Neft Fondu – 57 milyard dollar!

post-img

Bu il mart ayının 31-nə Dövlət Neft Fondunun (DNF) vəsaitləri 2024-cü ilin əvvəlinə (56 milyard 70 milyon ABŞ dolları) nisbətən 2,3 faiz artaraq 57 milyard 373 milyon ABŞ dolları təşkil edib.

DNF-nin bu barədə məlumatında daha sonra bildirilir ki, cari ilin yanvar–mart ayları ərzində qurumun büdcə gə­lirləri 5 milyard 268 milyon manat, büdcə xərcləri isə 3 milyard 205 milyon manat təşkil edib. 

Bu ilin ilk rübü ərzində DNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 421 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 milyard 646 milyon manat, bonus ödənişləri 776 milyon ma­nat, tranzit gəlirləri 0,3 min manat olub. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlir isə 1milyard 847 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində DNF-in 2024-cü il büdcəsinin icrası çərçivəsində 3 milyard 195 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. 2024-cü ilin yanvar–mart aylarında “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabət­liliyinin artırılması üzrə Dövlət Proqramı”­nın maliyyələşməsinə 1 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təh­sil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqra­mı”nın maliyyələşməsinə isə 3,2 milyon manat yönəldilib. Sözügedən dövrdə DNF-in idarə edilməsi ilə bağlı xərcləri 5,9 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsin­dən yaranan fərq ilə bağlı DNF-in büdcə­dənkənar gəliri hesabat dövrü üzrə 151,7 milyon manat olub.

XQ

İqtisadiyyat