İnvestisiyaya “açıq qapı” genişlənir

post-img

Son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox xarici sərmayə yatırılıb

Son 20 ildən artıq bir müddətdə ölkə iqtisadiyyatının davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilib. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub. Bu tədbirlərin davamı olaraq iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib.

Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib. 

Dövlət–sahibkar münasibətlərinin inkişafından bəhs edərkən, bir məqamı da xatırlatmaq istərdik. Belə ki, son dövrlərdə ölkədə özəl sektorun genişlənməsi diqqətdə saxlanılıb. Bu məqsədlə yaradılan Sahibkarlığın İnkişafı Fondu tərəfindən təkcə ötən il 2726 layihənin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit verilib. Həmin kreditlər hesabına 3026 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Ölkədə daxili investisiya qoyuluşu ilə bağlı yüksək göstəricinin əldə edilməsi demək olar ki, innovativ yanaşmaların tətbiqi ilə investisiya cəlbediciliyinin artırılmasının diqqətdə saxlanılmasından irəli gəlir. Bununla bərabər, ölkədə davamlı makroiqtisadi və maliyyə sabitliyi də investisiya fəallığını sürətləndirir. Sağlam və şəffaf biznes mühitinin yaradılması isə respublikaya yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırır. Bu strateji istiqamətin önəmi  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və bir sıra dövlət proqramlarında vurğulanır, biznesin fəaliyyətinin beynəlxalq normalar əsasında formalaşması, həmçinin özəl sektorun inkişaf tempinin yüksəldilməsi məqsədilə yeni stimulların tətbiqi, iqtisadi islahatların davam etdirilməsinin zəruriliyi göstərilir.  

Xarici investisiyaya gəldikdə isə deyə bilərik ki, son bir neçə ildir ölkəmizdə milli iqtisadiyyatımızın investisiya cəlbediciliyi baxımından bir sıra uğurlu islahatlar həyata keçirilir. Dünyanın aparıcı təşkilatlarının hesabatlarında iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə lider ölkələr sırasına çıxdığı göstərilir. Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması, təbii ki, aparılan islahatlarla bağlıdır.  

Azərbaycanda investisiya cəlbediciliyinin güclənməsində 1995-ci il  yanvarın 13-də qəbul edilən “İnvestisiya fəaliyyəti haqqında” Qanun mühüm önəm daşıyır. Bu sənəd investisiyaların iqtisadiyyata cəlbini stimullaşdırmaqla bərabər, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. “Xarici investisiyaların qorunması haqqında” Qanun da sərmayədarların hüquq və mənafelərinin qorunmasını, yerli və xarici iş adamlarına bərabər əlverişli iş şəraitinin yaradılmasını şərtləndirir.   

Bu və digər tədbirlərin nəticəsində son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox xarici investisiya yatırılıb. Belə bir göstərici isə ölkəmizdə mövcud olan davamlı makroiqtisadi və maliyyə sabitliyi nəticəsində əldə edilən daxili və xarici investisiya fəallığı şərtləndirib. Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırıb. Azərbaycanın beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalaması da iqtisadiyyata yatırılan daxili və xarici investisiya  həcminin artırılmasını sürətləndirib. 

Azərbaycanda iqtisadi artımın getdikcə yüksəlməsi, qeyri-neft sektorunda nəzərə çarpan müsbət tendensiyalar, eləcə də biznesin davamlı olaraq şəffaflaşması da investisiya qoyuluşuna ciddi töhfə verir. Bu məsələdə həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin təmin edilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşması əsaslı rol oynayır. Yeri gəlmişkən, bu gün əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımlar da xüsusi diqqət çəkir. 

Hazırda respublikada  dövlət müəssisələrinə ayrılan sərmayələrin səmərəli istifadəsinə də nəzarət gücləndirilib. Belə ki, bu  müəssisələrin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək məqsədi ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. 

Bu, dövlət müəssisələrinin profisitinin artırılmasına, onların büdcədən asılılıqlarının azaldılmasına, azad bazar münasibətlərinin hərtərəfli inkişafına, özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafın sürətləndirilməsinə hesablanan mühüm bir qərardır. Başqa sözlə, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması respublikada yerli və xarici investisiyaların sağlam təməllər üzərində reallaşdırılmasına öz müsbət təsirini göstərir, ölkədə vahid idarəetmə modeli işə düşür və bununla da dövlət şirkətlərinin maliyyə durumlarının yaxşılaşdırılması istiqamətində yüksək göstəricilər əldə edilir.

