“Şahdəniz Alfa”ya “Elios 3” dronla nəzarət edir

post-img

BP şirkəti Xəzər dənizindəki obyektlərində iri çənlərə texniki baxış keçirmək üçün qabaqcıl dron texnologiyasının tətbiqinə başlayıb. Şirkət ilk dəfə olaraq “Şahdəniz Alfa” platformasında boş çənlərə texniki baxış keçirmək məqsədilə “Elios 3” dronlarından istifadə edib. Bu, BP-nin regiondakı əməliyyatlarının təhlükəsizliyi və səmərəliliyinin artırılması üçün tətbiq olunan texnoloji ilklərdən biridir. 

Şirkətdən verilən məlumata görə, sözügedən yeniliyin sürət və etibarlılıq kimi bir sıra əlavə üstünlükləri  var. Belə ki, onun sayəsində bu əməliyyata insan müdaxiləsinə ehtiyac qalmır, iş sürətlə və çevik yerinə yetirilir. Əlavə olaraq, bu innovativ texnologiyanın tətbiqi ardıcıl və daha dəqiq texniki baxış məlumatlarının əldə olunmasını təmin etməklə əməliyyat qərarlarının qəbuluna kömək edəcək. “Elios 3” dronları ilə çənlərə texniki baxış keçirmək ənənəvi olaraq bu işə sərf olunan vaxtın çox cüzi bir hissəsinə başa gəlir. Başqa sözlə, insan əməyi ilə dörd həftəyədək vaxt aparan texniki yoxlamanı dronlar faktiki olaraq cəmi 45 dəqiqəyə yerinə yetirir və bu isə əməliyyatlarda maksimum fasiləsizliyə şərait yaradır. 

BP şirkəti gələcəkdə Xəzər regionunda həyata keçirdiyi əməliyyatlarında “Elios 3” dronlarından daha geniş miqyasda, münasib və tələblərə uyğun şəkildə qeyri-karbohidrogen maye üçün tutumların və çənlərin vizual texniki baxışı üçün də istifadə etməyi planlaşdırır.

BP-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov deyib: “Bu texnologiya əsas prioritetimiz olan əməyin təhlükəsizliyinin təmin olunmasında ciddi transformativ irəliləyişdir. Daha geniş mənada, dəniz əməliyyatlarında dronlardan istifadə texniki təhlükəsizlik və əməliyyatların mükəmməlliyi baxımından sənayemizdə yeni standart müəyyən edir”.

Qeyd edək ki, BP-nin regional əməliyyatlarında çənlərin yoxlanılması və təmizlənməsi üçün texnologiyadan istifadə etdiyi ilk hal deyil. Belə ki, şirkət 2019-cu ildə Səngəçal terminalında xam neft saxlama çənlərinə texniki baxış keçirmək üçün ilk dəfə olaraq sürünən robotlardan istifadəyə başlayıb. Həmin vaxtdan bu innovasiyanın tətbiqi irihəcmli xam neft çənlərinin təmizlənməsində insan əməyini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, profilaktik işlərin fasiləsiz aparılmasını və nəticədə, xərclərə xeyli qənaət olunmasını təmin edib.

İqtisadiyyat