Azərbaycan dayanıqlı inkişaf mövqeyini möhkəmləndirir

post-img

Bu ilin 5 ayında ölkədə 48 milyard manatlıq ÜDM istehsal olunub

Bu ilin ilk 5 ayı ərzində həyata keçirilən uzaqgörən siyasət, aparılan mütərəqqi islahatlar nəticəsində  uğurlu nəticələr, yüksək inkişaf göstəriciləri əldə edilib. Bununla da sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı tərəqqi üçün etibarlı zəmin yaradılıb. 

Belə bir vəziyyət onu göstərir ki, dünyada yaşanan siyasi-iqtisadi böhran şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasətii  Azərbaycanı xarici iqtisadi təsirlərdən qoruyub, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramların tam icrasını, iqtisadiyyatın artmasını şərtləndirib. Bütün bunlara nail olunmasında isə təbii ki, iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.

Beləliklə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-may aylarında ölkədə 48 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 7,3 faiz yüksəlib, neft-qaz sektorunda isə eyni səviyyədə qalıb. 

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,7 faiz, bitkiçilik məhsulları istehsalı 7,4 faiz artıb. Ötən 5 ayda diri çəkidə 231 min ton ət, 915 min ton süd, 983 milyon ədəd yumurta, 11,4 min ton yun istehsal olunub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 7,1 faiz çoxalıb. 

Komitənin məlumatına görə, iyun ayının 1-nə kimi tarlalardan 89 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çox taxıl, 429,4 min ton (11,5 faiz çox) tərəvəz, 33,6 min ton (14,2 faiz çox) meyvə və giləmeyvə yığılıb.

Hesabat dövründə respublikada əsas kapitala 6 milyard 641 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 9,2 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,1 faiz çoxalıb.

Qeyd edək ki, bu nəticələrə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib. 

Ölkədə daxili investisiya qoyuluşu ilə bağlı yüksək göstəricinin əldə edilməsi demək olar ki, innovativ yanaşmaların tətbiqi ilə investisiya cəlbediciliyinin artırılmasının diqqətdə saxlanılmasından irəli gəlir. Bununla bərabər, ölkədə davamlı makroiqtisadi və maliyyə sabitliyi də investisiya fəallığını sürətləndirir. Sağlam və şəffaf biznes mühitinin yaradılması isə respublikaya yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırır. Bu strateji istiqamətin önəmi  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və bir sıra dövlət proqramlarında vurğulanır, biznesin fəaliyyətinin beynəlxalq normalar əsasında formalaşması, həmçinin özəl sektorun inkişaf tempinin yüksəldilməsi məqsədilə yeni stimulların tətbiqi, iqtisadi islahatların davam etdirilməsinin zəruriliyi göstərilir.  

İlin ilk 5 ayında iqtisadiyyatın digər sahələrində də müsbət göstəricilər əldə edilib. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 5 ayda 94  milyon ton yük və 803 milyon sərnişin daşınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,4 faiz, sərnişin daşınması isə 8,1 faiz artıb. 

Belə müsbət göstəricilərin əldə edilməsi təsadüfi deyil. Çünki son illər ərzində ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.

2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz çoxalıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Dövlət Gömrük Komitəsinin müvafiq statistikasına əsasən, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 18 milyard 440 milyon dollar təşkil edib. Bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz azdır.  Xarici ticarət dövriyyəsindəki azalma tamamilə ixracdakı azalmadan qaynaqlanır. Belə ki, 5 ayda Azərbaycanın ixracı 11 milyard 139   milyon ABŞ dolları təşkil edib ki, bu da illik ifadədə 31 faiz azalma deməkdir. İdxal isə əksinə, 6,7 faiz artaraq 7 milyard 302   milyona ABŞ dollarına çatıb. Nəticədə ölkənin xarici ticarət dövriyyəsindəki müsbət saldo 3 milyard 839 milyon dollara düşüb ki, bu da 2023-ci ilin 5 ayına nəzərən 2,4 dəfə azdır.

Qeyri-neft ixracında artımla qeydə alınan məhsullar sırasında pambıq lifi xüsusi yer tutur. Ötənilki 50,4 milyon dollara qarşı bu il ixrac 100,2 milyon dollara çatıb. Bundan əlavə, alma, xurma ixracında da artım var.

İxracında ciddi artım olan digər qeyri-neft məhsulu pomidordur. 2024-cü ilin yanvar-may aylarında Azərbaycandan 108 milyon 587 min dollar dəyərində 86 min 67 ton pomidor ixrac olunub. Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17 milyon 115 min dollar və ya  19 faiz, miqdar ifadəsilə 7 min 991 ton və ya 10 faiz artıb. Yeri gəlmişkən, keçən ilin ilk 5 ayında isə Azərbaycandan 91 milyon 472 min dollar dəyərində 78 min 76 ton pomidor ixrac olunmuşdu. Bu məhsulun ixracdakı artımının əsas səbəbi əsas ixrac bazarı olan Rusiyada iyunun sonunadək bir sıra pomidor növlərinin idxalının rüsumlardan azad olunmasıdır. Azərbaycanın Rusiyaya ixrac etdiyi pomidor bu güzəştə düşən növlərdir.

İqtisadiyyat