Fikrət YUSİFOV, 
iqtisad elmləri doktoru, professor 

Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici bir ölkəyə çevrildiyini xarakterizə edə biləcək ən yaxşı göstəricilərdən biri və deyərdim ki, birincisi son 20 ildə Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcminə dair göstəricilərdir. 2024-cü ilin hesabatına görə, Azərbaycanın “Top-7”yə daxil olması da bunun bariz ifadəsidir.

Qeyd edim ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox xarici investisiya yatırılıb. Müqayisə üçün deyək ki, bu qədər xarici sərmayə Ermənistanın 62 illik dövlət büdcəsinə bərabər bir məbləğdir. Neftlə bağlı iqtisadiyyatı şaxələndirmək yolunu tutmuş Azərbaycan hökumətinin ən böyük uğurlarından biri də son 20 ildə ölkə iqtisadiyyatına cəlb edilmiş xarici investisiyaların 2/3 hissəsinın və ya 200 milyard dollar yaxın məbləğinin məhz iqtisadiyyatın real sektoruna yönəldilməsi oldu. 

Azərbaycan hökuməti yerli və xarici investisiyaların qorunmasını təmin edən hüquqi bazanın yaradılması ilə yanaşı, investisiyaların təşviqi istiqamətində də mühüm addımlar atır. Belə ki, bu gün müvafiq qaydada investisiya təşviqi sənədini əldə edən investorların aldıqları texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı 7 il müddətinə gömrük rüsumundan azaddırlar və eyni zamnda onların gəlirinin habelə əldə etdikləri mənfəətin 50 faizi də 7 il müddətinə vergidən azad olunur. İnvestisiya təşviqi sənədi almış investor, eyni zamanda, aldığı texnikanın, texnoloji avadanlıqların və qurğuların idxal əlavə dəyər vergisindən, əmlak vergisindən və torpaq vergisindən də 7 il müddətinə azad edilirlər. Təbii ki, bütün bunlar xarici investorlar üçün çox önəmlidir.

Hazırda Azərbaycan bölgədə “yaşıl enerji” istehsalının lokomotivinə çevrilməkdədir. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri tərəfindən reallaşdırılmış və yaxın zamanlarda reallaşdırılması nəzərdə tutulan “yaşıl enerji” layihələri, Avropa ölkələri ilə “yaşıl enerji” istehsalı və ixracı sahəsində əməkdaşlığa dair imzalanmış sənədlər  yaxın gələcəkdə Azərbaycanda alternativ enerji istehsalı layihələrinə milyardlarla dollar xarici sərmayənin cəlb edilməsinə imkan yaradacaq. İndi xarici investorlar ölkəmizin ərazisində məhz bu sahəyə  investisiyalar yatırtmaq üçün çoxsaylı müraciət edirlər.

Azərbaycan bu gün bütün dünyada sözü də imzası qədər etibarlı olan bir dövlət imicini formalaşdırıb. Biz hazırda nəinki xarici investisiyaların cəlb edilməsi üçün münbit ölkə imicini formalaşdırmışıq, bu gün həm də ehtiyacı olan ölkələrə yardım edən dövlət statusunu qazanmışıq. Prezident İlham Əliyevin sözləri ilə desək, biz heç kimdən xahiş etmirik ki,  iqtisadiyyatımıza investisiya yatırsınlar. Biz sadəcə ölkəmizdə bütün səviyyədən olan investorlar üçün bərabər investisiya mühiti yaradırıq. Bunu görüb dəyərləndirən investorlar isə Azərbaycana özləri gəlirlər. 

Azərbaycan dünya miqyasında investisiya üçün cəlbedici ölkə statusunu gündən-günə gücləndirir. Ölkədə yaradılmış siyasi və iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti xarici investorlara istənilən layihəni uğurla həyata keçirilməyə təminat verir. Bu isə istənilən investor üçün əsas şərtlərdir.

V.BAYRAMOV 
XQ

 



İqtisadiyyat