artırıb. Məlumata görə, ixrac 2023-cü ilin aprel ayındakı 893,36 milyon kubmetrlə müqa­yisədə 1,001 milyard kubmetrə çatıb. 

Yeri gəlmişkən, TANAP Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni səhifə açıb. Cənub Qaz Dəhlizinin ən uzun hissəsi olan bu boru kəməri Azərbaycanın Türkiyə, Gürcüstan və bir sıra Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, dünya­da qaz ixracı marşrutlarının şaxələndiril­məsinə, qaz bazarlarına daha çox “maye yanacağ”ın çıxarılmasına və üçüncü mi­nillikdə dünyada enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir. Sözügedən layihə, həmçinin Trans-Xəzər qaz kəməri­nin gerçəkləşməsi üçün də yeni imkanlar yaradır. Belə ki, gələcəkdə Qazaxıstan və Türkmənistanın bu layihəyə qoşulması ilə Azərbaycan, həm də qaz nəqlində transit ölkəyə çevrilmək imkanı əldə edəcək.

İqtisadiyyat