“Yaşıl gübrə” Azərbaycana yaşıllıq və bolluq gətirəcək

post-img

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ölkəmizdə və xaricdə “yaşıl enerji”, dekarbonizasiya və aşağı karbonlu layihələrin həyata keçirilməsində yaxından iştirak etməyi hədəfləyir. Dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasına mühüm töhfələr verməyə çalışan şirkət bərpaolunan enerji layihələrinin effektiv idarə edilməsi, eləcə də neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərmək kimi strateji planları da artıq öz fəaliyyət sferasına daxil edib. SOCAR artıq bir sıra beynəlxalq şirkətlərlə bu istiqamətdə əməkdaşlığa başlayıb. 

Bugünlərdə SOCAR ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında yaşıl gübrələrlə bağlı əməkdaşlıq sazişinin imzalanması da bunun bariz nümunəsidir. Sənədi SO­CAR-ın vitse-prezident Anar Məmmədov və “ACWA Power” şirkətinin hidrogen üzrə qlobal rəhbəri və vitse-prezidenti Driss Berraho imzalayıblar. İmzalanma mərasimində Azərbaycanda dənizdə və quruda külək, günəş və “yaşıl” hidrogen kimi bərpaolunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair əməkdaşlıq haqqında sazişin imzalandığı məmnunluqla qeyd olunub. Yeni imzalanan sənədin “Aşağı karbonlu Yaşıl Gübrə” layihəsi çərçivə­sində “yaşıl gübrə”lərin (əsasən karba­mid olaraq) potensial istehsalı və sonrakı satışı üzrə əməkdaşlığı nəzərdə tutdu­ğu vurğulanıb. Sazişə əsasən, “ACWA Power” şirkətinin “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsinin bərpaolunan enerji və “yaşıl” hidrogenin istehsalına aid olan hissələrində aparıcı rol oynayacağından əminlik ifadə olunub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ölkəmizin əsas “ya­şıl enerji” tərəfdaşlarından biridir. Şirkət hazırda 240 meqavat gücündə “Xızı–Ab­şeron” Külək Elektrik Stansiyasının tikin­tisini həyata keçirir. Xatırladaq ki, 2022-ci ilin yanvarın 13-də təməli qoyulan bu stan­siya ildə, təxminən, 1 milyard kilovat-saata qədər elektrik enerjisi istehsal edəcək. Bu da 300 min evin elektrik enerjisi ilə təmin edilməsinə imkan yaradacaq. Bununla ya­naşı, stansiyanın istismara daxil edilməsi ilə 220 milyon kubmetr təbii qaza qənaət ediləcək və 400 min ton karbon tullantı­larının qarşısı alınacaq. Bir məqamı da diqqətə çatdıraq ki, hazırda Azərbaycana yatırılan 300 milyon ABŞ dollarına yaxın sərmayə “ACWA Power” şirkətinin Səu­diyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. 

Yeri gəlmişkən, bu il martın əvvəl­lərində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclas­ları çərçivəsində “ACWA Power” şirkə­tinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyan ilə görüşən iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial şəbəkə hesabında etdiyi paylaşımda Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi və “yaşıl ener­ji”yə keçidin təmin edilməsi istiqamətində hədəflərin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin əhəmiyyətli rol oynadığını qeyd etmişdi. Həmin pay­laşımda nazir, həmçinin “ACWA Power” şirkətinin rəhbəri ilə görüşdə bərpaolu­nan enerji sahəsində birgə təşəbbüslər, Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziy­yəti, dəniz suyunun duzsuzlaşdırılması və digər layihələrdə potensial əməkdaş­lıq imkanları barədə fikir mübadiləsi apa­rıldığını diqqətə çatdırmışdı. 

SOCAR özünün “yaşıl” layihələrini ötən il təsis etdiyi törəmə şirkəti vasitəsilə həyata keçirəcək. Məlum olduğu kimi, 2023-cü ilin sonlarında SOCAR Müşahi­də Şurasının qərarı ilə şirkətin tabeliyin­də “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradlıb. Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dün­ya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Pre­zidentinin ötən il dekabrın 25-də imzala­dığı sərəncamdan irəli gələn tapşırıqlar çərçivəsində təsis olunan şirkətin əsas fəaliyyət istiqamətlərinə bərpaolunan enerji, “yaşıl” hidrogenin istehsalı, kar­bonun tutulması, utilizasiyası və saxla­nılması kimi layihələrin icrası, ölkə üzrə karbon emissiyasının azaldılması üçün strateji yol xəritələrinin hazırlanmasın­da müvafiq köməyin göstərilməsi kimi mühüm məsələlər daxildir. Eyni zaman­da yeni yaradılan şirkət qeyd olunan sahələrdə beynəlxalq təcrübələrin öyrə­nilməsini və ölkəmizdə tətbiqini həyata keçirəcək.

“SOCAR Green” MMC Birləşmiş ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə “Meqa” layihəsinin ilkin mərhələ­sində quruda 1 qiqavat gücündə külək və günəş enerjisi, Böyük Britaniya­nın enerji nəhəngi BP şirkəti ilə birgə “Şəfəq” layihəsi çərçivəsində Cəbrayıl rayonunda 240 meqavatlıq günəş ener­jisi layihələrini icra edəcək. Bununla ya­naşı, şirkət tərəfindən “ACWA Power”, “Masdar” və “Energy China” şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublika­sında günəş və külək enerjisi layihələ­rinin icrası nəzərdə tutulur. Adı çəkilən nüfuzlu şirkətlərlə əməkdaşlıq etməklə “SOCAR Green” MMC “yaşıl enerji”, dekarbonizasiya və aşağı karbonlu la­yihələrin Azərbaycanda və xaricdə hə­yata keçirilməsində, SOCAR üçün yeni biznes imkanlarının yaradılmasında, bu sahələrdə kadr bazasının formalaşdırıl­masında və mövcud potensialın güclən­dirilməsində, həmçinin “xalis sıfır” emis­siya hədəflərinə çatmaqda öz müsbət töhfəsini verəcək.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat